Yollardakı dəmir arakəsmələr, yaxud “ət maşını”? - "Ölüm mənbəyi...” – Keçmiş nazirin “maxinasiyası”...

Uzun müddətdir ki, yollardakı dəmir arakəsmələr sürücülərin, eləcə də əhalinin narazılığına səbəb olur. Xüsusilə Bakının magistral yollarında belə arakəsmələrə çox rast gəlinir. Bu arakəsmələr qəzalara səbəb olmaqla yanaşı, həmin qəzalarda insanların həyatı üçün təhlükə riskini daha da artırır.
Ötən gün Bakı-Quba yolunda baş verən qəzada da  “Mercedes-Benz E320” markalı avtomobil idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək nəqliyyat vasitəsini aşırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyevin verdiyi açıqlamaya görə avtomobilin içərisində olan 3 şəxs həyatını itirib. O bildirib ki, qəza nəticəsində sürücü S.Əliyev və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.

Sözügedən dəmir arakəsmələrin yaratdığı təhlükələrlə bağlı “Sherg.az”a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu arakəsmələr heç bir əhəmiyyətə malik deyil:

“Dəmir konstruksiyalar artıq ölüm mənbəyinə çevrilib. Belə demək mümkündürsə, dəmir arakəsmələrin yol hərəkəti təhlükəsizliyi ilə bağlı hər hansı bir rolu yoxdur. Baş verən hadisələr və onların görüntüləri göstərir ki, onlar heç bir əhəmiyyətə malik deyil. Bu dəmirlərin yığışdırması prosesi gedir. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov hardansa bunları tapıb gətirdi, yeyinti mənbəyi olaraq üzə çıxardı. Onun da fəsadlarını bu gün insanlar yaşayır. Ziya Məmmədov belə təqdim etmişdi ki, bu araskəsmələri alman mühəndisləri quracaq. Bildirmişdi ki, bu elə bir texnologiya olacaq ki, avtomobil dəmirlərə toxunduqda onu geriyə itələyəcək. Yəni, elastiklik funksiyası olacaq və nəticədə qəza zamanı ölüm riski olmayacaq və.s. O, bunları vəd verdi və texnologiyanı qurmağa başladı. Amma çox qısa müddətdə baş verən qəzalar göstərdi ki, Nəqliyyat Nazirliyi onları texnoloji qaydalara əməl etmədən qurub. Onun da ağır fəsadları bu gün baş verməkdədir”.

Ekspert arakəsmələrin dəyişdirilməsi prosesinin davam etdiyini vurğulayıb:

“Bu baxımdan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tamamilə doğru addım atır. Artıq bir çox yollarda arakəsmələr betonla əvəz olunub. Çünki onlar texnoloji cəhətdən sıfır səviyyəsindədir, heç bir effekti yoxdur. Əksinə daha təhlükəlidir. Maşına dəyirsə, qırılır və maşın yoldan kənara aşır. Eyni zamanda maşından içəri daxil olub salondakı sürücü və sərnişinlərə daha ağır zərər yetirir. Ona görə də bu təhlükəni daha tez aradan qaldırmaq lazımdır”.

E.Muradlı Bakı-Quba yolundakı vəziyyətdən də söz açıb:

“Bakı Quba yolu niyə qalıb? Çünki bu yol get-gedə bərbad vəziyyətə düşür. Orada əsaslı təmirə ehtiyac var. Yəqin ki, təmirdən sonra orada da beton arakəsmələri görəcəyik. Amma yaxşı olardı ki, təmiri gözməsinlər. Vaxtında beton arakəsmələr qoysunlar, bunları da elə tətbiq etmək lazımdır ki, avtomobil ora toxunduqda bir elastiklik yaransın, aşıb əks istiqamətə çıxmasın, dərəyə aşmasın.

Dünyada bu texnoloji yenilikləri tətbiq edən böyük dövlətlər var. Onların təcrübələrini öyrənmək lazımdır”.

Çimnaz Şahlar