Aydınxan Əbilov: “Sonanın ermənini qucaqlaması jestini alqışlayıram”

"O göstərdi ki, incəsənətdə düşmənlik yoxdur”

“Sonanın jesti Azərbaycanın sülhpərvər ölkə olduğunu bir daha sübut etdi. Bu jest dünyada alqışla qarşılandı”

“Lakin Sonaya sosial şəbəkədə ağızlarına gələni yazırlar” 


Fransanın paytaxtı Parisdə keçirilən “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində Azərbaycanı “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edib. Ümumi səslərin sayına görə 151 xal toplayan təmsilçimiz yekunda beşinci yeri tutub. Sona Əzizova müsabiqədə birinci olan Ermənistan təmsilçisi Malenanı qucaqlayaraq təbrik edib. 

Onların bu videosu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İfaçı Sona Əzizova tənqid atəşinə tutulub. Hətta bunu müharibədə qazandığımız qələbəyə kölgə saldığını da deyənlər var.

Bu barədə “Sherg.az”a danışan kulturoloq Aydınxan Əbilov bildirib ki, ermənilər də, azərbaycanlılar da düşmənliyə son qoymalı və sülh yolunu rəhbər tutmalıdırlar:

“İnsanlar anlamalıdırlar ki, incəsənətin, mədəniyyətin milliyyəti olmur. Bunu anlamayan bəzi varlıqlar sosial şəbəkəyə girib təhqirdən yağdırırlar. Məsələyə dünyəvi aspektdən baxmaq lazımdır. Azərbaycanı “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində təmsil edən Sona Əzizovanın jestini alqışlayıram. 

Sona göstərdi ki, incəsənətdə düşmənlik yoxdur. Sonanın jesti Azərbaycanın sülhpərvər ölkə olduğunu bir daha sübut etdi. Bu jest dünyada alqışla qarşılandı. Lakin Sonaya sosial şəbəkədə ağızlarına gələni yazırlar. 

Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin sosial şəbəkələrdə insanları təhqir edənlər barəsində tədbir görməyi zəruri hal alıb. Onlar cərimələnsələr, bu addımı bir daha atmazlar. 

Biz ermənilərdən böyük millətik. Həmişə böyüklər kiçik olanlara humanizm göstərirlər. Artıq xalq diplomatiyası aparmalıyıq.Estetik baxımdan Qarabağ erməniləri ilə inteqrasiyaya ehtiyacımız var. Azərbaycan Respublikasının qanunlarına əməl etməklə ermənilər də bizimlə birgə Qarabağda yaşaya bilər.

 Sülhpərvər metodlardan istifadə etmək lazımdır. Erməni aktyorlar, məşhurlar vaxtilə belə üsullardan istifadə ediblər”.

Xanlar ƏLİBƏY