“Sosial media haqqında” qanuna zərurət yoxdur

İctimai nəzarət funksiyası hazırda sosial media vasitəsilə gerçəkləşir

Osman Gündüz: "Ümid edirəm ki, bu platformanı kimsə məhdudlaşdırmağa cəsarət etməyəcək"

“İnformasiya inqilabı, sosial şəbəkələr və dezinformasiya fenomeni bir çox ölkələrdə hüquqi-qanunvericilik sahəsində çox ciddi çağırışlar edib”.
Bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, suveren dövlətlərin informasiya məkanı çoxsaylı təhdid və təzyiqlərə məruz qalır: “Bununla yanaşı, adekvat “Sosial media haqqında” milli qanunvericiliyin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib. Bu məsələ dövlət atributlarından, fundamental insan, mülkiyyət hüququndan tutmuş bütün sahələri əhatə edir. Yeni yaranan və sürətlə inkişaf edən rəqəmsal kriptovalyutalar, onların milli iqtisadi və siyasi təhlükəsizliyə təhdidləri isə ayrıca bir istiqamətdir. Sadalanan bu və digər məsələlər bütövlükdə kiber təhlükəsizliklə bağlı olmaqla yanaşı, milli təhlükəsizliyin önəmli sahələrindən birini təşkil edir”.

Azərbaycanda vaxtaşırı gündəmə gələn “Sosial media haqqında” qanunla bağlı fikirlər həmişə müxtəlif olub. 
Bu barədə “Şərq”ə danışan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hazırkı dövrdə belə bir qanuna ehtiyac olmadığını bildirib.

 “İndiki zamanda “Sosial media haqqında” qanuna yox, ölkədə rəqəmsal bazarın inkişafına yönəlik addımların atılmasına daha çox ehtiyac var.

Ölkə daxilində “Sosial media haqqında” qanunun qəbulu ilə bağlı hər hansı bir çağırış, belə bir prioritetin olması müşahidə olunmur.  Azərbaycanın strateji inkişafına yönəlik hüquqi sənədlərdə öncəliklərimizlə  bağlı belə bir yanaşmaya da rast gəlməmişəm. Əksinə, Prezident İlham Əliyevin bir neçə gün öncə sosial media ilə bağlı çıxışlarında diqqət sosial medianın tənzimlənməsinə yox, onun əhəmiyyəti və faydalı tərəflərinə yönəlib.
Düşünürəm ki, indiki zamanda Azərbaycan sosial mediası üçün yeganə prioritet məsələ onun inkişafı və digər sektorlara inteqrasiyası ilə bağlı ola bilər.

Ölkədə dezinformasiyanı sıfıra endirmək üçün rəsmi məlumatların açıqlanmasını inkişaf etdirmək, şəffaf və açıq məlumat bazaları mühiti yaratmaq, informasiya resurslarını inkişaf etdirmək lazımdır. Dayanıqlı, rəsmi informasiyaların əlçatan olduğu mühitdə dezinformasiya hər hansı əhəmiyyət kəsb etmir.

Azərbaycan sosial mediası böyük bir ictimai nəzarət platformasıdır. Prezidentin zaman-zaman vurğuladığı ictimai nəzarət indiki zamanda əsasən Azərbaycan sosial mediası vasitəsilə gerçəkləşir. Ümid edirəm ki, bu ictimai nəzarət platformasını kimsə məhdudlaşdırmağa yönəlik addımlar atmağa cəsarət etməyəcək.

Azərbaycan sosial mediası üzərində nəhəng biznes var, bunun üzərində dövlət qurumları “oturub”, ənənəvi medianı buraya inteqrasiya edib.

 İndiki halda diqqət yetirilməli məsələ odur ki, dövlət onun imkanlarından daha yaxşı istifadə edib vətəndaşla əlaqələri daha effektiv etsin.

 Sosial media üzərində qurulan rəqəmsal biznesi daha da inkişaf etdirmək, ənənəvi medianın sosial mediadan daha effektiv istifadə etməsi üçün yollar axtarılmalıdır.  
Yaxşı olar ki, rəsmilər ilk növbədə qlobal sosial media resursları ilə əməkdaşlıq imkanları axtarsınlar, onları Azərbaycana dəvət etsinlər, onların data bazalarının, serverlərinin Azərbaycanda qurulması üçün əlverişli mühit formalaşdırsınlar”.
Osman Gündüzün sözlərinə görə, bu sektora yanaşma daha çox biznes yanaşması olmalıdır. 
“Əlbəttə, Azərbaycanın rəqəmsal bazarı çox kiçikdir. Buradan əldə olunan vəsaitlər qlobal resurslar üçün elə də cəlbedici deyil.

Azərbaycanda “Azerbaijan Digital Hub” layihəsinin gerçəkləşəcəyini,  Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistan tərəfə çəkiləcək informasiya magistrallarını, adıçəkilən layihə çərçivəsində Bakıda nəhəng Data Mərkəzin qurulacağını nəzərə alsaq, qlobal resursların Azərbaycana  gəlməsi üçün  maraqlar yarana bilər.

Yalnız bu addımlardan sonra tənzimləmə və vergiyə cəlb etmə işlərinə başlamaq doğru olardı.
Ölkə başçısının son günlər açıqlamalarından görünür ki, sosial medianın Azərbaycan üçün əhəmiyyəti hədsiz böyükdür. 
Amma bizim rəqəmsal bazar balacadır. 

Yəni açıq desək, bu resurslar bizə nə qədər lazım və vacibdirsə, qlobal sosial media sahibləri üçün biz bir o qədər cəlbedici deyilik. Lap kobud desək, onlar bizə çox  lazımdır, biz onlara elə də lazım deyilik.

Bu baxımdan ehtiyatla hərəkət etmək, daha çox faydalanmaq, sərt tənzimləmə məsələlərində səbrli olmaq, biznes münasibətləri qurmaq doğru olardı.

Böyük dövlətlər də qlobal sosial media resurslarını parçalamaq, ikili standartlardan yaxa qurtarmaq və məsuliyyət çərçivəsini müəyyən etmək üçün bir neçə ildir ki, baş sındırırlar.
 Ona görə də, bu istiqamətdəki qlobal addımların nəticəsini gözləmək daha doğrudur”.

Sənan İsmayıl