Taleyin ümidinə buraxılan sərnişinlər...

Sürücü avtobusu narkotikanın təsiri altında idarə edirsə, bu yüzlərlə insanı ölümlə üz-üzə qoymaq deməkdir

"Bu işdə sərnişindaşımanı həyata keçirən şirkət də məsuliyyətə cəlb olunmalı, lisenziyası ləğv edilməlidir"


Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarə və idarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, həmçinin Abşeron rayonunun kənd və qəsəbələrindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında reydlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avtobuslarda yalnız polis əməkdaşını görən zaman tənəffüs yollarını qoruyan maskalardan istifadə edən, bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub. 

Sumqayıt şəhərindən paytaxta doğru hərəkət edən avtobuslarda aparılan yoxlamalar zamanı nəqliyyat vasitəsinin salonunda olarkən maskadan istifadə etməyən şəxslər mülki geyimli polislər tərəfindən müəyyən edilib. Onlar barəsində inzibati tədbir görülüb. Xırdalan şəhərindən paytaxt istiqamətində hərəkət edən avtobuslarda keçirilən tədbir zamanı sanitar-karantin qaydalarına əməl etməyən sürücü və sərnişinlər də aşkar edilib. Tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub. Abşeron rayonu Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında aparılan yoxlama zamanı isə polis əməkdaşları tərəfindən daha ciddi qayda pozuntuları aşkar edilib.  567 saylı marşrut xətti ilə Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında nəzarət-profilaktik tədbirlər həyata keçirilən zaman sürücü və sərnişinlər arasında pandemiya qaydalarına əməl edilmədiyi məlum olub.

 Eləcə də sürücülərdən bir neçəsinin peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduqları müəyyən edilib. Aparılan yoxlama zamanı həmin xətt üzrə hərəkət edən 3 avtobusun sürücüsünün nəqliyyat vasitəsini sərnişinlərin həyatını təhlükə altına qoyaraq narkotik vasitələrin təsiri altında idarə etdiyi aşkarlanıb.

 Həmin sürücülərin idarə etdiyi avtobuslar xətdən kənarlaşdırılıb, özləri isə saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər. Onların etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar məhkəməyə göndərilib. Keçirilən sonuncu profilaktik tədbir zamanı Sumqayıt şəhəri və Abşeron rayonundan paytaxt istiqamətində hərəkət edən 70-ə yaxın sürücü və sərnişin sanitar-karantin rejiminə əməl etmədiyi üçün barələrində inzibati tədbir görülüb. 

Nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında qeyd etdi ki, sürücü sərnişin nəqliyyatını narkotik vasitənin təsiri altında idarə edirsə,  məsuliyyət həm də daşıyıcı şirkətin üzərindədir: 

- Çox yaxşı haldır ki, DİN reydlər keçirir, bu cür eybəcər faktları ortaya çıxarır. Sərnişin nəqliyyatı idarə edən sürücünün  narkotik vasitə qəbulu, həm də sükan arxasında, iş başında olduğu bir vaxtda, yüzlərlə insanın həyatını təhlükəyə atması, ölümlə üz-üzə qoyması deməkdir. Buna görə təkcə sürücü deyil, həm də sərnişindaşımanı həyata keçirən şirkət, həmin xətt üzrə avtobusların hərəkətinə cavabdeh olanlar məsuliyyətə cəlb edilməlidir. Ümumiyyətlə, sərnişindaşımanın normativlərinə görə sürücülər hər 6 aydan bir tibbi müayinədən keçməlidirlər, o cümlədən də narkoloji müayinədən. Amma nə baş verir? Sürücülər tibbi yoxlamadan keçmədən, müxtəlif yollarla arayış əldə edib şirkətə təqdim edirlər. Şirkətlər də işçi qıtlığı səbəbindən tibbi müayinələrə səhlənkar yanaşır, dəqiq müayinə cavabları tələb etmirlər. Çünki sürücülərin iş saatları, iş rejimləri, şəraitləri elə aşağı səviyyədə və ağırdır ki, şirkətlər işçini itirmək istəmir. Çox zaman sürücü kiçik bir avtomobil əldə edib fərdi qaydada sərnişindaşıma ilə məşğul olmağı hansısa avtobusda sürücülük etməkdən üstün tutur. Ona görə sürücülüyə işə qəbul zamanı normativlər gözlənilmir. İctimai nəqliyyatda sürücülük etmək üçün müvafiq kateqoriyası olmayanları da işə götürürlər. Nəticə də belədir: ictimai nəqliyyatın idarə edilməsini, sərnişinlərlə davranış qaydalarını bilməyən, məsuliyyətsiz, kobud sürücülər və təəssüf ki, qəzalar.

İ.Hüseynli bildirdi ki, narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücülər barədə çox güman ki, siqnal və ya şikayət daxil olub:

- Yol polisləri sürücünün sərxoş olub-olmadığını yoxlamaq üçün alkometrdən istifadə edir. Sürücünün sərxoş olması, əslində davranışlarından, avtomobili idarə etməsindən də bilinir. Amma yenə də bu işdə yol polisinin köməyinə alkometrlər çatır. Narkotik vasitə isə fərqlidir. Doğrudur, narkotik istifadəçisinin davranışlarını təqib etməklə də bunu müəyyənləşdirmək mümkündür. Lakin məsuliyyət üçün dəqiq faktlara sahib olmaq vacibdir. Çox güman ki, adıçəkilən marşrut xətti üzrə narazılıq olub, sərnişinlər sürücülərin davranışlarından, avtobusu idarə etməsindən narazılıqlarını bildiriblər, DİN-də bu barədə faktlar mövcud olub və nəhayət, reyd zamanı həmin sürücülər aşkarlanıb və məsuliyyətə cəlb ediliblər. Lakin iş bununla bitməməlidir. Sərnişindaşımanı həyata keçirən şirkət də məsuliyyətə cəlb olunmalı, lisenziyası ləğv edilməlidir.
Məlahət Rzayeva