Vətən müharibəsi iştirakçılarının işlə təmini bir nömrəli vəzifədir

Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir


“Vətən müharibəsində öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin”.
Bunu Prezident İlham Əliyev fevralın 18-də icra başçılarının təyinatı ilə əlaqədar videoformat şəklində keçirdiyi görüşdə deyib.
Dövlət başçısı bildirib:

"Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır.
Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür - Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır".

Müharibə iştirakçılarının məşğulluğunun təmin olunması istiqamətində aparılan işlərlə bağlı “Şərq”ə danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov hazırda bu sahədə müəyyən işlərin görüldüyünü bildirib. 

“Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi marafon keçirilir. Onlar hər ay nəticələrlə bağlı ictimaiyyətə hesabat verirlər. Orada nə qədər müharibə iştirakçısının işlə təmin olunduğu qeyd olunur. Birinci Qarabağ müharibəsində iştirak edib hələ əmək qabiliyyətli olanlar da var. Bu, onlara da aiddir. Eyni zamanda şəhid ailələrinin də məşğulluğu təmin olunmalıdır. 

Amma hər təklif olunan iş qəbul oluna bilmir. Vətən müharibəsi iştirakçılarının içərisində sağlamlığını itirib əllilik dərəcəsi almış insanlar var. Onlar üçün hər iş münasib deyil. Buna görə bəzən problemlər yaranıb. Yerli icra hakimiyyəti orqanları bir çox hallarda bu problemləri həll etməyə yetərincə səy göstərmirlər. Ancaq hamısına aid deyil. 

Sahib Məmmədov eyni zamanda qeyd etdi ki, məşğulluğu tam təmin olunmayanlar da olur: 

“Ona görə də bu məsələ prezidentin diqqətindədir. Hələ müharibə dövründə qazilərlə görüşdə dövlət başçısı bildirmişdi ki, "mən həmişə sizin yanınızdayam". Eyni zamanda birinci vitse-prezident onlara müraciət edərək, "siz mənim qardaşlarımsınız", demişdi. Yəni bu problemlər ölkə başçısının və birinci vitse-prezidentin diqqət mərkəzindədir. Ədalət naminə deməliyik ki, bu sahədə xeyli işlər görülüb. 

Amma məşğulluğu tam təmin olunmayanlar da olur. Mənə bir neçə dəfə qazilər müraciət edərək bildiriblər ki, onlar davamlı məşğul deyillər. Bu məlumatlar prezidentə də verilir. Ona görə də bu tapşırıq bütün yerli icra hakimiyyəti orqanlarına aiddir. Onlar da bu məsələdə daha diqqətli olmalıdırlar”.      

Sənan İsmayıl