Şəkərləmə, yoxsa şəkərlənmə? 

Mütəxəssislər birincini xeyli faydalı, ikincini isə xeyli ziyanlı hesab edir

Gün ərzində bəzən adamı yuxu basır. Daha çox da yeməkdən sonra. Bir tərəfdə “qıvrılıb” yatmaq istəyirsən. Və bu yatmaq da bütün digər yatış saatlarından şirin olur. Oyananda “əcəb şirin yatmışdım”, deyib keflə gərnəşir də adam. Ya da gözündən yuxu “axan” birisi, “sən Allah, mənə dəyməyin, gözümün “çimirini alım”, söyləyib “ayaqüstü” yatmağa can atır. Gün ərzində qısa müddətli yatmağa tibbi dildə “şəkərləmə” deyilir. Amma bir var, “şəkərləmə”, bir də var “şəkərlənmə”.  

Mütəxəssislər birincini xeyli faydalı, ikincini isə xeyli ziyanlı hesab edir. Nədir şəkərləmə ilə, şəkərlənmənin fərqi. Ankara Universitetinin daxili xəstəliklər, endokrinologia və metabolizma üzrə klinik professoru Osman Müftüoğlunun “Hürriyet.com”da yer alan tövsiyələrinə baxaq. 

Professor bildirir ki, gündüz saatlarında qısa müddətli yatmaq - “yuxu fasiləsi” sağlamlıq üçün zənn etdiyimizdən də çox faydalıdır.  Əlbəttə ki, əgər doğru zaman və müddət seçilirsə. Hər gün davamlı olaraq gündüz saatlarında 20-30 dəqiqə yatmaq bəzi üstünlüklər əldə edir: bədən dincəlir, sərf olunmuş enerjini bərpa edir, yaddaşı gücləndirir, fiziki aktivliyi artırır, qayğı və stresi azaldır, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. “Şəkərləmə”  istirahət yuxusudur, nəticədə orqanizm qısa müddət ərzində özünü yeniləyir. Lakin əsas diqqət edilməli məqam şəkərləmənin zamanı və müddətidir. Çalışmaq lazımdır ki, şəkərləmə zamanı günorta 14:00-15:00 aralığında olsun. Və müddəti də 30 dəqiqəni keçməsin. Saat 16:00-dan sonra yatırsınızsa, bu artıq şəkərləmə deyil, tam əksi şəkərlənmədir ki, bunun da bir çox ziyanları vardır. 

O.Müfütüoğlu zərərli şəkərlənmənin ziyanlarını belə izah edir: 

- Şəkərlənməyə tibdə “qlükasiyon” da deyilir. Bu, sağlamlığınızı təhdid edir. Zamanında olmayan və müddəti daha çox uzadılan yuxu saatı gecə yuxusuzluğu və yuxu pozuntularına səbəb olur. Axşamüstü yatıb “yuxusunu alan” adamların gecə saatlarında yuxuya gedə bilmədiyinə çox şahid oluruq. Bunlar gecə yuxusunu oğurlayan şəkərlənmənin nəticəsidir və sağlamlığımızı təhdid edir. 

Yanlış zamanda yatılırsa, orqanizmdə nə baş verir? Qanda şəkərin səviyyəsi yüksəlir, bu da qandakı bir çox molekulu, yəni qanın hüceyrə quruluşunu pozaraq qatılaşdırıb saqqız halına gətirir. Damarlar sərtləşir, daralır, qısalır və tıxanır. 

Və ürək-damar və beyin xəstəlikləri dövrəyə daxil olur. Ürək çatışmazlığı, infarktlar, yaddaşın itkisi, iflicə səbəb olur. Şəkərləmə orqanizmi cavanlaşdırır, şəkərlənmə isə qocaldır. Şəkərlənmədən qaçmaq üçün şirniyyatları, şəkərli, nişastalı qidaları azaltmaq, hər gün davamlı olaraq fiziki hərəkətlər etmək, aktv həyat tərzi keçirmək, bel-qarın nahiyəsinin ölçüsünə diqqət etmək lazımdır. 

Qadınlarda ölçü 88, kişilərdə 95 santimetrdən artıq olmamalıdır. Həkim məsləhəti ilə anti-qlükasiyon həblər qəbul etmək də mümkündür. Həmçinin qanda şəkərin faizini daim nəzarət altında saxlamaq vacibdir.