Bakıda Gürcüstan azərbaycanlılarının miqrasiya problemləri müzakirə olunub

“Soydaş” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin və “Arbitrum” Vəkil Bürosunun dəstəyilə Gürcüstandan olan azərbaycanlıların miqrasiya və digər hüquqi problemlərlərilə bağlı görüş keçirilib.

Sherg.az xəbər verir ki, görüşü giriş sözü ilə açan İctimai Birliyin sədri Kamran Ramazanlı məlumat verərək, bildirib ki, Soydaş İctimai Birliyi olaraq iki ildən çoxdur ki, soydaşlarımızın maraqlarını müdafiə edir, onların müxtəlif sahələr üzrə qarşılaşdıqları problemlərin həllinə yardımçı olmağa çalışır.

O qeyd edib ki, Miqrasiya İdarəsilə sayca ikinci olan bu tədbirdə soydaşlarımızın ümumiləşdirilmiş problemləri müzakirə olunacaq, tədbirdə iştirak edən vəkillər isə fərdi problemlərlə bağlı soydaşlarımıza təmənnasız hüquqi yardım göstərəcəklər:

“Bizə mütəmadi olaraq Azərbaycan Respublikasında yaşayan və fəaliyyət göstərən soydaşlarımız tərəfindən Miqrasiya Qanunvericilyi, Əmlak məsələləri, Cinayət hüququ, Əmək Qanunvericiliyi və digər hüquqi prosedurlarla bağlı çoxsaylı müraciətlər daxil olur. Hər zaman soydaşlarımızın suallarını cavablayır, onlara yardımçı oluruq. Qərara gəldik ki, bu dəfə daha geniş auditoriya üçün eyni anda ödənişsiz hüquqi yardım göstərək”.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və Hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev çıxış edərək, bildirib ki, son illərdə ölkəmizdə aparılan miqrasiya siyasətində soydaşlarımızın və xarici vətəndaşların daha rahat gediş-gəlişini təmin etmək üçün bir sıra tədbirlər görülüb. O, qeyd edib ki, soydaşlarımıza dəstək olmaq məqsədilə onların vaksinasiya prosesinə cəlb olunması daha da asanlaşdırılıb, onların ölkə vətəndaşları kimi vaksin olunmaları üçün hər cür şərait yaradılıb:

“Lakin bununla belə soydaşlarımızın iş problemləri, vətəndaşlıq məsələləri ilə bağlı bir çox ümumi problemləri də mövcuddur ki, təbii ki, bu məsələlərə qanunvericilik nəzərə alınaraq baxılmalıdır. Belə problemlərin bir çoxu fərdi qaydada baxılmalı, ona uyğun qərar verilməlidir”.

“Arbitrium” Vəkil Bürosunun rəhbəri Polad Mehdi bildirib ki, rəhbərlik etdiyi Vəkillər Bürosu Azərbaycanda aztəminatlı ailələr üçün vaxtaşırı təmənnasız hüquqi yardım göstərir:

“Bu cür hüquqi yardım aksiyaları Azərbaycan Vəkillər Kollegiyasının üzvləri tərəfindən artıq bir ənənə halını alıb. Bizim büro da Vəkillər Kollegiyasının üzvü kimi vaxtaşırı bu cür aksiyalarda yaxından iştirak edir. Soydaşlarımızın hüquqi problemlərinin, o cümlədən miqrasiya ilə bağlı ciddi problemlərinin olduğunu bilirik. Çalışırıq ki, bu problemlərin həllində onlara dəstək olaq, onları hüquqi baxımdan doğru istiqamətləndirək ki, onlar bu problemlərini həll edə bilsinlər”.

Qeyd edək ki, çıxışlardan sonra tədbirdə iştirak edən Gürcüstan vətəndaşlarını maraqlandıran suallar cavablandırılıb. Soydaşlarımızın fərdi problemlərilə bağlı vəkillər soydaşlarımıza məsləhət verib, onların problemlərinə dəstək olmağa çalışıblar. Qərara alınıb ki, soydaşlarımızla bağlı bu cür tədbirlər mütamadi keçirilsin, onların problemlərinin həllinə kömək olunsun.