Nazir müavini: “Azərbaycan kibertəhlükəsizlik hesabatında 40-cı yerdə qərarlaşıb”


“Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırlanıb”.

Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.

O bildirib ki, bu gün informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiya axınının sürətlənməsi və yeni informasiya ekosisteminin formalaşması dezinformasiyaya olduqca münbit şərait yaradır:

“İnternet vasitəsilə saxta xəbərlərin yayılması beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır. Vətən müharibəsi dövründə ölkəmizdə aktiv sosial şəbəkə istifadəçilərinin hesablarının fəaliyyəti əsassız şikayətlər nəticəsində məhdudlaşdırılmışdır. Bununla əlaqədar sosial şəbəkə inzibatçılarına edilmiş müraciətlər nəticəsində əksər hesabların fəaliyyətinin bərpası təmin edilmişdir. Sevindirici haldır ki, hazırda ölkəmiz kibertəhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrdən öndədir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu “Qlobal kibertəhlükəsizlik indeksi” hesabatına əsasən Azərbaycan reytinqdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb”.

“Dezinformasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən digər bir mövzu onlayn xəritə platformalarında ölkəmizə məxsus müxtəlif coğrafi adların, o cümlədən işğaldan azad edilmiş ərazilərin adlarının məqsədli şəkildə dəyişdirilməsi halları ilə əlaqədar bu platforma inzibatçılarına müraciətlər edilmiş, coğrafi adların bərpa edilməsinə nail olunmuşdur. Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” layihəsi hazırlanmışdır”, - deyə o, yekunda qeyd edib.