Heyvansevərlər hiddətləndi

İti motosikletə bağlayıb ardınca sürüyən adam saxlanılıb 

  İstanbulun Arnavutköy ərazisində bir nəfərin iti motosikletə bağlayaraq ardınca sürüməsini əks etdirən video heyvansevərlərin böyük təpkisinə səbəb olub. “NTV.com.tr” xəbər verir ki, polisə müraciət edildikdən sonra motosiklet sahibi yolda saxlanıb. Polis tərəfindən saxlanan sürücü deyib ki, iti küçədə tapdığını, sahibsiz olduğunu görüncə, onu özüylə aparıb işlədiyi fabrikin bağçasında saxlamaq istəyib. 

Amma iti daşımaq çətin olduğundan onu motosikletin arxasına bağlayıb. Sürücü qısa məsafə qət edəcəklərini desə də çəkilən videoda motosikletin uzaq məsafəyə getdiyi, bağlı itinsə məcburən motosikletin ardınca qaçmalı olduğu görünür. Məhz bu görüntü heyvansevərlərin böyük təpkisiylə üzləşib. Hansı məqsədlə olursa-olsun heyvanlara bu şəkildə əziyyət verilməsinin qəbuledilməz olduğunu  bildiriblər.  Polisin müdaxiləsindən sonra it bir avtomobilə qoyularaq fabrikin bağçasına aparılıb.