Məktəbdən intihar etdiyi deyilən qız barəsində AÇIQLAMA - YENİLƏNİB

Sabunçuda intihara cəhd edildiyi deyilən məktəbli barədə təhsil müəssisəsi açıqlama verib. 
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonundakı məktəblərdən birinin 6-cı sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) anası qızının xəstəxanaya yerləşdirildiyi barədə məktəbə məlumat verib:

“Məktəb rəhbərliyi şagirdin məktəbə gəlməmə səbəbini araşdırdıqda məlum olub ki, həmin şagird 14 fevral tarixində axşam saatlarında yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Qeyd edək ki, həmin şagird hələ ibtidai sinifdə oxuduğu dövrdə də onda dəfələrlə qıcolmalar və ürəkgetmə halları müşahidə olunub. Son olaraq fevralın 7-də şagird məktəbdə yenə huşunu itirib, ilk tibbi yardımdan sonra valideyninə təhvil verilib”.

“Valideynin məlumatına əsasən hazırda şagirdin xəstəxanada müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətləndirilir”, - deyə qeyd edilib. 

09:08

Sabunçuda intihara cəhd hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonunda “Sabunçu körpü”sü kimi tanınan yerdə qeydə alınıb.

2009-cu il təvəllüdlü Abbaszadə Nailə Pərviz qızı körpünün üzərindən özünü atıb. O, ağır kəllə-beyin travması və çox saylı sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb.