İzdiham yoxdur: Ermənistan müxalifəti dönüş yarada bilməyəcək

Çünki yenidən müharibə istəməyən ermənilər Paşinyanı dəstəkləmək yolu tuturlar

   Ermənistan paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Müxalifət onun başçılıq etdiyi hökuməti Qarabağ məsələsində “yolverilməz güzəştlərə getməkdə” ittiham edir. Paşinyanın “fərsiz siyasəti” sayəsində Ermənistanın yeni təhdidlərə düçar olduğu və hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyini bildirirlər. Mayın 1-də İrəvanda planlaşdırılan müxalifətin “ümumxalq” mitinqinə qatılmaq üçün də ölkənin müxtəlif bölgələrindən paytaxt istiqamətinə piyada yürüşləri başlanıb.

Etiraz aksiyalarına 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri də qatılıb. Onlar Ermənistanın Baş Prokurorluğu binasına yollanıblar. Valideynlər Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması üçün “kifayət qədər material topladıqlarını” iddia ediblər. Ermənistan Milli Təhülkəsizlik xidmətinin sabiq direktoru Artur Vanetsyan mübarizənin ikinci mərhələsinin başladığını açıqlayıb. 

Gəncləri etiraz aksiyalarına qoşulmağa çağıran Vanetsyan onlara tanınmış musiqiçilərdən ibarət konsert vəd edib. Təbii ki, radikal müxalifətçi revanşist qüvvələrin Ermənistan cəmiyyəti üçün hazırladıqları qanlı-qadalı “sürpriz”dən bəhs etməyib. Reallıq isə odur ki, Ermənistanın 44 günlük müharibədə ağır məğlubiyyətini hakimiyyətə gəlmək üçün əlverişli şans kimi qiymətləndirən revanşistlər İrəvanın Azərbaycanın prinsipial mövqeyi qarşısında addım-addım geri çəkildiyini gördükcə Paşinyan hökumətinə təzyiqi daha da gücləndirirlər. Bir vaxtlar münaqişədən hakimiyyətə gəlmək üçün istifadə edən qüvvələr indi də İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən eyni məqsədlə yararlanmağa çalışırlar. Ancaq yürüş və aksiyalarda kifayət qədər az adamın olması göstərir ki, erməni ictimaiyyəti revanşistlərə etimad etmir. 
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Ermənistan müxalifətinin ölkədəki problemlərlə, ermənilərin sosial durumu və gələcəyi ilə bağlı vahid ideoloji baxış bucağı yoxdur. 

Analitikə görə, fərqli və ziddiyyətli görüşlərə sahib radikal müxalifləri, revanşist qüvvələri birləşdirən amil məhz Nikol Paşinyandır: 

“Müxalifət birbaşa Paşinyana qarşı mübarizə aparır. Ancaq erməni əhalisinin 80 faizi küçələrə çıxmır, passivlik nümayiş etdirirlər. Əlbəttə, bu mənzərə heç də onların indiki hakimiyyəti dəstəkləməsindən irəli gəlmir. 2018-ci ildəki “məxməri inqilab” zamanı ermənilərin gözləntisi böyük idi. Amma onların gözləntisi reallaşmadı. Digər çəkindirici səbəb isə 44 günlük müharibə ilə bağlıdır.

 Erməni ictimaiyyəti fərqindədir ki, əgər hakimiyyət dəyişərsə və hökumətə militarist qüvvələr gələrsə, yeni müharibə başlaya bilər. Yenidən müharibə istəməyən ermənilər Paşinyanı dəstəkləmək yolu tuturlar. Əhalinin 70-80 faizi Paşinyanı dəstəkləyir. 

Ermənilər müharibənin onlara necə aqibət yaşatdığını görüblər. İkincisi isə sosial və iqtisadi məsələlərlə bağlıdır. Siyasi mənzərəyə baxsaq, görərik ki, baş nazirə dəstək verənlər arasında 2016-cı il aprel döyüşlərindən sonra S.Sarkisyana qarşı çıxan “Sasna tsrer” adlı qruplaşma da var. 

Eyni zamanda ABŞ və Avropa İttifaqı ilə bağlılığı olan QHT-lərdə baş nazirin yanında yer alırlar. Rusiya tərəfi də Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı qərar verməyib. Bu gün erməni seçiciləri heç də ruspərəst siyasətçinin hakimiyyətə yiyələnməsini istəmirlər. Moskvada bunu anlayırlar. Ümumən götürdükdə, müxalifətin aksiyalarında izdiham yox səviyyəsindədir”.