Qurban Yetirmişli:“Zəlzələlər enerji tam boşalana kimi davam etməlidir”

Azərbaycanda 3-3,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb. Zəlzələ Gəncə ilə yanaşı, Qazax Tovuz Ağstafa Şəmkir Daşkəsən Gəncə və digər ərazilərdə, o cümlədən Mərkəzi Aran rayonlarında da hiss olunub. Xatırladaq ki, fevralın 13-də yerli vaxtla saat 22:25-də Gürcüstanda da 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Episentr Dmanisi yaxınlığındakı Sameba kəndində olub.

Baş verən hadisələrin davam etməsi və dağıntılara səbəb olması ehtimalı cəmiyyətdə narahatlıq doğurur. 

Bu barədə “Sherg.az”a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, Azərbaycan üçün hər hansı təhlükə yoxdur:

“Həmin zəlzələ ocağında avtoşoklar olur. Dünən axşamdan bəri baş verən zəlzələlər enerji tam boşalana kimi davam etməlidir. Bizim ərazidə yaşanan  təkanlar qərb bögəsində yerləşən yaşayış məntəqələrində, rayonlarda hiss olunmuşdu və bu barədə məlumat verildi. Gürcüstan və Ermənistanla sərhəddə baş verən bu zəlzələlər dağlıq ərazidə olduğundan çox böyük fəsadlar törətməyib. Bizim ərazilərdə bu zəlzələlərin davamı ola bilməz. Məsafə və təsir etibarilə mümkün deyil. Yəni, qorxulu heç nə yoxdur”.

Sənan İsmayıl