Ordunun peşəkarlığının artırılması daimi prosesdir

"Ehtiyatda olan hərbi vəzifəlilərin zaman-zaman təlim toplanışlarına cəlb edilməsi faydalıdır"


Ehtiyatda olan hərbçilər təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılıb. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Xidmətdən bildirilib ki, ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir. Hazırlıq planına əsasən, təlimlər oktyabrın 25-dən noyabrın 6-dək davam edəcək. Müdafiə Nazirliyindən isə bildirilib ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır: “Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirəcəklər. Bununla yanaşı ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olacaqlar. Onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər. 
Təlimlərlə bağlı “Şərq”ə danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, hərbi yoxlanış “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən həyata keçirilir. Ekspertə görə, sözügedən maddəyə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar: “Hesab edirəm ki, hərbi vəzifəlilərin bu cür təlim toplanışlarına cəlb edilməsi olduqca faydalı və vacib amillərdən biridir. Çünki bu cür təlimlər sadəcə ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamağa kömək etmir. Həm də bu cür təlim toplanışları nəticəsində ehtiyatda olan hərbi vəzifəlilər yeni nəsil döyüş texnikası, atıcı silahlar və digər hərbi yeniliklər haqqında məlumat alır, öz bacarıqlarını, biliklərini inkişaf etdirirlər. Bu baxımdan bu cür təlim toplanışlarının keçirilməsi təqdirəlayiqdir və ölkəmizin təhlükəsizlik maraqları baxımından önəmldiir. Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı zəfər əldə edərək öz ərazi bütövlüyünü təmin edib. Lakin Ermənistan bu gün də 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə tələsmir. Ara-sıra təxribat xarakterli addımlar atır. Belə olduğu təqdirdə ehtiyatda olan hərbi vəzifəlilərin də daim ayıq-sayıq olması, öz peşəkarlığını artırması vacibdir. Xatırladım ki, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Vətən müahribəsindən dərs almalı, xam xəyallara qapılmamalıdır. Bu baxımdan ordumuzun döyüş qabiliyyətinin müntəzəm şəkildə artırılması, onun peşəkarlığının yüksəldilməsi prosesi daimi bir prosesdir. Bu prosesin tərkib hissəsi kimi ehtiyatda olan hərbi vəzifəlilərin zaman-zaman təlim toplanışlarına cəlb edilməsi faydalıdır”.