Pəncərədən boylanan faciə...


"Şüşə bina" sevgisini bu məmləkətə kim, niyə gətirdi?

Şüşə fasadlı binalar Bakının iqlim şəraitinə uyğun deyil

Natiq Cəfərli: "Xaotik tikintilər Bakının memarlıq üslubunu məhv etdi. Şəhərə yüksəklikdən baxdıqda xaotik tikintilərin aparıldığı aydın görünür. Şüşə fasadlı binalar da şəhərin ümumi ansamblına uyğun gəlmir. Bu, kifayət qədər ciddi problemdir"

Reklam çarxlarının birində necə deyilirdi? Evin yaraşığı pəncərə, pəncərənin yaraşığı pərdədir?! Bu, adi, normal evlər üçün belə ola bilər. Pəncərələr evlərə heç də həmişə yalnız yaraşıq vermir, təəssüf ki, həm də faciələr gətirir. Təkcə “başdan paraq salan”  tikililərdə deyil, normal hesab etdiyimiz binalarda da. Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi, 79 ünvanda yerləşən hündürmərtəbəli binada təmizlik aparan “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynli həyatını itirib. 

Nəsimi Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, yuxarıda adıçəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynli Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürmərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb və Səid Hüseynli yıxılaraq ölüb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir. Bənzər hadisələr tez-tez baş verir. Xüsusən də, hündürmərtəbəli binaların fasad hissələri təmizlənərkən, yaxud da təmir-tikinti işləri aparılarkən. 

Pəncərə mütləq təmiz olmalıdır?

Sumqayıt şəhərində yeni tikilməkdə olan yaşayış binasının tikintisində fəhlə işləyən 1981-ci il təvəllüdlü Seymur Abbasov iş görən zaman binanın 9-cu mərtəbəsindən yıxılıb, aldığı xəsarət nəticəsində hadisə yerində ölmüşdü. Bu faktla da bağlı  Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandı. Hər iki halda əmək təhlükəsizliyi qaydalarının pozulması var. Təmizlikçini 19-cu mərtəbəyə şüşələri silməyə qaldırmaqdan öncə kəndirin möhkəmliyi yoxlanmalıydı. Tikintilərdə də təhlükəsizlik qaydalarına səhlənkar yanaşıldığı məlumdur.  Eyni zamanda kimsədən asılı olmayaraq, kiminsə tələbi, ya da muzd qarşılığında deyil, sadəcə öz mənzilinin təmizliyi ilə məşğul olanlar, “pəncərə silmək qadın işidir”, deyib pəncərəyə dırmaşan qadınlar da var. Xatırlayırsınızsa, Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binaların birində real təhlükəni gözardı edib pəncərə məhəccərinə dırmaşaraq ciddi-cəhdlə pəncərə silən qadının videosu sosial şəbəkələrdə yayılmışdı. Əlbəttə, hər bir qadın istəyir ki, pəncərələri təmiz olsun, par-par parıldasın. Amma hər bir qadın ilk növbədə təhlükəsizliyini düşünməlidir. Ehtiyatsızlıq etməməlidir. Nə böyük məsələdi; pəncərədi də, tozlu, kirli olanda nə olacaq ki?!

Hündürmərtəbəli, fasad hissəsi şüşə örtüyə bürünmüş müasir tikililərlə bağlı isə vəziyyət fərqlidir. Paytaxtda belə binalar çoxdur. Regionlarda da həmçinin. “Şüşə bina” sevgisi hardan yarandı və niyə? Müasir memarlığın dəbidirmi bu? Yoxsa başqa, bilmədiyimiz alt məqsədlər gizlənir burda?

İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında şüşə fasadlı binaların tikintisində maya dəyərinin daha aşağı olduğunu dedi: 

- Binanın fasadı şüşədən olanda daha az xərc tələb edir. Ona görə də tikinti şirkətləri, sahibkarlar şüşə fasadlara maraq göstərir. Tikintisi ucuzdur, amma saxlanması, qulluq məsələləri baha. Şüşə fasadlı binalar adətən ofis və otellər üçün nəzərdə tutulur. Təəssüf ki, bəzən yaşayış binalarının da fasad hissələrinin şüşələrlə örtüldüyünə şahid oluruq.  Şüşə fasadlar əgər düzgün texnologiya ilə quraşdırılırsa, problem deyil. Ümumiyyətlə, inşaat işlərində tikinti standartlarına ciddi əməl edilməlidir, o cümlədən də fasad hissələr inşa olunarkən. Şüşə fasadlar səs, istilik izolyasiyası baxımından effektlidir. Səsi içəri ötürmür, istiliyi də. Məsələn, Dubayda məhz isti, qızmar iqlim şəraiti nəzərə alınaraq şüşə fasadlı binalara üstünlük verilir. Çünki bina betondan tikiləndə istiliyi özünə çəkir, hopdurur. Şüşə isə istiliyi geri qaytarır. Amma Bakı kimi yumşaq iqlimli şəhərlər üçün şüşə fasadlı binalar üstünlük təşkil etməməlidir.

Bakıya şüşə binalar lazımdırmı? 

Məsələ həm də bundadır: Bakıya şüşə fasadlı binalar lazımdırmı? Müasirlik, dəb, tikintinin daha ucuz başa gəlməsi, şüşə fasadlı binaların bəzi hallarda hətta yaraşıqlı görünməsini də qoyaq bir kənara. Bakıya belə binalar nə dərəcədə gərəkdir və təmizlənməsi çox ağır, təhlükəli əmək tələb edən şüşə binalar bizə çoxmu lazımdır?

N.Cəfərli qeyd etdi ki, şüşə binalar şəhərdə o qədər artıb ki, bu reallığı dəyişdirmək artıq mümkün deyil:

- Amma bundan sonra belə binaların tikintisinə icazələrin verilməsi sərtləşdirilməlidir. Bakının özünəməxsus memarlıq üslubu var. Bunu artıq keçmiş zamanda deməliyik;  vardı! Xaotik tikintilər Bakının memarlıq üslubunu məhv etdi. Şəhərə yüksəklikdən baxdıqda xaotik tikintilərin aparıldığı aydın görünür. Şüşə fasadlı binalar da şəhərin ümumi ansamblına uyğun gəlmir. Bu, kifayət qədər ciddi problemdir. Aydın məsələdir, şəhər böyüyür, inkişaf gedir, müasir tələblər yaranır. Amma hər şeydən öncə paytaxtın memarlıq üslubu, şəhərin quruluşu nəzərə alınmalıydı. Ona görə deyirəm ki, heç olmasa, bundan sonra bu məsələyə ciddi nəzarət edilsin. Şüşə fasadlı binalar paytaxtın iqlim şəraitinə də uyğun deyil. Bakı küləkli şəhərdir, tez-tez güclü küləklər əsir. Havadakı toz şüşələrə hopur, yağış da bir tərəfdən tozu palçığa çevirir. Bəzən görürsən, şüşə fasadlı binadır, amma şüşələr çirk içindədir. Şüşə bina tikilirsə, bunun necə təmizlənəcəyini də düşünməlidirlər. Düzdür, müasir üsullar var. Amma görürsünüz, kiminsə səhlənkarlığı, məsuliyyətsizliyi insan faciəsinə gətirib çıxarır.  
Bəs şüşə binaların materialı xaricdən idxal olunur, yoxsa daxildə istehsal edilir? N.Cəfərli bildirdi ki, əvvəllər bu materiallar daha çox xaricdən gətirilirdi. Sonra yerli istehsal da işə düşdü:

- Bilirsiz, fasad hissədə zaman-zaman çatlar yaranır, şüşələr sınır. Güclü küləkdən, hər hansı titrəyişdən. Yaxud təmir işləri aparılarkən. Yerli istehsala ona görə başlandı ki, təmir məsələlərində idxala möhtac olmasınlar. 

Gələk, təmizlik məsələsinə. Çünki yazının əsas məqsədi insan həyatının təhlükəsizliyidir. N.Cəfərli qeyd etdi ki, hazırda kifayət qədər təmizlik şirkətləri fəaliyyət göstərir. Bəzən hətta binaların tikintisi başlayar-başlamaz təmizlik işlərinin hansı şirkət tərəfindən aparılacağı danışılır, razılıq əldə olunur:

- Bu da biznesin bir sahəsidir. Şüşə binadırsa, əlbəttə, bunun təmizliyini də düşünürlər. Bir çox hallarda binaların, şüşələrin təmizliyi inşaat işlərini görən “mmc”lərin öz “yardımçı təsərrüfatları” olur. Nəhəng tikintilərdə təmizlik işlərini öhdəsinə götürmək üstündə mübarizə də gedir. “Qazanansa”, ya tikinti işlərini görən şirkət, ya da yaxın qohumunun, tanışının şirkəti, servis xidməti. Əslində isə tender keçirilməli və işi daha yaxşı və daha sərfəli məbləğə həyata keçirəcək şirkətlər qazanmalıdır.  Amma burda da monopoliya özünü göstərir. Paytaxtda elə nəhəng tikililər var ki, təmizlik işlərini görəcək şirkət əvvəlcədən müəyyən edilir və digər “oyunçu”ları ora buraxmırlar.  Şüşələrin təmizlənməsi isə çox təhlükəli, riskli işdir. Bu işi həyata keçirənlərin çox yüksək sığortası olmalıdır. 

Həmçinin əmək haqqı da çox olmalıdır. Buna nə dərəcədə əməl olunur, deyə bilmərəm. Bu məsələylə Əmək Müfəttişliyi, Həmkarlar Konfederasiyası məşğul olmalıdır. 

Bu işçilərlə əmək müqaviləsi hansı şərtlər daxilində bağlanır, onlar xəsarət aldıqda xərcləri qarşılanırmı? Məlumatda göstərildiyi kimi təmizlikçi şüşələri silərkən faciəvi şəkildə həyatını itiribsə, ailəsinə böyük məbləğdə kompensasiya ödənməlidir. Azyaşlı uşaqları varsa, ailədə başqa işləyən yoxdursa, ailənin maddi xərcləri qarşılanmalıdır. 

Bu məsələlər hamısı əmək müqaviləsində, sığorta şərtlərində əksini tapmalıdır.