Forsmajor hallarda hüquq işləmir

Yaxşı olar ki, universitetlərdən uzaqlaşdırılan rus tələbələr ilk öncə Putinə etiraz etsinlər

   Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzündən sonra Avropada təhsil alan rusiyalı tələbələrin təhsil qeydiyyatının ləğvi və onların ölkələrinə geri göndərilməsinə qərar verilib. Rus tələbələr isə buna etiraz edərək təhsil hüquqlarının əllərindən alınmasından narazı qalıblar. Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova rusiyalı tələbələrin hüquqlarının müdafiəsi ilə bağlı avropalı hüquq müdafiəçiləri və bir sıra universitetlərin rektorlarına müraciətlər ünvanlayıb. 

Məsələni “Şərq”ə dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu deyib ki, hüquq və fakt ayrı anlayışlardır. Ekspertə görə, hüquq məntiqə bağlıdır və bütün elmlər məntiq əsasında formalaşır: 

“Hesab edin ki, bir ölkədə vətəndaş digər şəxsin əmlakına ziyan vurub. Normal ölkələrdə bu ziyanı dövlət ödəyir. Çünki dövlət xuliqanlıqla məşğul olan vətəndaşına düzgün tərbiyə verməyib, onu normal şəxsiyyət kimi yetişdirə bilməyib. Yaxud bir ölkənin başçısı hansısa beynəlxalq normanı pozaraq bütün dünya xalqları üçün təhdid yaradır. Rusiya rəhbəri Vladimir Putinin simasında da bunu söyləmək mümkündür. Kreml rəhbərinin addımları forsmajor hal yaradır. Forsmajor hallarda isə hüquq işləmir. Ona görə də hesab edirəm ki, xarici ölkələrin universitetlərində təhsil alan rus tələbələrin etirazının əsası yoxdur. Bu, birbaşa tələbələrin olmasa da, Putinə səs verən, onun işğalçılıq siyasətini dəstəkləyən valideynlərinin günahıdır. Rus ictimaiyyəti öz sözünü deməyi bacarsaydı, başlarındakı şəxs digər ölkələrə qarşı hərbi təcavüzdən çəkinərdi”. 

N.Qulamoğlunun fikrincə, Kreml rəhbərinə bu qədər səlahiyyət verən, onun əl-qolunu uzun edənlər məhz rus xalqıdır: 

“Təsəvvür edin, Rusiyanın 400 deputatından biri belə Ukrayna ilə müharibəyə qarşı çıxmayıb, hamısı işğalın lehinə səs veriblər. Həmin deputatları seçən rus toplumudur. Yaxşı olar ki, rus tələbələr Avropa ölkələrinə, təhsil aldıqları universitetlərin rəhbərlərinə deyil, işğalçılıq siyasəti ilə onların uzaqlaşdırılmasına səbəb olan Putinə qarşı çıxsınlar, ona etiraz etsinlər. Rusiya ilə bütün əlaqələri kəsmək lazımdır. Sadəcə, iqtisadi sanksiyalar yetərli deyil”.