Millət vəkilləri, DİN həyəcan təbili çaldı



Narkotika istifadəçilərinin sayı statistikada göstəriləndən çoxdur

“Sosial şəbəkələrdə narkotiklərin satıldığı səhifələr xaricdən idarə olunur”

Dünən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin birgə iclasında “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçirilib. Dinləmədə vitse-spiker Adil Əliyev, komitə sədrləri - Hicran Hüseynova və Əhliman Əmiraslanov, Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov, Dini Komitə sədri Mübariz Qurbanlı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov və digər qurum rəsmiləri iştirak ediblər. 

“Narkomaniya ilə mübarizə ümumbəşəri xarakter daşıyır”

Milli Məclis sədrinin müavini Adil Əliyev ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıb və bildirib ki, bu mübarizə çərçivəsində maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir: “Məktəblərdə, mətbuatda narkomaniya ilə mübarizə üçün görülən işlərin genişləndirilməsinə ehtiyac var. Sənədli filmlərin hazırlanıb yayımlanması, maarifləndirmənin əhatə dairəsinin genişləndirilməsi, sosial şəbəkələrdə qısa videoçarxların hazırlanıb paylaşılması narkomaniya ilə mübarizəyə dəstək verə bilər”. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, ailə sağlam olmasa, cəmiyyət də sağlam olmaz. Ailənin sağlamlığının qorunması üçün sosial, iqtisadi tibbi sahələrdə olan problemlər həll edilməli və ailəyə dəstək verilməlidir. O bildirib ki, narkomaniyaya qarşı mübarizə hər zaman olub: “Din sahəsində bu istiqamətdə müqəddəs kitablarda da qeydlər var. Bu istiqamətdə ən düzgün mübarizəyə inam və inandırmaqla nail ola bilərik. Bütün dinlərə aid olan kitablarda uyuşduruculara qarşı çıxışlar olub. Narkomaniya ilə mübarizə ümumbəşəri xarakter daşıyır”.

“Hamımız rəqəmlər qarşısında acizləşirik...”

Deputat Rəşad Mahmudov bildirib ki, dünyada hər bir ölkə üçün mübarizə aparılması çox çətin olan problemlərdən biri də narkomaniya ilə mübarizədir. Onun sözlərinə görə, regionumuz da bu bəladan əziyyət çəkən regiondur: “Beynəlxalq təşkilatlar da bu problemlə mübarizədə fərqli üsullardan istifadə edir. Amma bu gün biz hamımız rəqəmlər qarşısında acizləşirik”. R.Mahmudov konkret problemin həlli üçün pilot layihə hazırlanmasını təklif edib: “Ölkəmizin bir regionunda bu problemin həlli üçün nə edə bilərik, ona baxaq. Rayonda gənclər deyir ki, narkomaniya ilə mübarizədə alternativlərimiz çox azdır”. 
MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova beynəlxalq təcrübədə narkotik istifadəçilərinə pasiyent, xəstə kimi yanaşıldığını bildirib: “Bizdə isə onlara daha çox pozuntu törədən şəxs kimi baxılır. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır”. H.Hüseynova bu məsələdə mövcud olan dövlət proqramlarının daha da təkmilləşdirilməsinə, işləkliyinin təmin edilməsinə ehtiyac olduğunu deyib.

“Narkomanların sayı artır və bunun bir çox səbəbi var”

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə narkomaniya ilə mübarizə çərçivəsində tibbi sahədə aparılan işlərdən və çatışmazlıqlardan danışıb. O, tibb sahəsində görüləcək işlərlə bağlı təkliflər verib. Vurğulayıb ki, bu sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır. Komitə sədri qeyd edib ki, gələcəkdə bu sahədə uğur qazanmaq istəyiriksə, bu işlə mübarizə aparan qurumlar bir-biri ilə əlaqəli çalışmalıdır: “Narkotiklə mübarizə çərçivəsində görülən işlərə baxmayaraq, statistika göstərir ki, belə insanların sayı artır. Bunun bir çox səbəbi var. Əsas səbəblərdən biri də yeni çeşidli narkotiklərin dövriyyəyə buraxılmasıdır. Bu sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır. Təkcə ABŞ-da narkotikin yüksək dozasından hər il 47-48 min insan dünyasını dəyişir. İkinci tərəfdən biz bilirik ki, statistika bütün bu insanları əhatə etmir. Böyük qrup insanlar bu statistikadan kənarda qalır. Bunun həllinə kompleks məsələ kimi baxmalıyıq. Gələcəkdə bu sahədə uğur qazanmaq istəyiriksə, bu işlə mübarizə aparan qurumlar bir-biri ilə əlaqəli çalışmalıdır. Dünyada bu sahədə fəaliyyət göstərən bir çox qurum var. Biz o qurumlarla da işləməli, onların təcrübəsindən yararlanmalıyıq”. 

“Dini tədbirlərdə antinarkotik mövzusunda çıxışlara geniş yer verilsə, yaxşı olar”

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov isə bildirib ki, narkomaniya cinayətkarlığın artmasına səbəb olur və bütövlükdə milli təhlükəsizliyə təhdiddir. Onun sözlərinə görə, narkotik istifadəçilərinin sayı statistikada göstəriləndən çoxdur: “Cari ilin 10 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55 min 600 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2981 nəfərindən 2193-nün istifadəçi olması müəyyən edilib”. İ.Hümbətov qeyd edib ki, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə bərabər, cəmiyyət də aktiv iştirak etməlidir: “Müxtəlif dini tədbirlərdə də antinarkotik mövzusunda çıxışlara geniş yer verilsə, yaxşı olar. Eyni zamanda, narkotik istifadəçisi olmuş və sonradan normal həyata qayıtmış şəxslərlə media sahəsində müsahibələr təşkil olunması da bu mübarizənin bir növü olardı. Ölkənin inzibati rayonlarında yaşayan gənclərin işlə təmin olunması, həmin rayonlarda idman və digər sahələrin inkişaf etdirilməsi nəticəsində həmin gənclərin boş vaxtının qalmasının qarşısı alına bilər. Təhsil müəssisələrində narkotiklə bağlı tibbi müəssisələrin təşkil edilməsini, təhsil alanların mütəmadi olaraq narkotikə qarşı tibbi müayinədən keçirilməsini təklif edirik. Narkotiklə əlaqədar cinayətə görə həbs edilmiş şəxslərin digər məhbuslarla bir yerdə saxlanılması da məqsədəuyğun deyil. Çünki onlar digər məhbusların ailə üzvləri ilə əlaqələr quraraq ölkədə narkotikin yayılmasına cəhd edirlər. Narkotiklə mübarizə üçün təkliflərimiz əsasında tərəfimizdən hazırlanan qanun layihələri Nazirlər Kabinetinə təqdim edilib”.

“Onların da çox hissəsini metamfetamin və heroin təşkil edir”

Daxili İşlər Nazirliyinin rəsmisi bildirib ki, aşkar olunmuş güclü təsirə malik narkotikin 99 faizi cənub sərhədlərindən daxil olan heroin və tiryəkdir: “Dövlət sərhədinin 132 km-lik sahəsi uzun illər işğal altında olub. Uzun illər erməni işğalında olan bu ərazilərdə separatçılar tərəfindən narkotik satışı üçün şərait yaradılmışdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlət sərhədlərimizin qorunması təmin edilib”. İdarə rəisi bildirib ki, ancaq bundan sonra dövlətimizin digər sərhədlərinə narkotiklə bağlı təhdidlər artıb: “Məlumat üçün deyim ki, aşkar olunan güclü təsirə malik narkotik maddələrin 99 faizi cənub sərhədlərindən daxil olan heroin və tiryəkdir. Bunların da çox böyük hissəsinin ölkəyə daxil olması üçün sərhədlər bərpa olunduğuna görə digər sərhədlərə təhdidlər olub. Bu təhdidlərin böyük hissəsinin qarşısı alınıb. Təkcə DİN ötən illə müqayisədə ton yarımdan çox narkotik vasitə dövriyyədən çıxarıb. Onların da çox hissəsini metamfetamin və heroin təşkil edir”.

"Gənclərimizə çağırış etmək lazımdır ki, ehtiyatlı olsunlar"

İslam Hümbətov deyib ki, məktəblərdə antinarkotik təbliğatı ilə bağlı tədbirlər həyata keçirilir. Hazırda DİN-in hər bir əməkdaşı narkotiklə mübarizəyə vicdanla yanaşır. İdarə rəisi yetkinlik yaşına çatmayan şəxslərin siqaret və digər narkotik vasitələrdən istifadəsi ilə bağlı məsələyə də toxunub: “Bununla bağlı da müəyyən profilaktik işlər aparılır”. Dövriyyədən çıxarılan narkotikin miqdarının əvvəlki illərlə müqayisədə qat-qat çox olduğunu deyən İ.Hümbətov internetdə narkotik vasitələrin satışı məsələsindən də danışıb: “Sosial mediadan istifadənin xeyirli tərəfi ilə yanaşı, ziyanlı tərəfi də var. Sosial şəbəkələrdə satılan narkotik vasitələrin səhifələri xaricdən idarə olunur. Bu sahədə hamımız ayıq olmalıyıq. Gənclərimizə çağırış etmək lazımdır ki, ehtiyatlı olsunlar. DİN-də bununla bağlı yeni şöbə yaradılıb. Sosial şəbəkələrdə narkotik satan səhifələrlə bağlı araşdırmalar aparılır”.