Ağır cinayətlər və ağır nəticələr...

Ailə münaqişələrindən ən çox uşaqlar psixoloji travma alır

"Bəzən insan aldığı travma müqabilində yumşalır, mehribanlaşır, cəmiyyətə duyarlı olur, bəzən də əksinə, qəddarlaşır, aqressivləşir"

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

21-ci əsrin 20 ilini arxada qoysaq da, təəssüf ki, qadınlara qarşı zorakılıq, işgəncə, seksual istismar,  əməyin istismarı və faciəli qətl hadisələri yenə baş verir. Bu hadisələr arasında xüsusi qəddarlığı ilə seçilənlər də olur.  Bu ilin 30 iyul tarixində paytaxtın Binəqədi rayonu ərazsində 1975-ci il təvəllüdlü Nailə Əliyeva evə qayıdarkən küçədə həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirildi. Hadisənin faciəli tərəfi həm də budur ki, qətl hadisəsi azyaşlı övladının gözü qarşısında baş verib. 

Verilən məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı artıq tamamlanıb. Binəqədi rayon prokurorluğundan Trend-ə bildirilib ki, istintaqla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elçin Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürüb. Elçin Ələkbərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu, birinci, ya da yeganə hadisə deyil. Vaxtaşırı oxşar cinayətlərin törədilməsi haqqında hüquq-mühafizə orqanlarının rəsmi açıqlamaları olur.

 Bir müddət əvvəl Bərdə rayonunun Muğanlı kənd sakini Tural Mustafayev həyat yoldaşı, 24 yaşlı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirmişdi. Bu müdhiş hadisə rayonun mərkəzi parkında baş vermişdi. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilirdi. Məlumata görə, qətlə yetirilən qadının iki azyaşlı övladı olub. Cinayət hadisəsi də parkda uşaqların gözü qarşısında baş verib. Həmin zaman T.Mustafayevanın qardaşı da orada olub. T.Mustafayev qaynına deyib ki, həyat yoldaşı ilə söhbət etmək istəyir və onlara bir neçə dəqiqə təklikdə danışmağa imkan versin. Cütlük kənara çəkildikdən sonra T.Mustafayev üzərində gəzdirdiyi bıçaqla arvadını qətlə yetirib. Oxşar hadisələrin qatı cinayətlər kateqoriyasına aid olması öz yerində, qətl hadisələrinin məhz uşaqların gözü qarşısında baş verməsi isə dəhşətdir.  Hüzurlu, mehriban birgə yaşayış içində keçən ailə həyatlar, bir-birini anlayan, bir-birinin qədrini bilən cütlüklərə nə oldu, cinayətkara çevrildilər? Azərbaycan ailəsinin siması bu olmamalıdır axı. Xüsusilə də ortada övladlar varsa. 

Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında qeyd etdi ki, cinayətlər xüsusən də uşaqların gözü qarşısında baş verirsə, onların ciddi psixoloji travma aldığı birmənalıdır:

- Bunlar çox ağır cinayətlərdir. Nəticəsi də ağır olacaq. Uşaqların aldığı travmalar bir neçə ildən sonra onların psixoloji durumunda özünü mənfi tərəfdən göstərəcək. Ananın ata tərəfindən qətlə yetirildiyini o uşaqlar heç vaxt unutmayacaqlar. Daim gözlərinin qarşısında olacaq bu dəhşətli mənzərə və onların psixikasına mənfi təsir göstərəcək. Bu uşaqlar ətrafdakı uşaqlara qarşı aqressiv davrana bilər. Cəmiyyətə inamsızlıq, etibarsızlıq hissi keçirə bilər, kimsənin onları müdafiə etməyəcəyini zənn edib, onlar da cinayətlərə meyillənə bilər. Travmaların nəticələri müxtəlif olur. Bəzən insan aldığı travma müqabilində yumşalır, mehribanlaşır, cəmiyyətə duyarlı olur, bəzən də əksinə, qəddarlaşır, aqressivləşir. Bu da travmanın hansı şəraitdə alınmasıyla bağlıdır. Azyaşlı uşaqların psixikası möhkəmlənməmiş olduğundan ağır travmalar onların psixikasını, dünyagörüşünü, həyata baxışlarını  mənfi təsir altına alır. Onlar yetişkin deyil ki, həyatın zərbələri qarşısında dayana bilsinlər. Yaşadıqları travmalar səbəbindən cəmiyyətə, insanlara nifrət bəsləyə bilərlər. Bu uşaqlara mütləq psixoloji yardım göstərilməli, müalicə almalıdırlar ki, şahidi olduqları qanlı hadisə həyatları boyunca onları təqib etməsin. 

Psixoloq “namus üstə” törədilən qətllərdən cinayətkarların “yüngülləşdirici hal” kimi istifadə etməyə çalışmasını qəbulolunmaz sayır: 

- Adətən qadın cinayətlərində  “namus üstə öldürdü” ifadəsi işlənir. Hesab edirəm ki, bu tamamilə yanlış, əsaslandırılmayan və cinayətkarın özünü guya ki, təmizə çıxarmaq üçün istifadə etdiyi bəhanədir. Cinayətkarlar yaxşı bilir ki, cəmiyyətdə belə məsələlərə həssaslıqla yanaşılır, ona görə də “namus” pərdəsi altında gizlənməyə çalışırlar. Namuslu ata əgər həyat yoldaşı namussuzdursa, məhkəməyə müraciət edər, dəlillər, faktlar ortaya qoyar, övladlarının himayəsini üzərinə götürər və övladlarını namuslu şəraitdə özü böyüdər.
  Hesab edirəm ki, istintaq cənayətdə şübhəli bilinən şəxsin bu cür ifadələr işlətməsinə, ümumiyyətlə yol verməməli, faktların doğruluğunu dəqiq araşdırmalıdır.