Gənclik tərbiyəni ailədən və məktəbdən alır

Məqsədə nail olmaq üçün həm də aidiyyəti qurumlar üzərinə düşən vəzifəni yerinə yetirməlidir

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi 


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyev bir neçə gün öncə Bakıda keçirilən Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına ünvanladığı müracitəində bu ifadələr yer alırdı:  Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz. Vətən müharibəsində qazanılan zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı. 

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcək. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz”. 

Cənab Prezident öz çıxışlarında uşaq və gənclərin milli ənənələrə sadiq,  vətənpərvər ruhda böyüməsi, tərbiyə alması, sağlam nəsil olaraq yetişməsinin vacibliyini mütəmadi vurğulayır. Əsas da budur ki, gənclərimizin vətənpərvər və sağlam ruhlu yetişməsi üçün ölkəmizdə hər cür şərait var. Dövlət tərəfindən bu istiqamətdə ardıcıl iş aparılır. Biz gənclərimizin əsl vətənpərvər olduğunu, dövlətçiliyə sadiq, Vətənə bağlı böyüyüb, boya-başa çatdıqlarını 44 günlük Vətən müharibəsində əyani gördük. Minlərlə gənc hərbi komissarlıqlara müraciət edərək Vətənin müdafiəsinə  hazır olduqlarını, düşmənlə mübarizəyə könüllü olaraq yollanmaq istədiklərini bildirirdilər. Təkcə müharibədə iştirakla məhdudlaşmır, gənclərimizin vətənpərvərlik nümunəsi. Gündəlik həyatda, təyinat aldıqları vəzifələrdə də gənclərin dövlətçilik maraqlarını qoruduğunun şahidi oluruq. Əlbəttə, bunun kökündə ailə ənənələri ilə yanaşı məktəblərdə aparılan təlim-tədris və tərbiyənin də böyük əhəmiyyəti vardır.  Təsadüfi deyil ki, cənab Prezident təhsil məsələlərindən danışanda gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsinin önəmini daim vurğulayır. 

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi  istiqamətində bir sıra layihələr həyata keçirilir. Onlardan biri də bu günlərdə təqdim olunan  “Gələcəyə ümid” layihəsidir. Layihənin  təqdimat mərasimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Əliyev, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Sadiq Ağalarov və başqa mötəbər qonaqlar, həmçinin Bakı məktəbliləri də iştirak ediblər. Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva humanist dəyərlərin təbliği və gələcəyə inamla addımlayan gənclərin yetişdirilməsi missiyasını qarşısına məqsəd qoyan “Gələcəyə ümid” layihəsini cəmiyyətə sağlam gənclər qazandırmaq baxımından təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib. Bildirib ki, ölkəmizdə uşaq hüquqlarının qorunması, onların hər cür diqqət və qayğı ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biridir. 

Sağlam, savadlı və vətənpərvər nəsil yetişdirmək üçün bütün gücü ilə çalışan təhsili idarəetmə qurumları da həssas qruplardan olan uşaqların təlim-tərbiyəsi, onların cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirilməsini qarşıya məqsəd qoyub. Təhsil nazirinin müşaviri Elnur Əliyev isə şagirdlərin maarifləndirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən layihənin uğurlu nəticələr əldə edəcəyinə əmin olduğunu ifadə edib. Qeyd edib ki, yüksək intellektə sahib, bacarıqlı, müasir çağırışlara cavab verən gəncliyin yetişdirilməsi Təhsil Nazirliyinin prioritetləri sırasında əsas yerlərdən birini tutur. Bu baxımdan “Gələcəyə ümid” layihəsi mühüm əhəmiyyət kəsb edir. Digər çıxış edənlər də layihəni yeniyetmə və gənclərin sağlam, bilikli, vətənpərvər gənclər olaraq formalaşması yönündə atılmış uğurlu addım kimi dəyərləndiriblər. Bildiriblər ki, qloballaşma proseslərinin sürətli inkişafı, texnoloji nailiyyətlərin həyatımıza nüfuz etməsi yetişən gənc nəsildən daha çevik addımlar tələb edir. Dünya təhsil sisteminə inteqrasiya etməklə gələcək liderlər yetişdirməyi qarşısına məqsəd qoyan layihənin bu baxımdan səmərəli nəticələr verəcəyinə inandıqlarını söyləyiblər. 

Təhsil eksperti, fəlsəfə doktoru Rafiq İsmayılov “Şərq”ə açıqlamasında gənclərin sağlam və vətənpərvər ruhlu yetişməsində bu cür layihələrin əhəmiyyətini vurğuladı:

- Təbii ki, müasir gənclik vətənpərvərdirsə, bunun əsası, kökü ilk növbədə ailəyə, milli ənənələrə, ailə üzvlərinin timsalında Vətəni sevən valideynlərindən aldığı tərbiyədir. Təsəvvür edin ki, övlad uşaq yaşlarından atasını, anasını, ailənin digər üzvlərini Vətənə bağlı görür. Fərqi yoxdur, bu insan Azərbaycanda yaşayır, yoxsa başqa bir ölkədə. Biz 44 günlük Vətən savaşında xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycanın dövlət bayraqları ilə küçələrə axışdığını, Azərbaycana dəstək aksiyaları keçirdiklərini görürdük. O aksiyalarda nə qədər körpələr, uşaqlar da olurdu. Bunlar uşaqların yaddaşına həkk olur, onlara Vətən sevgisini aşılayır. Əlbəttə, belə bir uşaq yeniyetmə yaşına çatdıqda, gənclik illərində Vətənini sevəcək, onun uğrunda mübarizə aparmağa hazır olacaq. Çünki ailədə, valideynlərindən bunu görüb. Eyni fikri daxildə - Azərbaycan üçün də demək tamamilə mümkündür. Orta ümumtəhsil məktəblərində vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönələn layihələrin icrası da yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirir. Hesab edirəm ki, belə layihələr lazımlıdır, vacibdir. Biz gənclərimizin sağlam ruhda inkişafında maraqlı olmalıyıq.
  Bu məqsədlə də bütün aidiyyətli qurumlar üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər.