İran hakimiyyəti siyasətində dönüş edə bilər

Azərbaycan bütün vəziyyətlərə hazır olmalıdır

“İran Xarici işlər naziri Ə.H.Abdullahianın ölkəmizə səfəri Tehran-Bakı əlaqələrinə impuls vermək məqsədi güdür”. Bu barədə “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı qeyri-konstruktiv siyasəti nəticəsində əlaqələr böhrana yuvarlanmışdı və bu böhranın başında birbaşa XİN rəhbəri Abdullahian dururdu. 

Lakin bir müddət sonra rəsmi Tehran Azərbaycanın yaratdığı geosiyasi reallıqları qəbul etdi: “İran-Azərbaycan əlaqələri məhz Tehran tərəfindən pozulmuşdu. Ankara, Moskvanın basqıları, rəsmi Bakının obyektiv və geri çəkilməmək siyasəti Tehranı geri addim atmağa sövq etdi. Həmçinin İrana qarşı sanksiyalar və nüvə sazişinin həll edilməməsi, bu sanksiyaları inkişaf etdirməsi də əsas səbəblərdən biridir. İran məhz region ölkələri ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişafa töhfə verə bilər. Bu da Azərbaycanla normal münasibətlərdən keçir. Hesab edirəm ki, nüvə sazişi ilə bağlı Qərblə İran arasında artan konfontrasiya və İsrailin İrana hücum təhdidləri Tehranın Rusiya, Türkiyə, Azərbaycan platformasına yaxınlaşmasına səbəb oldu”. 

Siyasi şərhçi xatırladıb ki, Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Türkmənistan qazının Avropaya ixracını nəzərdə tutan üçtərəfli müqavilə Tehran-Bakı əlaqələrində yeni mərhələyə keçidin əsasını qoydu: 

“İranda hakimiyyətdə mühafizəkarlardır və öz siyasətlərində dönüş edə bilərlər. Azərbaycan da buna hər an hazır olmalıdır. Rəsmi Bakı İrandan tələb etməlidir ki, dövlət sərhədində narkotik kuryerlerinə qarşı sərt addım atılsın. Digər yandan Tehran hökuməti Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanı ratifikasiya etsin. Ən əsası isə Azərbaycanda məzhəbçi siyasətə son qoysun”.