Elektron məhkəmə sistemi zamanın tələbidir


Ancaq vətəndaşlar bu sistemlə tanış olana qədər yazılı müraciət qaydası qüvvədə saxlanmalıdır

Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və gələn ildən bütün məhkəmələrdə elektron məhkəmə sisteminin tətbiqi nəzərdə tutulur. Bu fikirlər Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində yer alıb. 

O qeyd edib ki, qanunvericiliyə edilmiş, o cümlədən ötən ay qüvvəyə minmiş dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb. "Həmçinin bu dəyişikliklər məhkəmələr tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının video-konfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatı olmaqla, pandemiya şəraitində xüsusi əhəmiyyət kəsb edib”, - deyə o bildirib. 

F.Məmmədov həmçinin qeyd edib ki, məhkəmə rüsumlarının dərəcələrinin diferensial şəkildə müəyyən edilməsi ilə əlaqədar rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin elektron resurslarında yerləşdirilib. "Məhkəmə fəaliyyətində şəffaflığın təmini məqsədilə bütün məhkəmə qərarlarının elektron dərc olunması təmin edilir və bu zaman şəxsi həyat sirrinin qorunması üçün xüsusi proqramla onlar anonimləşdirilir. Həmin qərarlar üzrə elektron axtarış sisteminin yaradılması hər kəsin məhkəmə təcrübəsi barədə məlumatlılığını artırır və sistem xarakterli nöqsanların müəyyənləşdirilməsində mühüm rol oynayır. Eyni zamanda, şəffaflığın əlavə təminatı kimi işlərin hakimlər arasında bölüşdürülməsi elektron sistem üzərindən həyata keçirilir və onun daimi monitorinqi aparılır",- deyə o vurğulayıb.

Elektron məhkəmə sisteminin tətbiqi hüquq müdafiəçiləri, vəkillərə, məhkəmələrə müraciət edən vətəndaşlara hansı üstünlüklər verir? Elektron məhkəmə sistemi barədə “Şərq”ə danışan vəkil Adəm Məmmədov qeyd etdi ki, elektronlaşma zamanın tələbidir: 

- Texnologiyanın inkişafı hər sahədə özünü göstərir. Elektron məhkəmə sistemi də bunlardan biridir.  Bunu zaman tələb edir.  Xüsusilə pandemiya şəraiti elektronlaşmanın zəruriliyini daha da artırdı. Üstünlük bundadır ki, vətəndaş məhkəmə binasına gəlmədən, elektron sistemə daxil olub məlumat əldə edə biləcək. 

Məhkəmə proseslərinin onlayn izlənmə imkanı əldə ediləcək. Məsələn, biz vəkillər məhkəmə prosesinə qatılmadan prosesi izləyə bilirik. Üstünlükləri var, amma problem yaradan tərəfləri də var. Hesab edirəm ki, elektron məhkəmə sistemi tətbiqi yazılı müraciət qaydası və ya əyani şəkildə məhkəməyə müraciət, məlumatların əldə edilməsini tamamilə sıradan çıxarmamalıdır. Yeni qaydalara, elektron sistemə uyğunlaşmaq üçün vətəndaşlara zaman tanınmalıdır. Yenilik tətbiq edilməzdən öncə maarifləndirmə işi aparılmalıdır.

 Hamının düşüncəsi eyni deyil. Vətəndaş elektron məhkəmə sistemi ilə, ondan istifadə qaydası ilə tanış olmaya bilər. Yenilik, müasirlik yaxşıdır, amma keçid dövrü mütləq olmalıdır. Elektron məhkəmə sistemi ilə yanaşı yazılı müraciət qaydası bir müddət paralel aparılmalıdır. Vətəndaşlar bu sistemlə tanış olanadək, ondan istifadəni öyrənənədək. 

A.Məmmədov qeyd etdi ki, yeniliklərin düzgün tətbiq edilməməsi bəzən problemlər yaradır:

- Bunun səbəblərindən biri odur ki, nazirin qarşısında kimsə başqa bir təklif irəli sürməyə cürət etmir. Bir nəfər qalxıb demir ki, əvvəlcə vətəndaşları maarifləndirək, sonra yeni sistemi tətbiq edək. Çünki vətəndaşlar üçün bu sistemə uyğunlaşmaq çətin olacaq.