"Amnistiya Aktı çox böyük humanist addımdır"

Səidə Qocamanlı: "Cəzası azaldılan, cəzasının çəkilməmiş hissəsindən azad edilənlər də var"

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 8 noyabr Zəfər Günü münasibətilə  imzaladığı Amnistiya Aktı məhbuslar və onların doğmalarına ikiqat bayram sevinci yaşatdı. Əfv fərmanları və Amnistiya aktlarının imzalanması Azərbaycanda uzun illərdir ki, ənənəvi xarakter daşıyır. Hər il əlamətdar günlərdə cənab Prezident Əfv, yaxud da Amnistiya Aktı imzalyır. Bu isə dövlət siyasətində humanizm prinsiplərinin daim yüksək tutulması, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verildiyini göstərir. Əfv fərmanı, ya da Amnistiya Aktının imzalanması, əlbəttə, cinayətkarların cəzasız qalması demək deyil. 

Cinayətkar cəzasını almalıdır ki, cəzasızlıq mühiti formalaşmasın. Lakin Azərbaycan dövləti, bununla yanaşı humanizm prinsiplərini də əsas tutaraq cəzasının müəyyən hissəsini çəkmiş, islah olunduğu aidiyyətli qurum tərəfindən təsdiqlənən şəxslərin, o cümlədən yaşlı, ahıl, müəyyən xəstəliyi olan məhbusların, həmçinin vaxtilə Vətən qarşısında xidmətləri olmuş şəxslərin cəzalarının müddəti bitməmiş azadlığa çıxmasında humanizm prinsiplərini üstün götürür.  Bu il 8 Noyabr – Zəfər Bayramının birinci ildönümü  münasibətilə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan və təsdiqlənən Amnistiya Aktının ümumilikdə 1500 məhbusa şamil edilib. Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən imzaladığı 5 noyabr tarixindən 3 dekabr tarixinə qədər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə Amnistiya Aktı tətbiq edilib. Bu barədə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov məlumat verib. O bildirib ki, qərarın icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında Amnistiya Aktı tətbiq edilib: "Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak edən məhkumlardır. 

"Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilən məhkumlardır. Bundan başqa azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 məhkumun isə cəza müddəti 1 il azaldılıb", - deyə A.Ziyadov qeyd edib. İndiyə qədər akt 1787 şəxsə şamil edilib. Amnistiya Aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir. Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub.  Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, amnistiya müəssisədə ümumilikdə 49 nəfərə şamil edilib. "Daha əvvəl müəssisədən Amnistiya Aktı tətbiq edilən 73 nəfər azad edilib. 

Ümumilikdə bu cəzaçəkmə müəssisəsindən 122 nəfər azadlığa buraxılıb. Qeyd edilir ki, 5 noyabr tarixindən icrasına başlanılan Amnistiya Aktı bitənə qədər bu qərarın 17 saylı Cəzaçəkmə müəssisəsindən 500-dən çox məhkuma şamil edilməsi gözlənilir", - A.Sabitova həmçinin qeyd edib ki, Amnistiya Aktı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib. Həmin qadınlardan 40 nəfərin cəzası 6 ay azaldılıb, 24 qadın isə azadlığa buraxılıb. Amnistiya Aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib. Amnistiya Aktına əsasən Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azad edilib. Onlardan 6 nəfəri azadlığa buraxılır, bir nəfər isə narkomaniya ilə mübarizə çərçivəsində cəlb olunduğu müalicə prosesi bitdikdən sonra azadlığa buraxılacaq. Ümumilikdə  359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. Amnistiya Aktının icrası  4 ay müddətində davam etdiriləcək. 

Amnistiya Aktının icrasına ictimai nəzarət olduğunu deyən hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı “Şərq”ə açıqlamasında prosesin gedişindən razı qaldıqlarını bildirdi: 

- Bu Amnistiya Aktı çox böyük humanist bir addımdır. Onun Zəfər bayramımız münasibətilə imzalanması da çox  önəmlidir.  Əvvəllər də amnistiya aktları imzalanıb. Lakin budəfəki Amnistiya Aktı əhatə etdiyi məhbus sayına və kateqoriyalara görə əvvəlkilərdən fərqlənir. Məsələn, bu Amnistiya Aktı qadınları, yetkinlik yaşına çatmayanları, xəstə, ahıl məhbusları daha çox əhatə edir. 

Əlillərə, müharibə iştirakçılarına,  onların ailə üzvləri, ailəsində xəstə uşağı olan, başqa problemli ailələrin hazırda həbsdə olan üzvlərinə, yaşlı insanlara... bir sözlə, bu Amnistiya Aktı özündə böyük bir humanistlik daşıyır. 

Cəzası azaldılan, cəzasının çəkilməmiş hissəsindən azad edilənlər də var. Həm də elə məhbuslar var ki, evlərinə getməmiş müalicə müəssisəsinə göndərilirlər. Bunun özü humanist bir addımdır. Bilirik ki, narkotik vasitə istifadəçisi olub həbsdə “yatanlar” var. Bu şəxslərin müalicə müəssisəsinə yönləndirilməsi onlara və ailələrinə böyük dəstək, yardımdır. Bu insanlar cəmiyyətə sağlam vətəndaş kimi dönməlidirlər. 

S.Qocamanlı Amnistiya Aktının icrasına hüquq müdafiəçiləri və bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nəzarət imkanının olduğunu da  dedi və hər hansı pozuntu ilə bağlı məlumat daxil olarsa, Ədliyyə Nazirliyi ilə məsələnin araşdırılacağını bildirdi.