Pulları mənimsəyib aradan çıxırlar

Dələduz şirkətlər vətəndaşların "qanını sorur"

"Təmir şirkəti, podratçılarla, usta ilə müqavilə bağlanması da çıxış yolu deyil. Müqavilələr professional hüquqşünaslar tərəfindən tərtib edilməlidir"

Vətəndaşların ev təmiri zamanı dələduzluqla rastlaşması halları artıb. Xüsusilə də internet üzərindən, onlayn qaydada usta sifarişi zamanı vətəndaşlar aldadılır. Təmir üçün gələn ustanın, əslində usta olmadığı, təmir işlərində o qədər də məlumatlı olmadığı, təcrübəsizliyi ortaya çıxır. Bəzən belə ustalar işi yarımçıq qoyub gedirlər. İşin yarımçıq qalması dərd yarıdır, başqa usta taparsan, gəlib təmiri başa vurar. 

Ən böyük problem “usta”nın təmir üçün ödəniş alıb aradan çıxması, daha betəri, hətta təmir şirkətlərinin də vətəndaşları aldadaraq pullarını mənimsəməsidir. Hüquqşünas Arif  Nəzərov bildirib ki, təmir dələduzlarından qorunmaq üçün ilkin mərhələdə onların istifadə etdikləri üsullara diqqət etmək lazımdır. 

Saxta endirim kampaniyalarına və reklam çarxlarına, onlara aidiyyəti olmayan təmirli mənzillərin nümunə kimi göstərilməsinə, təmir işləri çərçivəsində dizayn xidmətinin və ya hər hansı başqa işin hədiyyə olunması vədlərinə və ya digər oxşar hallara aldanmaq lazım deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 753.1-ci maddəsinə uyğun olaraq, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

 Bununla əlaqədar, təmir fəaliyyəti ilə “məşğul olan” dələduzlar mənzil mülkiyyətçilərinin pul vəsaitlərinin mənimsənilməsi üçün tərəflər arasında imzalanan müqavilədə görüləcək işlərin ümumi dəyərinin əlli faizinin öncədən ödənilməsinə dair müddəaların təsbit olunmasında israrlılıq nümayiş edirirlər. Dələduz şirkət nümayəndələrinin podrat müqavilələrində sözügedən müddəanın əks olunmasının əsas arqumenti kimi isə istifadə olunan təmir materiallarının bazar qiymətinin artması riskləri bildirilir. Həmçinin, müqavilə şərtlərinə əsasən ilkin mərhələdə ödənilmiş vəsaitin real olaraq xərclənməsi görüntüsünü yaratmaq, eləcə də yerdə qalan vəsaitin mənimsənilməsi üçün zəmin yaradılması məqsədilə mənzillərdə söküntü, təmizləmə işləri aparılır, keyfiyyəti şübhəli olan təmir materialları gətirilir və qısamüddətli də olsa usta-fəhlə heyətinin iştirakı təmin edilir". Mülki Məcəllənin 771-ci maddəsinə əsasən, podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Belə ki, sözügedən dələduz firmalar tərəfindən nəzərdə tutulan işlərin icrasına qeyri-peşəkar heyətin cəlb olunması, işlərinə məsuliyyətsiz yanaşmaları mənzillərin yararsız hala düşməsinə və mülkiyyətçilər üçün sonradan əlavə xərclərin yaranmasına gətirib çıxarır.

“Əmlak” Ekspert Mərkəzinin rəhbəri Ramin Osmanlı “Şərq” bildirdi ki, bu mövzu hazırda aktualdır və bu günlərdə televiziyada geniş müzakirə olunub:

- Bir podratçı şirkət 100-dən artıq şəxslə müqavilə bağlayıb, ümumilikdə 1 milyon manat vəsait alıb, indi ortada nə podratçı şirkət var, nə də vəsait. Pulları mənimsəyib aradan çıxıblar. Dediyim odur ki, təmir şirkəti, podratçılarla, usta ilə müqavilə bağlanması da çıxış yolu deyil. Müqavilələr professional hüquqşünaslar tərəfindən tərtib edilməlidir. Müqavilə imzalayan tərəfin, öhdəlik götürən şəxsin mülkiyyəti haqqında rəsmi sənədlərə baxılmalıdır. Bir çox hallarda öhdəlik götürən şəxsin adına heç bir mülikiyyət, daşınmaz əmlak olmur. Belə işlər hüquqi müstəviyə daşınanda şəxsin adına əmlak olmadığı bəlli olur. Müqavilə bağlanarkən öhdəlik götürən şəxs mülkiyyəti barədə sənəd təqdim etməlidir. Müqavilədə də yaxşı olar ki, bu əmlakın iş görülüb başa çatanadək, təhvil alınanadək girov qoyulması, başqa birinə icarəyə verilməsi, başqa birinə ötürülməsi, satıla bilməməsi əksini tapsın. Bu müqavilələr notariat qaydada təsdiqini tapmalıdır. Təəssüf ki, bəzən notariuslar tərəfindən də qanunsuz sənədləşmələrin aparıldığının şahidi oluruq. Məsələn, sizə dediyim dələduz podratçı təşkilat bu işi təkbaşına həll edə bilməzdi. Notariusda da qanunsuzluğa yol verilib. Rəsmi qaydada bağlanmış müqavilədə göstəriləın torpaq sahəsi, sonra məlum olub ki, həqiqətən həmin şəxsə aid deyil. Bir var 2 tərəf arasında mülki münasibətlərin məhkəmə yoluyla tənzimlənməsi, bir də var, kütləvi, qrup halında dələduzluq. Bu iş artıq cinayət tərkibli hesab edilir və onunla prokurorluq məşğul olmalıdır. 

R.Osmanlı qeyd etdi ki, vətəndaşlar da ayıq-sayıq olmalıdır:

- Təmir, tikinti təklif edən şirkətin yaranma tarixi ilə, gördüyü işlərlə yerində tanış olmaq lazımdır. Çoxları özlərinə aid olmayan təmir işləri barədə fotolar, məlumatlar yerləşdirirlər. Onlayn qaydada sifarişlər də son illərdə çox artıb. İnternetdə təmir, dizayn işləri təklif edilir, vətəndaş da yoxlamadan, dəqiqləşdirmədən sifariş verir, onlayn qaydada pul da ödəyir. Görüntüyə, ucuz təkliflərə aldanırlar. Təmir şirkəti 2 ay əvvəl yaradılıbsa, ona necə etibar etmək olar?!  Ciddi dəqiqləşdirmə, yoxlama aparıb əmin olduqdan sonra sifariş verilməlidir. Vətəndaş təmirdən narazı qala bilər. Bu da bağlanan müqavilələrdə əksini tapmalıdır ki, narazı halda müqavilə şərtləri birtərəfli qaydada ləğv ediləcək.