Bakıda ictimai skuterlər istifadəyə veriləcək

Ekspertlər hesab edir ki, bununla da şəhərin tıxac problemini həll etmək mümkün olmayacaq

Natiq Cəfərli: "Tıxac probleminin həlli üçün şəhərin infrastrukturu köklü dəyişməlidir. Buna da külli miqdarda maliyyə tələb olunur"

Sosial şəbəkələrdə yayılan məlumata görə, yaxın zamanda Bakıda ictimai skuterlər istifadəyə veriləcək. Konkret dayanacaqlar olacaq. Vətəndaşlar skuter icarəyə götürüb bəlli ünvana gedə biləcəklər. Son dayanacaqda da skuteri yenə təyin olunmuş dayanacağa təhvil verib yollarına davam edəcəklər. Bu, paytaxtda nəqliyyatın sıxlığını azaltmaq və az da olsa ekoloji təmizliyi təmin etmək məqsədi daşıyır. Xəbər maraqlı görünür, lakin bir o qədər də müzakirələrə səbəb olub. 

Paylaşıma rəy bildirənlər bu məsələnin qaranlıq tərəflərinə aydınlıq gətirilmədiyini yazır. Məsələn, hazırda parklarda ictimai istifadədə olan skuter sürməyin dəqiqəsi 20 qəpikdir. Yarım saatlıq yol getmək üçün vətəndaş gərək 6 manat ödəniş etsin. 

Təbii, əgər indiki qiymət mövcud olacaqsa. Bəlkə daha baha və ya daha ucuz olacaq, hələ bilinmir. Vətəndaşlar bu fikirdədir ki, ekologiyanın qorunması üçün tətbiq edilən üsul ucuz olmalıdır . Skuterlər elektrik enerjisiylə hərəkətə gətirilirsə, ödənişi 95 marka yanacaq qiymətinə çatdırmaq nəyə lazımdır? Skuterlə avtomobil yollarında hərəkət etmək üçün sürücülük vəsiqəsi tələb edilib-edilməyəcəyi məsələsi, həmçinin skuterlə törədilən qəzanın yol-nəqliyyat qəzası kateqoriyasına aid olub-olmayacağı, qəzalara görə hansı növ cəzaların tətbiq ediləcəyi də açıq qalır. Bir nəfər yazır: “o gün bulvarda bir skuter piyadanı yaraladı. Oğlanın biri isə ön təkərləri qaldırıb sürürdü. Görməmiş kimi! Xarab edəcəklər, atılıb qalacaq bir kənarda”. Digəri isə qeyd edir: “Heç zad. Potensial cinayətkar kimi bütün maşın sürənlərə yazığım gəlir. Bakı Hindistana dönüb. Əksəriyyət skuter sürənlər, motosiklet sürənlər yolda çox təhlükəli manevrlər edirlər. Maşın sürənlər təsdiqləyər. Ehtiyatlı olun, şəhərdə nə maşın sürmək olur, nə də skuter. Çünki heç birinin düz-əməlli yolu yoxdu, sürücülük mədəniyyəti aşağı səviyyədədi. İlk öncə bunlar düzəlməlidir”.  Rəylərdə paytaxtda velosiped və skuterlər üçün ayrıca zolaqların yoxluğunun bu ideyanın beşikdəcə boğulacağına səbəb olacağını yazanlar, Bakının relyefinin skuterlər üçün əlverişsiz olduğunu, dik yamaclarda enerji qıtlığı yaşanacağını qeyd edirlər. Əksər rəylər isə tıxacların qismən də olsa aradan qaldırılması üçün tramvayların qaytarılması yönündədir. Həmçinin, “28 May” metrostansiyasından ”Günəşli”, “Əhmədli” istiqamətində su nəqliyyatının olmasının vacibliyini vurğulayır.

İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında ictimai skuter təcrübəsinin bir çox Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə, qonşu Gürcüstanda artıq çoxdan tətbiq edildiyini bildirdi:

- Hər bir ölkə təkcə tıxac problemini deyil, vətəndaşların mümkün qədər rahat hərəkətini təmin etmək üçün müxtəlif vasitələri tətbiq edir. Skuter də bunlardan biridir. Bir çox ölkələrdə bu məsələyə bələdiyyələr nəzarət edir. İctimai skuterlərin nəqliyyatın bir növü kimi tətbiq edildiyi ölkələrdə bununla bağlı qanunvericiliyə müvafiq düzəlişlər də edilir. Skuter nəqliyyat vasitəsi hesab olunursa, törədilən qəza, piyadanın vurulması, xəsarət alması ilə nəticələnəcək hallar da yol-nəqliyyat hadisəsi hesab edilir və buna görə sürücü qanunvericilik qarşısında eyni məsuliyyət daşıyır.  Bizdə də ictimai skuter xidməti tətbiq olunacaqsa, qanunvericiliyə mütləq dəyişiklik edilməldiir. Başqa məsələ sığortadır. Sığorta mexanizmi yaradılmalı və ziyan çəkən avtomobillərin sığortalanması təmin edilməlidir. Bunun üçün də qanunvericiliyə dəyişiklik edilməlidir. Həmçinin insanlara dəyəcək fiziki xəsarətə görə də. Rəy bildirənlər Bakının relyefini xatırlatmaqda tamamilə haqlıdırlar. Paytaxtın relyefi enişli-yoxuşludur. Yoxuşlarda əlbəttə ki, daha artıq enerji sərf olunacaq. Bunu necə hasablayacaqlar? Fərqli ödəniş haqları tətbiq ediləcəkmi? Bilirsiz, hər hansı üsulu, yeniliyi təbiq etməzdən öncə onun hansı effekti verəcəyi, eləcə də, bütün detallar yüz olçülüb-bir biçilməlidir. Paytaxta nəinki skuter, velosipedlər üçün də xüsusi  zolaqlar yoxdur. Bəlkə mərkəzi hissələrdə mümkün olar, amma bütün şəhərdə tətbiq etmək qeyri-mümkün olacaq. Ödəniş məbləği narazılıq yarada bilər. İnsanlar ilk aylarda bəlkə maraq göstərdi, amma sonra görəndə ki, uzaq məsafələr üçün o qədər də rahat olmayan skuter, təsəvvür edirsiniz, mərkəzdən “Əhmədli”yə gedən adam ayaqüstə 10-15 kilometr yol qət etməlidir – imtina edəcək. Məncə, skuter daha çox əyləncə xarakterlidir. Kimsə mənzil başına tez çatmaq istəyirsə, skuterlə hərəkət edə bilər. Amma yenə də yaxın məsafələr arası. Deyək ki, şəhərin bir mərkəzi hissəsindən digərinə təcili  getmək istədikdə. Uzaq məsafələr üçün skuterlərin faydalı ola biləcəyini düşünmürəm. Bunun üçün müəyyən məsafələr arasında xüsusi dayanacaqlar, enerji təminatı stansiyaları olmalıdır. Yəni bu, uzun söhbətdir. 
M.Cəfərli qeyd etdi ki, skuterlərin istifadəyə verilməsiylə paytaxtın tıxac probleminin aradan qalxacağını düşünmək absurddur:
- Tıxac probleminin həlli üçün şəhərin infrastrukturu köklü dəyişməlidir. Buna da külli miqdarda maliyyə tələb olunur. İllərdir deyilir ki, bir sıra idarə və müəssisələr, nazirliklər, ali məktəblər mərkəzdən kənarlara köçürülməlidir. Amma hələ də heç bir müsbət yenilik, dəyişiklik baş verməyib. İşğaldan azad edilmiş ərazilərdə hazırda geniş iqtisadi imkanlar yaranır. Sahibkarlar, müəssisələr, eləcə də dövlət strukturları uyğun bir şəkildə regionlara transfer edə bilər. Şəhərdə sıxlıq azalmalı, Bakı boşalmalıdır ki, tıxaclar da azalsın.  Avtomobil yollarının sağı-solu tikililərlə, marketlərlə, alış-veriş mərkəzləri ilə doludur. 3 zolaqlı yollar 2, 2 zolaqlılar 1-ə “düşüb”. Əlbəttə, sıxlıq olacaq. Hələ də taksilər avtobus dayanacaqlarını, səki kənarlarını zəbt etməkdədir. Belə vəziyyətdə əlbəttə tıxac olacaq. Tıxac problemi tək skuterlə həll olunacaq məsələ deyil. 
Məlahət Rzayeva  
P.S. Qeyd edək ki, qardaş Türkiyədə elektrik skuterlərə tələbat hər keçən gün artdığından hökumət "Avtomobil yolları haqqında" qanuna (Karayolları Trafik Kanunu) dəyişiklik etmək məcburiyyətində qalıb. Skuterlə səkilərdə hərəkət etmək qadağandır və buna görə cərimə tətbiq edilir. Skuterlə səkiyə çıxanlar polis tərəfindən saxlanılır.