Əllərində çiçəklər! - “Sevgililər günü”, yoxsa...! – “Sevmədən ölmək də bir şey deyil” 



14 fevralın “Sevgililər günü” kimi qeyd olunması Roma Katolik Kilsəsi dövrünə aiddir. Valentin adlı bir keşiş romalı əsgərlərin evlənməsinin yasaq olduğu dövrdə onların evlənmələrinə yardım edir. Buna görə 496-cı ilin14 fevralında Roma Papası Gelasius Valentinin edamına qərar verir. Digər tərəfdən,1381-ci il tarixli “Parlament of Foules” adlı kitaba görə,Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşmə günü sayılırdı.Tarixi səbəbi nə olursa olsun hazırda bu gün dünyanın bir çox yerində “Sevgililər günü” olaraq qeyd edilir. Azərbaycanda da uzun illər qeyd olunmasına baxmayaraq hələ də insanlar arasında 14 fevralla bağlı kifir ayrılığı mövcuddur. 

Bu günlə bağlı  fikirlərini Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Günay Nəriman,  “Kulis.az”ın baş redaktoru,  yazıçı, şair Ulucay Akif  və jurnalist Aləmdə Nəsib “Sherg.az”la bölüşüblər. 

G.Nəriman məhz bu gündə insanların bir-birinə qarşı olan sevgisinin daha artdığını düşünür: 

“Bu baxımdan 14 fevralın ölkəmizdə də “Sevgililər günü” kimi  qeyd olunması yaxşıdır. Amma mən istərdim ki,bizdə bu gün milli olaraq Fərizə və İlhamın toy günündə qeyd olunsun”. 

U.Akif  bildirib ki,hazırda dünya iri addımlarla sevgisizliyə doğru gedir:

 “Bu, məni çox qorxudur. İndi adamlar sevgini smartfonlarının ekranlarında dəfn edir. İnsanlar sevmək yox, sevilmək istəyir. Sevgi haqqında  bunlardan başqa deyə biləcəyim heç nə yoxdur”.

A.Nəsibin fikrincə, bu gündə "Sevginin günü olmaz" kimi bəhanələrlə könül sındırmaqdansa, qarşı tərəfə kiçik bir hədiyyə vermək, xoş bir sözlə söyləmək daha doğrudur: 

“Səhər tezdən işə gələndə əlində gül, ürək formasında şarlarla hədiyyə aparan gəncləri görmüşəm, könlüm açılıb. Bu gün necə, niyə yaranıb fərqi yoxdur. Qoy sevdiyini ifadə etməyi unudan, buna utanan insanlar üçün bir bəhanə olsun. Bunun nəyi pisdir? Səmimi olaq.

Ümumilikdə hamımız sevilməyi, sevildiyini duymağı istəyir, bundan xoşlanırıq. Bu fani dünyada yaşamadan, yaşatmadan  sevmədən ölmək də bir şey deyil.Yaşamağa zaman ayırmaq lazımdır”.

Qeyd edək ki,14 fevral sevgililər günü bəzi müsəlman ölkələrində Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistanda qeyd olunmur.