"Qızlar ərə gedəndən sonra ərinin narkoman olduğunu bilir"

Novella Cəfəroğlu: "Bu bəlaya qarşı ən vacib mübarizə üsulu evlənəndə gənclərin həkim müayinəsindən keçməsidir"

   Son günlər yerlərdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əhalinin məlumatlandırılması istiqamətində elmi-praktik konfranslar  keçirilir. 26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilən bu tədbirlərin  əsas məqsədi  ölkədə sağlam mühit və sağlam gələcəyin formalaşdırılmasına nail olmaqdır. Ayrı-ayrı rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə baş tutan bu konfranslar eyni zamanda narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə təbliğat işinin gücləndirilməsi, görülən işlərin ictimaiyyətə çatdırılmasına xidmət edir, ümumrespublika səviyyəsində aparılan  maarifləndirmə işinin səviyyəsini yüksəldir.

 Ən əsası bu tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmaqla əhəmiyyətini daha da artırmış olur. Hər bir tədbirdə müvafiq  qurumların təmsilçilərinin iştirakı, üzərlərinə düşən vəzifələrdən geniş bəhs etmələri və konkret nəticələri ortaya qoymaları növbəti tədbirlərin istiqamətini və əhatə dairəsini daha da genişləndirməyi bir növ tələbə çevirir.
Ekspertlər də hesab edir ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən başqa, təqribi hesablamalara da əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən növbəti dəfə  narkotik vasitələrin satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı əməliyyatlar keçirib. Onlardan 23 kiloqram narkotik vasitə heroin, marixuana və 1590 ədəd metadon həbi, 2 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilərək götürülüb.


Azərbaycanda narkomaniyanın doğrudan da tüğyan etdiyini deyən hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, daha sağlam cəmiyyət üçün gənclər ailə qurmamışdan öncə həkim müayinəsindən keçməlidir: 

“Hazırda ən böyük məsuliyyət qeyri-hökumət təşkilatlarının çiyninə düşür. Narkomaniya ilə mübarizə aparmaq üçün təşkilat nümayəndələri polislərlə birgə rayonlara, bölgələrə getməli, araşdırmalı, reydlər aparmalıdır. Televiziyalarda verilişlər təqdim edilməli, narkomaniya ilə mübarizəylə bağlı təbliğatlar aparılmalıdır. Narkomaniya genefondumuzu korlayır. Bu bəlaya qarşı ən vacib mübarizə üsulu evlənəndə gənclərin həkim müayinəsindən keçməsidir. Bizim qohumlarda da var, qızlar ərə gedəndən sonra ərinin narkoman olduğunu öyrənir. Yəni bunu əvvəldən bilməlidirlər. Bəzən məhəbbətdir, sevgidir, deyib göz yumurlar. Narkomaniya cəmiyyətin bəlasıdır. Çünki narkomanların övladları fiziki, əqli məhdudiyyətli doğulur”.