Onlar birbaşa toplumun içinə buraxılmamalıdır

Suriyadan dönən azərbaycanlılar mütləq nəzarət altında olmalıdır
Sərdar Cəlaloğlu: "Xüsusi sığınacaqlar var ki, belə şəxslər bir müddət orda saxlanılır və hər cür şəraitlə təmin edilirlər. Daha sonra bu insanların cəmiyyətə adaptasiyası reallaşır"

Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 12 nəfərin repatriasiyası həyata keçirilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində baş tutub. Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşlarımızın yeri, şəxsiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib. Azərbaycan Respublikasının hökuməti tərəfindən sözügedən şəxslərin reabilitasiyası və reinteqrasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. 

Vətəndaşlarımızın repatriasiyası Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti əsasında həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır. Azərbaycan Respublikasının hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcək.

Suriyada terror qruplaşmalarının əsiri olmuş soydaşlarımızın Vətənə döndükdən sonra həyatı necə keçir? Onlara nə kimi yardım göstərilir. Unutmayaq ki, Vətənə gətirilənlər arasında azyaşlı uşaqlar da olur. Bir müddət əvvəl yenə də qardaş Türkiyənin köməyi ilə aralarında azyaşlıların da olduğu  bir neçə azərbaycanlı ailəsi Suriyadan Vətənə gətirilmişdi.  

Azərbaycan Demokrat Partiyasının sədri, politoloq Sərdar Cəlaloğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, Suriyadan Azərbaycana  repatriasiya edilmiş şəxslər mütləq bir müddət nəzarət altında olmalıdır: 

- Bu kontingent birbaşa toplum içinə buraxılmamalıdır. Əlbəttə, əvvəlcə araşdırma aparılır, onlara psixoloji yardım göstərilir, yaşayış yerləri müəyyənləşir. Zəruri filtrasiya prosesindən sonra bu şəxslərin cəmiyyətə adaptasiyası mümkündür. Xüsusilə uşaqların psixoloji durumu öyrənilməlidir və onlara psixoloji yardım göstərilməlidir. O cür qan-qadanın, atəşin altında yaşamış uşaqların psixologiyasında dərin problemlər ola bilər. 

S.Cəlaloğlu qeyd etdi ki, Azərbaycan dövləti öz soydaşlarına sahib çıxıb Vətənə gətirilmələrinə çalışırsa, deməli, onların sosial məsələləri də həllini tapır. Əlbəttə ki, dövlət onları nəzarətsiz, qayğısız qoymayacaq. Onların yaşayış yeri ilə təmini, gündəlik tələbatlarının ödənməsi üçün maddi köməklik göstəriləcək. Xüsusi sığınacaqlar var ki, belə şəxslər bir müddət orda saxlanılır və hər cür şəraitlə təmin edilirlər. Daha sonra bu insanların cəmiyyətə adaptasiyası reallaşır: 

- Bu insanları qrup halında eyni məkanda toplamaq zərərli və təhlükəli ola bilər. Əksinə, onları cəmiyyət içində yaymaq lazımdır. Amma filtrasiya prosesindən sonra.  Və təbii ki, uzun müddət nəzarət altında olmalıdırlar. Nəzarət deyəndə, elə başa düşülməsin ki, bu insanlar daim müşahidə altında olacaq, hərəkət məhdudiyyəti yaranacaq. Xeyr. Sadəcə, dövlət orqanları başqa şəxslər tərəfindən bu insanları yenidən hansısa qruplaşmalara cəlb etməyə maraq göstərə, cəhd edə bilər. Dövlət bunun qarşısını almalıdır.