Ukrayna müharibəsi uzanacaq

Qərb öz maraqlarına tam nail olmayınca əl çəkməyəcək

"Putin də başqa çarəsi qalmadığından ancaq təhdid dili ilə danışır"

   Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Qərbə xəbərdarlıq edib. Kreml rəhbəri Ukraynaya silah-sursat yardımı edən ABŞ və Avropanı konkret təhdid edib. Putin vurğulayıb ki, Kiyevə əlavə silah tədarükü ilə bağlı bütün hay-küyün yalnız bir məqsədi var, o da bu ölkədəki silahlı münaqişəni mümkün qədər uzatmaqdır: “ABŞ reaktiv yaylım atəş sistemlərinin Ukraynaya verilməsi heç nəyi dəyişmir. Kiyevin əvvəllər də belə uzaqmənzilli raketləri var idi. Ukraynaya uzaqmənzilli raketlər veriləcəyi təqdirdə Rusiya ölçü götürəcək və indiyədək toxunmadığı obyektlərə zərbələr endirəcək”. Onun fikrincə, söhbət döyüş əməliyyatları zamanı itirilmiş silah ehtiyatlarının doldurulmasından gedir. Putin vurğulayıb ki, məsafə sistemin özündən deyil, istifadə olunan raketlərdən asılıdır.

Rusiya rəhbərinin Ukraynanı təhdid etməsini “Şərq”ə dəyərləndirən siyasi şərhçi, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib ki, Amerikanın, Qərbin Ukraynaya silah verməsi savaşın uzanmasına gətirib çıxarsa da, Rusiya və Ukrayna arasındakı savaşın bərabərliyini saxlamağa xidmət edir. Ekspert xatırladıb ki, vaxtilə İran-İraq savaşında da bir sıra ölkələr İraqa, İsrail də daxil olmaqla bir sıra dövlətlər İrana silah və hərbi mütəxəssislər verirdilər: 

“Amma bu, onların öz marağına xidmət edirdi. İndi də Ukraynaya Qərbin verdiyi silahlar Ukraynadan daha çox onların öz maraqlarına xidmət edir. Ən əsası da Rusiyanın potensialını, gücünü, müharibə taktikasını testdən keçirirlər. Ukrayna savaşı Qərb üçün Rusiyaya qarşı gələcəkdə başlayacaq böyük müharibənin sınaq və təcrübəsidir. Qərb, əsasən də Amerika bilir ki, onun dünyada apardığı bir çox siyasi və hərbi siyasətə ən böyük maneəni Rusiya yaradır. İstər İran, istər Suriya, istər İraq məsələsində Amerikanın qarşısını Rusiya kəsir. Odur ki, Qərb savaş dayanmasın amalını güdür. Savaş müddətində insanların qırılması, şəhərlərin dağılması onların vecinə deyil. Ukrayna-Rusiya savaşının dayanması hazırda iki halda mümkündür. Ukrayna Rusiyanın tələblərinə qismən də olsa əməl edir və savaş dayanır. Bu, əsla Ukraynaya böyük dəstək olan Qərb dövlətlərinə sərf etmir, ona görə buna razılıq verilmir. İşdir, Ukrayna “özbaşınalıq” edib razılaşsa, Qərb onu sonrakı mərhələdə sahibsiz qoya bilər ki, bu da Rusiyanın maraqlarına uyğundur. Yəni Rusiya Ukraynanı öz orbitinə ala bilər. Digər variant odur ki, Ukrayna bütün Rusiya ordusunu ölkəsindən çıxarıb öz maraqlarını təmin etsin. Bu da Rusiyanın məğlubiyyəti deməkdir və baş verməsi Putin hakimiyyəti dövründə mümkün deyil. Yeganə istisna o ola bilər ki, Rusiya hökuməti daxilində özləri bununla bağlı hansısa razılığa gəlsinlər. Bu razılıq da Qərbdən çəkinməyə görə, yaxud məğlubiyyətdən qorxmağa görə yox, yeganə olaraq sanksiyalar nəticəsində Rusiyanın içəridən çökməsi qorxusuna görə ola bilər. Ona görə də əvvəllər Rusiya üzücü və yorucu müharibə yolunu seçmişdi ki, Ukrayna onunla ayaqlaşa bilməyib tezliklə təslim olacaq. Ancaq Qərbin ciddi sanksiyalar qoyacağı ehtimal edilmirdi. İndi proseslər dəyişib. Bu dəfə Qərb üzücü və yorucu müharibə istəyir. Çünki sanksiyaların Rusiyaya təsiri hələ təzə başlayır. Görünür, Qərb silah gücü ilə Rusiyaya döyüş meydanında qalib gəlməyi mümkün görmür”. 
Analitik də qeyd edib ki, Putinin başqa çarəsi qalmadığından ancaq təhdidlər edir: 

“Təbii ki, "indiyədək toxunmadığı obyektlər" deyərkən Rusiya kütləvi insan qırğınını, fosfor və qadağan edilmiş bombalardan istifadəni nəzərdə tutur. Qərbin həssas yerlərinə toxunmaqla savaşın dayanması üçün onun ayağına düşmələrini ehtimal edir. Ara-sıra atom silahı istifadə etməklə hədələməsi də buna əlavə oluna bilər. Bu savaşın əsl mahiyyəti Rusiya üçün təkcə Ukraynadır. Məlumdur ki, Ukrayna NATO-ya yaxınlaşdı və onunla bağlı məsələ bu müharibəyə əsas səbəb oldu. Amma Qərbin bu savaşda rolunun əsl mahiyyəti təkcə Ukrayna deyil. Qərbin daha böyük niyyətləri, planları var. Yuxarıda qeyd etdiyim kimi Amerika, düşməni olan İranın ən böyük dayağını zəiflətmək, Suriyada ona şərik olan Rusiyanı sıradan çıxarmaq, İraqda, Liviyada, Qafqazda öz təsirini hər zaman önə çıxaran ikinci gücü sarsıtmaq və digər iqtisadi maraqları naminə bu savaşa həvəslə idarəçilik edir.
Savaşın uzanması təbiidir. Qərb öz maraqlarına tam nail olmayınca əl çəkməyəcək. Maraqlarına nail olması üçün də savaş o zamana qədər uzanmalıdır ki, Rusiyaya tətbiq edilmiş sanksiyalar öz ağır təsirlərini göstərsin və bu vəziyyət  Rusiyanı təslim olmağa vadar etsin. Rusiya gec də olsa bunu anlayır və ona görə də necə deyərlər, darıxır, odur ki, bax bu cür təhdidedici bəyanatlar verir”.