Çıxış yolu dönərxanaların sağlamlaşdırılmasıdır

Eyyub Hüseynov: "Mən bilirdim ki, keyfiyyətsiz dönər biznesinin qarşısını inzibati yollarla almaq mümkün olmayacaq"
"AQTA dönərxanaların sağlamlaşdırılmasına başlayıbsa, hesab edirəm ki, 2 il müddətinə bu sektorda 80 faiz müsbət dəyişikliyə nail olmaq mümkündür"

Ölkədə dönərxanaların sağlamlaşdırılması layihəsi hələ ki, paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisəni əhatə edəcək. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilir. Qeyd edilir ki, dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs və “ABAD” publik hüquqi şəxslə birlikdə həyata keçirilən yeni layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir. 

Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından da layihə böyük əhəmiyyət daşıyır.  “Nümunəvi Dönər Biznesi” layihəsi çərçivəsində mütəxəssislər tərəfindən hər cür metodiki köməkliyin göstərilməsi, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri qiymətləndirilməsi kimi tədbirlər AQTA tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən fiziki şəxs Fərzəliyev Anar Kamil oğluna və fiziki şəxs Məmmədov Üzeyir Böyükağa oğluna məxsus müəssisələrə müasir avadanlıqlar artıq təqdim olunub. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək. Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zəncirinə nəzarət sisteminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Layihə nə dərəcədə uğur qazanacaq? Vətəndaş, daha çox da günlük qida tələbatını ucuz, lakin keyfiyyətsiz dönərlə yola verən şagirdlər, tələbələr, fəhlələr… üçün müsbət dəyişiklik olacaqmı?

Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında qeyd etdi ki, dönərxanaların sağlamlaşdırılması təklifini irəli sürəndə buna o qədər də isti yanaşma olmadı:

- Amma sonra düşündülər və təklifimin qida sektorunun sağlamlaşdırılmasına  müsbət təsiri olacağına inandılar. Mən bildirdim ki, keyfiyyətsiz dönər biznesinin qarşısını inzibati yollarla almaq mümkün  olmayacaq. Vəziyyətdən çıxış yolu dönərxanaların sağlamlaşdırılmasıdır. Hazırda layihənin icrasına başlanıb. Nə dərəcədə uğurlu olacaq, indidən demək çətindir. Problem bundadır ki, dönərxanalarda ucuz, keyfiyyətsiz ətlərdən istifadə edilir. Dəfələrlə DİN Baş Mütəşəkkil Cənayətkarlıqla Mübarizə İdarəsi ölmüş heyvan əti, murdar ətləri müsadirə edir, müəssisə sahibi cəzalandırılır, lakin bu, murdar ət biznesinin qarşısını ala bilmir. Paytaxtda iki müəssisə var ki, (“Səhliyalı” MMC və “AzProteinFoud”)  dönər üçün mənfi 40 dərəcədə dondurulmuş ət istehsal edir. Amma təsəvvür edin, dönərxanaların 1 faizi bəlkə onlardan dondurulmuş ət alır.  Yerdə qalanlar yenə də ucuz ət əldə etməyə çalışırlar. Dondurulmuş ətin üstünlüyü budur ki, mənfi 40 dərəcədə ətdə ola bilən zərərli bakteriyalar ölür. Amma dondurulmamış ətin ilk olaraq bayır tərəfi qızır, içinə isti tədricən keçdikcə ətin suyu, yağı axır siniyə, ətin tərkibindəki bakteriyalar da maye və su ilə birlikdə siniyə tökülür. Dönərçi də sinidəki ət parçalarını çörəyin arasına düzür. Deməli, ətdəki bakteriyalar, mikroblar insan orqanizminə daxil olur. 
E.Hüseynov bildirdi ki, dondurulmuş ət nisbətən baha olduğundan dönərxanalar onu almaq istəmir. Onlar üçün sərfəli variant ucuz ət əldə etməkdir:
- Dondurulmuş  ətin dönərin ümumi qiymətinə əlbəttə təsiri var. Lakin bu, keyfiyyətli və güvənli qidadır. AQTA dönərxanaların sağlamlaşdırılmasına başlayıbsa, hesab edirəm ki, 2 il müddətinə bu sektorda 80 faiz müsbət dəyişikliyə nail olmaq mümkündür. Dönərxanalar standartlara uyğun ətdən istifadə edəcəklərsə, bu, dönərin qiymətinə də təsir göstərəcək. Qiymətlərdə yüksəlmə olacaq. Yenə də biz çalışacağıq ki, qiymətlərdə kəskin artım olmasın.