İndiki uşaqlara nəzarət etmək çox çətindir - Əlində smartfon...


Əksəriyyəti əlində smartfon, bütün günü zərərli videolara baxırlar, ordan zərərli vərdişlər qazanırlar
"Məktəblərin həyətində, məktəblərin ətrafında narkotik maddələr də satılır, ancaq bunu sübut etmək olmur"
  Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi ilə bağlı aparılan sorğuların nəticəsi açıqlanıb. Bunu Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Səbinə Babazadə "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində deyib. O bildirib ki, sorğu 52 rayon üzrə 167 məktəbdə aparılıb: "Respondentlərin 48 faizi oğlan, 52 faizi qızlar olub. 501 sinif üzrə aparılan sorğu zamanı məlum olub ki, şagirdlərin 90 faizdən çoxu sağlamlıqlarını qənaətbəxş hesab edirlər. Sorğuda iştirak edənlərin 0,4 faizi özünü bədbəxt hiss etdiyini deyib. Sorğu zamanı həmçinin məlum olub ki, şagirdlərin 5 faizi siqaret çəkir". Mütəxəssis qeyd edib ki, 15 yaşa çatmış qızların 28,5, oğlanların isə 6,3 faizi hər gün bir dəfədən çox enerji içkisindən istifadə edir: "7,7 faiz şagird bilərəkdən özünü qusdurur, 5,55 faizi pəhriz həbləri və ya qəbzliyi aradan qaldıran dərmanlardan istifadə edir".
  Həkim-pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında reallığı əks etdirmək baxımından bu tip sorğuların vacib olduğunu dedi:
- Lakin məsələ təkcə reallığı göstərmək deyil. Zərərli vərdişlərin aradan qaldırılmasına çalışmaqdır. Bunu hansı yolla etmək olar, bu barədə artıq aidiyyəti qurumlar, eləcə də valideynlər düşünməlidir. Mən hər bir zərərli vərdişə görə məktəbin günahlandırılmasına qarşıyam. Uşaq məktəbdə günün müəyyən saatı olur, təxminən 5-6 saat. Günün qalan hissəsini uşaq ailə və mühit çərçivəsindədir. Valideynlər məktəbi qınamaqda mahirdilər. Soruşmaq lazımdır ki, bəs sən, ay valideyn, övladının zərərli vərdişlərdən xilas olması üçün nə etmisən və ya nə edirsən? Təcili yardımda çalışdığım zamanlarda çox hadisələrin şahidi olurdum. Yeniyetmənin, gəncin huşunu itirməsi çağırışı ilə ünvana getmişik. Oğlanın damarına iynə vurmaq istəyəndə, tibb işçisinə deyib ki, “damarıma belə düşə bilməyəcəksən”, başlayıb tibb işçisinə göstəriş verməyə ki, elə vurma, belə vur. Hər şey aydındı da. Deməli, bu, narkomandı. “Damar” söhbəti aparır həkimlə. Başqa bir çağırışa getmişik, 14 yaşlı yeniyetmədir, anası az qala özünü “öldürür” ki, “uşaq neçə gündü heç nə yemir, yatmır”. Soruşmuşam, siqaret çəkir? Ana qorxa-qorxa cavab verib ki, çəkir, amma amanın günüdü, atası bilməsin. Bu vəziyyət nə qədər davam edə bilər? Bir gün hardasa qırılacaq da! Tutalım, narkotik maddədən istifadə edildiyini ilk vaxtlar bilmək olmur, siqaretin qoxusu ki uzaqdan hiss olunur. Nədir, valideyn bu qoxunu hiss etmir?! Bilirlər, lap yaxşı bilirlər. Amma özlərini bilməməzliyə vururlar. Kömək etmək, yanlış yoldan qaytarmağa çalışmaq əvəzinə həqiqəti gizlədirlər. Siqaret çəkən şagirdlərlə bağlı statistika, nə dərəcə realdır, deyə bilmərəm. Bəlkə də respondentlərin sayına nisbətdə normaldır. Sorğuya daha çox məktəbli cəlb edilsə, faiz daha yüksək ola bilər. Bunu məktəblilərin davranışına, vərdişlərinə bələd olduğum üçün iddia edirəm. Zatən, gündəlik həyatda hamımızın qarşılaşdığı mənzərədir. Əslində, nəinki 5 faiz, heç sıfır faiz də olmamalıdır. Amma bu da reallıqdır. Məktəblərin həyətində, məktəblərin ətrafında narkotik maddələr də satılır, ancaq bunu sübut etmək olmur.
  V.Qarayev qeyd etdi ki, indiki uşaqlara nəzarət etmək çox çətindir:
- Əksəriyyətinin əlində smartfon, bütün günü zərərli videolara baxırlar, ordan da zərərli vərdişlər qazanırlar. Yeniyetmə qızların enerji içkilərinə meyl etməsi, arıqlamaq istəyi də bunun nəticəsidir. Yeniyetmənin beyni “kopirovka” kağızı kimidir. Nə görür, onu kopyalayır. Həkimlər deyir, enerji içkiləri ziyandır, arıqlamaq üçün satılan dərmanlar, çaylar ziyandır, qız açır televizoru, görür enerji içkisi reklam edilir: “….belə qanadlandırır, belə “uçurur”…” Ya da əlindəki telefonda “Tik-Tok”a baxır, görür ki, “kök adam dərman qəbul edib, arıqlama çayı içib “arıqlayıb”. O da eyni şeyi təkrarlayır. Analar şikayət edir ki, qız səhər yeməyi yemədən məktəbə gedir. Qidasız orqanizm qidasız beyindir. Beyni qidalanmayan şagird dərsi mənimsəyə bilməz. Özünü bilərəkdən qusdurmaq, pəhriz dərmanları qəbul etmək, bunlar hamısı arıqlamaq üçündür. Amma evdə valideyni də maraqlanmır ki, ay qızım, axı niyə arıqlamaq istəyirsən? Haranda artıq ət var? Ziyanlı həblər, ziyanlı qidalar qəbul etməklə hələ formalaşma mərhələsində olan orqanizmdə hormonal disbalansı pozurlar. Orqanizmi vaxtından əvvəl oyadırlar. Arıqlamaq istəyirlər, əksinə, piylənmə, kökəlmə başlayır. Çünki orqanizmdə hormonal pozğunluq gedir artıq. Fəsadlar gecikmir. Qəbizlik, mədə-bağırsaq pozğunluğu, hormonal pozğunluq başlayır. Sabah ailə quranda da bunun ağrısını çəkirlər. Dəfələrlə bildirmişik ki, həkimlərdən ibarət ekspert qrupu dəvət edilsin, enerji içkiləri ziyandırsa, satışı da, reklamı da qadağan olunsun. Kim iddia edirsə ki, ziyan deyil, buyursun, elmi cəhətdən sübut etsin, biz də əl çəkək, nə qədər istəyirlər reklam etsinlər.