“Wolt” şirkəti kuryerlərin maaşla bağlı etirazlarına CAVAB VERDİ - YENİLƏNİB + FOTO

Ötən gün və bu gün “Wolt” şirkəti ilə əməkdaşlıq edən bir qrup kuryer etiraz aksiyası keçirib.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, kuryerlər bu gün etiraz əlaməti olaraq tətbiqdə oflayn olmağı seçiblər.
Kuryerlər iddia edirlər ki, şirkət rəhbərliyi onların maaş artımı ilə bağlı müraciətlərini və digər zəruri tələblərini dinləmir. Eyni zamanda, rəhbərlik tərəfindən psixoloji təzyiqlərə və işdən azad edilməklə hədələndiklərini də deyirlər. 

Oxu.Az-ın məsələ ilə bağlı “Wolt” şirkətinin Azərbaycan üzrə marketinq şöbəsinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, “Wolt” şirkətinin kuryerlərin etirazına görə və ya onlayn olmadıqları səbəbi ilə əməkdaşlığı dayandırması və kuryerlərə hədə-qorxu gəlməsi tamamilə yanlışdır:

“Xatırladaq ki, “Wolt” sifarişlərini çatdıran kuryerlər şirkət əməkdaşları deyil və xidməti müqavilə əsasında çalışan fərdi sahibkarlardır. Biz bütün partnyorlarımıza hörmətlə yanaşırıq və biznesimizin necə idarə olunması haqda fikirlərimizin üst-üstə gəlməməsi səbəbindən heç zaman əməkdaşlığımızı bitirmirik.

Belə ki, dünən, 21 aprel tarixində bir qrup kuryer ödəniş modelimizə edilən bəzi dəyişikliklərlə bağlı narazılığını bildirmək üçün “Wolt” sistemində oflayn olmaq qərarını verib. Bu cür dəyişiklər, hər zaman olduğu kimi, mövcud tələbat əsasında olunur və dəyişiklərin olunmasına baxmayaraq, kuryer-partnyorlarımıza təqdim olunan ödənişlər yenə də bazar səviyyəsinə uyğun olaraq qalır.

Məsələn, hazırda müqəddəs Ramazan ayı ilə əlaqədar gün ərzində sifariş sayı bir qədər aşağıdır. Bu səbəbdən qazancların nisbətən aşağı düşməsi də gözləniləndir. Tələbatın aşağı enməsi həm bizə, həm də kuryer-partnyorlara öz təsirini göstərir və biz kuryerlərin narazılığını çox gözəl başa düşürük.

Dünən axşam radələrində biz ofisimizdə həmin kuryerlərin bir hissəsi ilə görüş keçirib, onların fikirlərini diqqətlə dinlədik. Aldığımız məlumatlara əsasən, növbəti addımlarımız haqda düşünəcəyik. Oflayn olaraq etirazlarını bildirən heç bir kuryer ilə əməkdaşlıq dayandırılmayıb. Həm dünən, həm də bu gün ərzində çatdırılma xidməti stabil olaraq işini davam etdirir”.

11:29

Bakıda kuryerlər tətil çağırışı etdilər.

Bu barədə məlumat “Facebook” sosial şəbəkəsində paylaşılıb. Belə ki, “Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb. İddiaya görə, onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar. 

İşçilərin iddialarına görə, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var. 

“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, - deyə çağırışda bildirilir.

Hər gün səhərdən-axşama “şeytan arabasıyla” yollarda şütüyən kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər. 

İşçilər birlikdə olmağın yaratdığı gücdən əmindirlər. 

“Kiçik qar dənəcikləri böyük qar topaları yarada bilir”, - deyə məlumatda qeyd edilib.