Bir qığılcıma bənddir

Yanğın təhlükəsinə qarşı hamı ayıq-sayıq olmalıdır

"Bütün dövlət qurumları yanğın təhlükəsizliyinə məsuliyyət daşıyır. Bədbəxt hadisələr baş verməsin deyə, yanğından mühafizə və təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir"

  Havaların isti keçdiyi günlərdə bir tərəfdən də meşələrdə, zəmilərdə törədilən yanğınlar təbiətin ürəyinə od vurmaqdır. Bir ağacın ildə 200 kiloqram oksigen istehsal etdiyini və bunun 3 nəfərlik ailənin illik tənəffüs ehtiyacı olduğunu nəzərə alsaq, bu həm də insanlığa qəsddir. Yanğınlar səbəbsiz əmələ gəlmir. Kiminsə səhv, yanlış hərəkəti, səhlənkarlığı, məsuliyyətsizliyi və bəzən də “adi” vicdansızlığı qarşısıalınmaz yanğınlara səbəb olur. Qardaş Türkiyədə meşə massivləri, turizm bölgələrində yanğınlar təəssüf ki, son illərdə intensiv xarakter almağa başlayıb. Yanğınlar nəhayətdə, söndürülür. Lakin fəsadların aradan qalxmasına illər lazım gəlir. 

Ölkəmizdə də yanğınlar, tez-tez deyil, amma baş verir. Bir neçə gün əvvəl şimal bölgəsində yanğın törədilməsi barədə məlumat verildi. Hadisə Şabranda baş verib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib. Məlum olub ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyəti qurumları məlumatlandırmayıb. Polis əməkdaşları tərəfindən E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib və araşdırılması üçün aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib. Hadisə barədə danışan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, şimal bölgəsində yanan ərazilərə baxış keçirilib, yanğınla bağlı müvafiq komissiya yaradılıb: "Həm səbəblər araşdırılır, həm də dəymiş ziyan hesablanır. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, günahkarlar tapılsın. Belə meşəlik ərazini bərpa edib öz vəziyyətinə qaytarmaq üçün 50 il lazımdır. Samur-Yalama meşələri nəinki ölkəmiz, həmçinin dünya üçün əhəmiyyətlidir. Bu meşə tipi nadir hesab olunur. Cənubi Qafqazda yalnız Azərbaycan və Dağıstanda rast gəlinir. Biz meşələrimizi gələcək nəsillər üçün qorumalıyıq. Vətəndaşlara səslənirəm, ayıq-sayıq olun. Taxıl biçilmiş əraziləri yandırmayın".

  Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov "Report"a bildirib ki, Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində, yanğın baş verən ərazilərdə közərən, tüstüləyən ağaclar var: “Hazırda həmin ərazilərdə söndürülmə işlərini aparırıq. Taxıl sahələrinin biçindən sonra yandırılması əksər hallarda bilərəkdən törədilir. Həmin yanğınlar ətrafda yerləşən meşəlik əraziləri də təhlükə altına alır. Nəticədə belə görüntülər ortaya çıxır”. O, əhaliyə müraciət də edib: 

“Bu yanğınlar sadəcə mexaniki becərməni asanlaşdırır. Amma digər tərəfdən o sahə yandırılanda oranın canlı aləmi yanır. Artıq könşənlərin yandırılması məvhumu olmamalıdır. Fermerlər və sahibkarlar biçindən sonra əkin sahələrini yandırmamalıdılar. Həmçinin meşəlik ərazilərə istirahətə gedənlər ocaqlara nəzarət etmir, söndürmürlər. Bu məsələlərdə diqqətli olsunlar və biganə yanaşmasınlar”.

  Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında bildirib ki, təkcə yay fəslində deyil, ümumiyyətlə, meşəlik ərazilərə, qoruqlara, zəmilərə, tarlalara daimi nəzarət olmalıdır. Yay fəslində isə nəzarət daha da gücləndirilməlidir. Çünki havaların isti keçməsi, biçilmiş zəmilərdə yığılıb qalmış quru otlar bir qığılcıma bənddir ki, böyük yanğınlar baş versin: 

- Bütün dövlət qurumları yanğın təhlükəsizliyinə məsuliyyət daşıyır. Bədbəxt hadisələr baş verməsin deyə, yanğından mühafizə və təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir. Yanğın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi əsas şərtlərdən biridir. Bu da yanğının söndürülməsi, yanğının əhatə dairəsinin genişlənməməsi üçün qarşısının qısa zamanda alınması üçün lazım olan əşyaların, vasitələrin mövcud olmasıdır. Su şlanqları, odsöndürən balonlar, bel, vedrələr və sairə. Hər bir idarə və müəssisədə, eləcə də istirahət mərkəzləri, vətəndaşların kütləvi axın etdiyi məkanların yaxınlığında, ətrafda. Və bütün alətlər işlək vəziyyətdə saxlanmalıdır.  İstirahət mərkəzləri, kurort zonalar, parklarda  yanğından mühafizə sistemi mütləq olmalıdır. Söhbət təkcə meşə yanğınlarından getmir. Hazırda havalar çox isti keçir və görürük ki, əhali axşamçağı parklara, yaşıllıq ərazilərə axışır. Ani səhlənkarlıq yanğına səbəb ola bilər. Kimsə ağaclığa yanan siqaret kötüyü ata bilər, uşaqlar bilmədən yanğın çıxara bilər. Hər cür hal mümkündür. Xüsusilə yay fəslində yanğın təhlükəsinə qarşı çox ayıq-sayıq olmaq lazımdır. Yay aylarında yanğın təhlükəsini önləmək məqsədilə yaşıllıqlara, park ərazilərinə, istifadəsiz yerlərə nəzarət artırılmalıdır. Hansı ərazilərdə quru otlar varsa, təmizlənməlidir, çünki quru otlar tez alışır və yanğının əhatəsi genişlənir. Zibilliklər vaxtlı-vaxtında təmizlənməli, zibillər tez-tez daşınmalıdır. Bütün hallarda yay aylarında yanğın təhlükəsi daha artıqdır və müvafiq qurumlar bunu nəzərə alaraq qabaqlayıcı tədbirlər həyata keçirməlidir. 

  E.Nurəliyev əhali ilə maarifləndirici tədbirlərin aparılmasını da vacib sayır:

- TV-lərdə yanğın təhlükəsinə qarşı video-çarxlar nümayiış olunur. Kimsə bunu görür, izləyir, kimsə də yox. Hesab edirəm ki, parklarda yaşıllıq ərazilərdə, istirahət mərkəzlərində, əhalinin kütləvi istirahət etdiyi yerlərdə yanğın təhlükəsi və onunla mübarizə barədə məlumat lövhələri yerləşdirilməlidir və nəzarət edilməlidir. Kimsə əsas gətirər ki, bu qədər yaşıllıq ərazilərə, meşəliklərə nəzarət kiçik iş deyil, bunun üçün işçi qüvvəsi lazımdır. İnkar etmirəm. Amma hər vəziyyətdən çıxış yolu var. 

Məsələn, bu işə könüllülər cəlb edilə bilər. Xüsusən yay fəslində. Necə ki, dəniz sahillərinin təmizlənməsinə könüllülər cəlb edilir, eləcə də yanğınla bağlı məlumatlandırma və nəzarət kampaniyası da təşkil etmək mümkündür.