Cocuqların günahı nə? –  Doğub zibil qutusuna atmayın! 

Mehriban Zeynalova:“ “Bunu hansısa həkim edibsə, cinayət əməli törətdiyini bilməlidir.”

“Hər bir halda  məlum hadisə cinayət sayılır və onu edən şəxs məsuliyyətə cəlb olunmalıdır”

Ağsu şəhərində döl tapılıb. Məlumata görə, döl şəhər ərazisində yerləşən zibil qutusuna atılıb. Daxili İşlər Nazirliyi bu barədə açıqlama verib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Sherg.az”ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə döl aşkarlanması barədə polisə məlumat daxil olub:

“Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl oradan götürülərək ekspertizaya göndərilib.  Keçirilən tədbirlərlə həmin qadın müəyyən edilib və o, Ağsu Rayon Polis Şöbəsinə dəvət olunub. Qadın söyləyib ki, döl 3 aylıq olub. O, izahatında səhhəti ilə əlaqədar uşaq dünyaya gətirə bilmədiyini və ailəsinin də razılığı ilə bu yola əl atdığını qeyd edib. Hazırda araşdırmalar davam etdirilir və nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”. 

Bu mübhəm məsələyə münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri  Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında vurğulayıb ki, buna böyük ehtimalla qanunsuz nikah səbəb olub:

“Bunu hansısa həkim edibsə, cinayət əməli törətdiyini bilməlidir. Ola bilsin, proses ev şəraitində həyata keçirilib.Qanunsuz nikahdan uşaq dünyaya gətirib daha sonra həmin uşaqdan imtina edənlər üçün  bir çox ölkələrdə  sığınacaqlar var. Yarımçıq uşaq dünyaya gətirib onu bu şəkildə zibil qutusuna atmağın ciddi səbəblərindən biri də el qınağıdır. Amma hadisənin hansı situasiyada baş verdiyini bilmirik”.

Birlik sədri onu da əlavə edib ki, şəxsi dinləmədən bu haqda ciddi fikir demək olmur:

“Yaxşı olardı ki, belə adamlar üçün qaynar xətt xidməti fəaliyyət göstərsin. Məxfiliyin qorunması burada əsas olmalıdır. Hər bir halda  məlum hadisə cinayət sayılır və onu edən şəxs məsuliyyətə cəlb olunmalıdır”.