Temperatur 10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ilə bağlı xəbərdarlıq edib. 
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi dekabrın 23-də 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək ölkə ərazisində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

15:07

“Son zamanlar sinoptik-meteoroloqlar konkret region üçün səciyyəvi olmayan hava kütlələrinin nadir, bəlkə də bu vaxtlaradək görünməyən, konfiqurasiya və hərəkət istiqamətləri ilə qarşılaşır”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. 

Onun sözlərinə görə, belə proseslərdən biri dekabrın 23-24-də gözlənilir:

“Burada qeyri-adilik nədədir? Adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya Yeni Torpaq ərazilərindən daxil olaraq havanın xeyli soyumasına və qar yağmasına səbəb olur.

Bu dəfə Şərqi Sibir ərazisində temperaturun normadan 17 dərəcəyədək enməsinə səbəb olan anomal soyuq antisiklonun qolu, hava kütlələrinin adətən qərbdən şərqə axınının əksinə olaraq, şərqdən qərbə uzanaraq dekabrın 23-24-də bizim regiona çatacaq”.

Xidmət rəsmisi qarı seyr etmək arzusunda olan şəhər əhalisinə sinoptiklərdən xoş xəbər olduğunu bildirib.

O qeyd edib ki, 23-24 dekabrda Abşeron yarımadası və Bakıda sulu qar, qar gözlənilir. Lakin temperatur rejiminin 8-10 dərəcəyədək enməsinə baxmayaraq, havanın temperaturunun müsbət 3 dərəcəyə yaxın olması davamlı qar örtüyünün yaranmasına imkan verməyəcək.  

“Ölkənin dağlıq və dağətəyi rayonlarının əhalisi isə intensiv, bəzi yerlərdə isə güclü qarın yağması nəticəsində əmələ gələn qar örtüyünü müşahidə edə biləcək”. 

U.Tağıyeva dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmağı tövsiyə edib.