Xoş halımıza...

Xəstəliklərin tüğyan etdiyi bir vaxtda nar bolluğu yaşanır

Taclı meyvənin dənələri qədər şirəsi və qabığı da faydalıdır

Payız və qış aylarında ən sevilən meyvələrdən biri nardır. Xoş halımıza ki, min cür xəstəliklə mücadilə apardığımız vaxtda nar bolluğu yaşanır. “Kəsdim bir dənə, oldu min dənə” tapmacasının cavabı olan bu ləzzətli meyvəni orqanizm üçün faydalı edən əsas amil antioksidan tərkibə malik olmasıdır. Nar bu özəlliyini ona qırmızı rəng verən polifenollara borcludur. 

Bundan başqa liflər, protein, C, K vitamin, folat və potassium baxımından da zəngin olan nar səhhətimizə çox böyük fayda verir. Narın dənələri qədər şirəsi və qabığı da şəfa mənbəyidir.  Türkiyənin qidalanma və dieta mütəxəssisi Nur Ecem Baydı Ozman narın 7 ən önəmli faydasını sadalayıb (“Milliyyet.com”).      

Mütəxəssis bildirir ki, 1 stəkan nar şirəsi orqanizmin C vitamininə olan tələbatının yarısını ödəyir. Nar şirəsinin alınmasında bol miqdarda nar dənələrindən istifadə edildiyi və bu dənələr də C vitamini ilə çox zəngin olduğu üçün diabet və qara ciyər yağlanması və yüksək trigliserid (yağ turşularının  çoxluğu) vəziyyətində narın şirəsini içmək yox, dənələrini yemək lazımdır. Nar yüksək təzyiqin dərmanı və qırmızı qan hüceyrələrini artıran meyvədir. Həzm prosesinə kömək edir, qəbizliyi aradan qaldırır. Həzm problemi olanlar narın şirəsini deyil, pərdəsi ilə birlikdə dənələrə üstünlük verməlidir. Nar bədənin çəkisini nəzarətdə saxlamağa yardım edir. Yetişkin bir insanın gün ərzində 25-35 qram lifli qidalar qəbul etməsi lazımdır. Nar lifli qida olduğundan çəkinin artmasının qarşısını alır və bədənin artıq çəki almasını nəzarətdə saxlayır. Bir kasa nar dənəsinin tərkibində 4 qram lif var. Artıq çəkidən azad olmaq istəyənlər gün ərzində bir kasa (kiçik kasa) nar dənəsi yesələr, kifayətdir. Nar tərkibindəki vitaminlər sayəsində immunsistemi də gücləndirir, xəstəliklərə qarşı bizi qoruyur. Hər gün kifayət qədər C vitamini qəbul etmək dərini də gözəlləşdirir, təravətləndirir. Dərini yumşaldır, ona elastiklik verir. Nar xərçəng riskini də azaldır, ürək-damar sistemini qoruyur. Nar şirəsinin orqanizmdəki mənfi yüklü xolestrolu aşağı saldığına dair elmi araşdırmalar mövcuddur. Nar qabığında da kifayət qədır polifenollar vardır. Bu səbəbdən narın qabığı da antioksidan təsirə malikdir. Nar qabığı ekstraktı damar sərtliyinə səbəb olan iltihablaşmanı və kirəclənmənin qarşısını alır.  Bunun sayəsində yüksək qan təzyiqindən, ürək-damar xəstəliklərindən qoruyur. Nar qabığı həmçinin diş ətinin sağlamlığı üçün də çox faydalıdır. Nar qabığını çay kimi dəmləyib qəbul etmək olar. Lakin miqdara diqqət etmək lazımdır. Nar qabığı çayını həddindən artıq qəbul etmək olmaz.