Könüllülərin iştirakı ilə çimərliklər təmizlənəcək

“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında 100-ə yaxın könüllünün iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcək.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, kampaniya aprelin 30-da Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçəcək.

Kampaniyanın məqsədi ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-nin Ətraf Mühit proqramı modelini ölkəmizdə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını yüksəltməkdir.
Ümumilikdə layihə vasitəsilə gənclər arasında ekoloji maarifləndirmə işi aparılacaq, gənclər ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırılacaqlar, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə onların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradılacaq. Xüsusilə plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumat paylaşılacaq.
Ekoloji kampaniyada iştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçərək müraciət edə bilərlər. Qeyd edilib ki, kampaniyaya qatılmaq istəyənlər 28 aprel 2022-ci il saat 18:00-a kimi müraciət edə bilərlər.
Ətraflı məlumat üçün [email protected] e-mail adresi və ya 055 391 15 21 mobil nömrə vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.