Ramiz Mehdiyevin köməkçisi polisə müqavimət göstəribmiş - YENİLƏNİB + VİDEO


AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov polisə müqavimətdə ittiham olunub.

APA-nın xəbərinə görə, E. Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib.

Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Əmirov 30 sutka həbs edilib.

Qeyd edək ki, Eldar Qurban oğlu Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevin köməkçisi olub.

13:27

Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub. 

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş. 

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var. 

Belə ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb. 

12:06

Daxili İşlər Nazirliyi (DİN) dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Eldar Əmirov dünən nazirliyə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb:

“Hazırda məsələ barədə araşdırma aparılır”.

Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi işləyib.