“Yerli və xarici tədqiqatlarda Mustafa Çokayın irsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans...

Öz əslinə qayıdış, keçmişin tarixi şəxsiyyətlərinin təmiz adını bərpa etməsi türk dünyası dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Qazaxıstanda bir gün əvvəl baş vermiş hadisə xüsusi diqqət çəkir.

Milli Akademik Kitabxanada “Yerli və xarici tədqiqatlarda Mustafa Çokayın irsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Bu mövzuda ətraflı material Qazaxıstanın aparıcı informasiya resursunda https://kazpravda.kz/ dərc edilib. Rusiyanın Regional Problemlər İnstitutunun direktoru Dmitri Juravlyovun Mustafa Çokayın həyat və yaradıcılığının təkcə qazax xalqının deyil, bütün Avrasiya məkanının və bütövlükdə türk aləminin əvəzsiz irsi olduğundan bəhs edən çıxışı konfransın əsas yerini tutub. 

Görüşdə dövlət və ictimai xadim Mirzatay Joldasbekov, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin            prorektoru, Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki Dixan Kamzabekuli, Qazaxıstan Mərkəzi Arxivinin direktoru Sabit Şildebay, tarix elmləri doktoru Burkitbay Ayaqan və digər yerli alimlər, o cümlədən Fransa, Başqırdıstan (RF), Özbəkistan, Qırğızıstan, Azərbaycan və Rusiyadan olan elm camiyəsinin nümayəndələri iştirak ediblər. Konfrans Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə keçirilib. Konfrans çərçivəsində sərgi təşkil olunub, burada Mustafa Çokaya həsr olunmuş elmi nəşrlər, kitablar və məqalələr, Qazaxıstan Milli Arxivinin fondlarından onun əlyazma və məktublarının surətlərindən ibarət sərgi nümayiş olunub.

Görüşün moderatoru Beynəlxalq Türkiyə Akademiyasının prezidenti, tarix elmləri doktoru, professor, Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki Darxan Kıdırali olub. O, arxivçilər tərəfindən tapılan yeni tarixi sənədlərin işığında Mustafa Çokayın həyat yolundan danışıb.

Yəqin ki, bu gün türk dünyasında azad Türküstanın ideoloqu, qazax xalqının mənafeləri uğrunda mübarizə aparan Mustafa Çokayı tanımayan şəxs yoxdur. Bolşevik çevrilişinə qədər Mustafa Çokay Dövlət Dumasının müsəlman fraksiyasının katibi vəzifəsində çalışıb. Sonra Türküstan muxtariyyətinə rəhbərlik edib. Türküstan muxtariyyətinin bolşeviklər tərəfindən məğlub edilməsindən sonra Mustafa Çokay 1921-ci ildə İstanbuldan gəmi vasitəsilə Parisə mühacirət edir. Əvvəlcə o, Fransada yaşayıb, daha sonra isə Almaniyaya gedib. Mühacirətdə olarkən sovet hakimiyyətinin siyasətini tənqid edən “Yeni Türküstan”, “Gənc Türküstan» jurnallarını nəşr edib.

Arxivçilərin və tarixçilərin məlumatına görə, mühacirətdə olan Mustafa Çokay türk xalqını birləşdirməyin zəruriliyi, onun siyasi, iqtisadi və mədəni həyatından bəhs edən məqalələr yazıb. 

O, insanları heç vaxt irqi və milli cəhətlərə görə ayırmayıb, sovet tarixinin təqdim etdiyi kimi heç vaxt millətçi fikirlərə həvəs göstərməyib. Xüsusilə o, heç vaxt faşistlərlə əməkdaşlıq qurmayıb - 27 dekabr 1941-ci ildə Berlin xəstəxanasında müəmmalı şəraitdə vəfat edib, bəlkə də zəhərlənib...

Qazaxıstan Respublikası Milli Arxivinin əməkdaşları Mustafa Çokayın mühacirət dövründə siyasi baxışlarının inkişafını göstərən məktubları tapıblar. Müstəqillik əldə etdikdən sonra onun irsi Qazaxıstanda öyrənilməyə başlandı, əsərləri və sənədləri nəşr olundu. Qazaxıstan Respublikasının Milli Arxivində, xüsusən də Çokayın ədəbi yoldaşı Abduluakap Oktaya yazdığı məktublar və jurnalların nəşrinə kömək edən digər şəxslərlə yazışmaları saxlanılır.

“Arxivçilərin hələ çox az bilinən mühüm kəşfi Mustafa Çokayın həbs düşərgəsində heç vaxt nasistlərlə əməkdaşlıq etməməsidir”, - deyə Ç.Ç.Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun professoru, tarix elmləri doktoru Güljauxar Kokebayeva bildirib.

Kokebayevanın qeyd etdiyi kimi, arxivlərdə Mustafa Çokayın Qazaxıstan “Alaş”milli azadlıq hərəkatının  lideri Əlixan Bokeyxanovla görüşləri və əməkdaşlığına dair sənədlər saxlanılıb. Onun sözlərinə görə, Fransaya, sonra isə Almaniyaya mühacirət etmək məcburiyyətində qalan Mustafa Çokay nasizm siyasətinə qarşı olub, o, hitlerçilərlə əməkdaşlıq etmək istəmədiyini bəyan edib. Mustafa Çokayın ölümü də bu hadisələrdən sonra baş verib. Sovet dönəmində Mustafa Çokanın adı qadağan ediləndə ilk olaraq Türkiyə qazaxları onu ləyaqətlə qiymətləndiriblər. Onun dəfn olunduğu yeri ilk axtaranlar məhz onlar olub.

Öz növbəsində tarix elmləri doktoru, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Kaxramon Rəcəbov 1918-ci ildə Türküstanda sovet rejiminə qarşı silahlı mübarizənin tarixinə ictimai marağın artmasından danışıb. Türküstan muxtariyyətinin rəhbəri Mustafa Çokayın o dövrdə irəli sürdüyü anti-müstəmləkəçilik və müstəqillik ideyaları bütün sosial təbəqələrin nümayəndələrini, bölgənin bütün xalqlarını əhatə edən geniş milli-azadlıq hərəkatına səbəb olmuşdur. Onların çoxu Türküstanın azadlığı naminə canlarını veriblər.

Mustafa Çokayın başçılıq etdiyi Türküstan muxtar hökumətin nazirlərinin əksəriyyətinin ali hüquq təhsilli olması onların yüksək səriştəsindən xəbər verir. Müvəqqəti hökumət üzvləri 1918-ci ildə əhaliyə xüsusi müraciət ünvanlayıblar. Orada irqindən, milliyyətindən, dini mənsubiyyətindən, cinsindən, yaşından və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Türküstan əhalisi birlik və həmrəyliyə çağırılırdı. Təəssüf ki, ilk demokratik xalq hakimiyyətinin fəaliyyəti uzun çəkmədi. Bolşeviklər onda təhlükə görüb, onu tez bir zamanda aradan götürməyə çalışırdılar. 

“Mustafa Çokay Qazaxıstan milli-azadlıq hərəkatının görkəmli xadimidir.  1917-ci ildə Türküstanın öz müqəddəratını təyin etməsinə dair qərarlar Lenin fərmanlarına zidd deyildi və keçmiş Rusiya imperiyasının bütün xalqlarının muxtariyyət elan etməyə başladığı o illərin milli-azadlıq hərəkatına uyğun gəlirdi”, - deyə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Aleksandr Kadırbəyev qeyd edib.

Rusiya Regional Problemlər İnstitutunun direktoru Dmitri Juravlyov isə belə bir maraqlı fikir bildirib. Onun fikrincə, tarixi şəxsiyyətlərin irsinin dəyəri təkcə siyasi deyil, həm də mədəni tərkib hissəsi ilə ölçülməlidir. 

“İlk növbədə, ayrı-ayrı qrupların və milli formasiyaların mədəniyyətinin vahid xalq mədəniyyətinə çevrilməsi ki, bunda bir çox cəhətdən Mustafa Çokayın xidmətləri var. Bunun üçün o, həm alim, həm də peşəkar siyasətçi kimi çox işlər görüb. Bu gün biz Orta Asiya ərazisində yerləşən, möhkəm mədəni təməl üzərində Mustafa Çokay tərəfindən yaradılmış dövlətlərdən danışa bilərik”, - D. Juravlev qeyd edib.

Beləliklə,  deyə bilərik ki, Türküstan muxtariyyətinin yaradılması Mərkəzi Asiyada müstəqil milli quruculuq uğrunda ilk təcrübə idi və onun rəhbəri Mustafa Çokay isə xalqın azadlığı uğrunda böyük mübariz olmuşdur.