İş yerini itirənlər...

Sığorta almaq üçün daha 3 ay gözləməyəcəklər

Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsində “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunda dəyişikliklər layihəsi müzakirə olunub. Dəyişikliklər birinci oxunuşda komitədə qəbul olunub və Milli Məclisin Plenar İclasına tövsiyə edilib. Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, qanuna dəyişiklikdən sonra pay torpağı olanlar İctimai İşlərə və Özünü Məşğulluq Proqramına cəlb oluna biləcəklər. 

İş yerini itirənlər isə sığorta almaq üçün daha 3 ay gözləməyəcəklər: 

“Dəyişikliklər sosial xidmətlərə əlçatanlığın artırılması baxımından vacib hesab oluna bilər.

 Dəyişikliklərdə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub. 

Dəyişikliklər həmçinin müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılmasını özündə ehtiva edir. 

Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.

 Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi. Eyni zamanda “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişikliklərdə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunması nəzərdə tutulur. 

Çıxışımda işsizlikdən sığorta üzrə ödənişlərinin artırılması üçün mövcud mexanizmin genişləndirilməsinin zəruriliyindən danışdım. 

Həmçinin, ştaj ilə bağlı tələbin 24 aya endirilməsini, pay torpağı olanların öz torpaqlarını satdıqdan sonra bu sığortadan istifadə hüququnun əldə edilməsi kimi təkliflər səsləndirdim”.