İnsanların mərhəmətindən istifadə dələduzluqdur


Hərbi geyimdən, qazi adından sui-istifadə halları təəssüf ki, son zamanlar artıb

  Nərimanov rayonunda hərbi formalı və yaxasında medal olan şəxsin pul toplamasını əks etdirən görüntülər yayılıb. Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia edilib ki, həmin qazinin yanında dayanan bloger Elçin Ləmbəranski onun pul toplamasına şərait yaradıb və vətəndaşlara çağırış edib. Məsələ ilə bağlı E.Ləmbəranski açıqlama verib. O qeyd edib ki, metronun qarşısına balaca qız üçün keçirilən yardım kampaniyasına qatılmağa gedib: "Birincisi, o qazini mən tanımıram. Xəstə balamızın anasının səsinə səs verməyə getmişəm və görmüşəm ki, bu oğlan da oradadır. İkincisi, mən Mələk balamızın anasına tapşırmışam ki, sabahdan bu qazi sənin yanında formada dayanmasın". Görüntülərlə bağlı "Qafqazinfo"nun sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını bildirib: "Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hallar hüquqazidd əməldir. Yardımdırsa, yardımtoplama forması bu deyil. Məsələ araşdırılır".
  Məlum olayla bağlı “Şərq”ə danışan sosioloq Əhməd Qəşəmoğlu şəhərin müxtəlif ərazilərində, xüsusilə də metrostansiyaların giriş-çıxışlarında yardım istəyən vətəndaşlara rast gəlinir. Bəzisi əlində resept, bəsizi tibbi müayinələrin nəticələri yazılmış sənədləri əllərində tutaraq maddi yardıma ehtiyacları olduğunu deyirlər. Bu cür məsələlərə həssas yanaşılmalıdır: 
- Azərbaycan xalqı yardımsevərdir, məhrəmətlidir. Bunun əlavə sübuta ehtiyacı yoxdur. Biz özümüzü yaxşı tanıyırıq, ona görə də insanların yardım edəcəyinə inanırıq. Eyni zamanda dələduzlar, fırıldaqçılar da insanların həssas yanaşdığı məqamları yaxşı bilir. Və insanların mərhəmətindən sui-istifadə edirlər. Bu məsələdə həqiqi ehtiyaclı ilə dələduzu ayırd etməyin yolu bu insanları müvafiq qurumlara yönləndirməkdir. Paytaxtda müxtəlif sığınacaqlar, o cümlədən uşaq sığınacaqları da fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları bu sığınacaqları tanıyır, ünvanlarını da bilir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də Sosial Xidmətlər Agentliyi var. Küçədə bu cür hallarla qarşılaşdıqda aydınlaşdırmaq lazımdır ki, o insanın həqiqətənmi yardıma ehtiyacı var, yoxsa bu da dələduzluğun, asan yolla gəlir əldə etməyin bir üsuludur. Eləcə də əgər həmin bloger küçədə azyaşlı qızcığaz üçün yardım kampaniyasına qoşulduğuni iddia edirsə, bu məsələ də hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Və uşağın  həqiqətən yardıma ehtiyacı olub-olmadığı müəyyənləşməlidir. Vətəndaşlar məsələyə müdaxilə edib, yardım istəyən şəxsləri xüsusi sosial mərkəzlərə yönləndirə bilər. Lap özləri də vətəndaşı o mərkəzlərə apara bilər. Ola bilsin, həqiqətən vətəndaşın yardıma ehtiyacı var və bu mərkəzlər vasitəsilə ona köməklik göstəriləcək, ehtiyacları qarşılanacaq.  Bununla biz həm vətəndaşı müdafiə etmiş oluruq, həm də fırıldaqçıların qarşısını almış oluruq.  
  Ə.Qəşəmoğlu hərbçi forması geyinmiş birinin yardım kampaniyasına qoşulmasına mənfi münasibət bəslədiyini qeyd etdi: 
- Mən bununla bağlı tənqidi fikirdəyəm. Hərbi forma geyinib bu cür kampaniyalara qoşulmaq yolverilməzdir. Məlumdur ki, cəmiyyətimizdə hərbçilərə, hərbi mundirə böyük sevgi və rəğbət hissi formalaşıb. Bəzən bundan sui-istifadə edilir. Konkret paytaxtın Nərimanov rayonunda baş vermiş hadisəni nəzərdə tutmuram. Dediyim kimi, bu məsələ araşdırılmalıdır. Lakin hərbi geyimdən, qazi adından sui-istifadə halları da təəssüf ki, son zamanlar artıb.  Hərbçi, əgər doğrudan da hərbçidirsə, hərbi mundiri ucuz tutmalı, ondan sui-istifadə etməməlidir.