Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Brüssel və Haaqa şəhərlərində silsilə tədbirlər keçiriləcək

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı 2022-ci ilin fevral ayının 23-27-də Avropanın siyasi mərkəzi hesab olunan Brüssel və Haaqa şəhərlərində silsilə tədbirlər keçirəcək.
ATXƏM-in mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçiriləcək tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az saytının baş redaktoru Vasif Həsənli iştirak edəcəklər.

Qeyd edək ki, dörd gün davam edəcək silsilə tədbirlərə Belçika Türkcə Media Birliyi, Gent Türk Ocaqları, eləcə də Hollandiya Azərbaycan Türk Kültür dərnəyi, Avropa Azərbaycanlıları Konqresi də dəstək verir. Brüssel, Gent və Haaqa şəhərlərində keçiriləcək tədbirlərdə Avropa cəmiyyəti Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olacaq, erməni vandalizmi ilə bağlı bir daha məlumatlanacaqlar.