Hər bir gəncin həyatda güvənəcəyi bir insan olmalıdır


Bu hissin də formalaşması ailədən, valideynlərdən başlayır
"Çox zaman intihar əvvəlcədən planlanan bir hadisə olur. Bu zaman valideynlər çox yaxşı müşahidəçi olmalıdır və bu prosesləri əvvəlcədən görüb ona müdaxilə etməyi bacarmalıdırlar"
  Masallıda intihar edən 18 yaşlı qız hamilə imiş. İlkin araşdırmalar zamanı özünü şəhərin Heydər Əliyev prospektindəki beşmərtəbəli binanın 4-cü mərtəbəsindən atan Hüseynova Ruqayənin intihar edərkən qeyri-rəsmi münasibətdə olduğu şəxsdən 5 aylıq hamilə olması məlum olub.
  18 yaşlı qızın intiharı və baş verən hadisənin psixoloji tərəfləri ilə bağlı danışan klinik psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, insanları intihara sövq edən əsas faktorlardan biri ümidsizlikdir. Psixoloq hesab edir ki, belə problemlərin əsas yaranma səbəblərindən biri kimi valideyn-övlad arasında paylaşımın, dostluğun olmaması, soyuq münasibətin olmasını göstərə bilərik. Nəticədə, uşaq özünü köməksiz hiss edir, hətta bəzən təqsirləndirilməkdən, anlaşılmamaqdan və valideyn tərəfindən ağır cəza almaqdan qorxduğu üçün çıxış yolunu intihar kimi görür: “Biz bilmirik ki, gənc qız zorakılıq qurbanı olub, yoxsa aldadılıb. Baş verən hadisənin arxasında bzim bilmədiyimiz bir çox nüans ola bilər. Məyusedici tərəf budur ki, gənc qız kömək istəyə, ailəsindən, yaxınlarından yardım ala bilməyib.
  Valideynlər uşaqları ilə dost münasibəti qurmağa çalışmalıdır ki, övladlar sıxıntılarını, başlarına gələn çətinliyi öz valideynləri ilə çəkinmədən, qorxmadan bölüşüb onlardan yardım ala bilsin. Valideyn- övlad münasibəti yaxşı olanda uşaq başına gələn hər hansı çətinliyi aradan qaldırmaq üçün çıxış yolu kimi sosial şəbəkələrə və ya hansısa dostuna, tanışına müraciət etmir, bu çətinliyi valideynləri ilə bölüşməyi seçir. Əgər gənc qızımız bunu ailəsi ilə paylaşsaydı, bəlkə də, belə bir hal yaşanmazdı. Düzdür, mən heç bir valideynə belə bir şey yaşamağı, gənc qızının belə bir xəbərini, yəni deyilənə görə, qeyri-qanuni münasibət yaşadığı birindən hamilə qaldığı xəbərini övladının dilindən eşitməsini arzulamıram. Bu xəbər təbii ki, ailə üçün ağırdır və onu qəbul etmək çox çətindir. Ancaq belə hesab edirəm ki, bu onun ölümü qədər ağır olmazdı. Qeyd etdiyim kimi, məsələ doğru şəkildə aydınlaşdırılıb vaxtında gənc qıza dəstək olunsaydı, bəlkə də, bu hadisə yaşanmazdı. Çünki bir uşaq heç vaxt təkbaşına yaranmır, yəni bu mövzuda hər iki tərəf məsuliyyət daşımalıdır. Günahı təkcə gənc qızda axtarmaq da doğru deyil, burada həmin adam da tapılmalı və hərəkətinin cəzasını çəkməliydi. Az öncə də qeyd etdiyim kimi, gənc qız, bəlkə də, zorakılıq qurbanı olub. Son dövrlər cəmiyyətdə bu hallarla kifayət qədər tez-tez qarşılaşırıq.
  Ümidsizliyə qapılan insanlar elə bilir ki, intihar bütün problemlərin həlli olacaq. Ancaq təbii ki, doğru bir yanaşma, sağlam bir düşüncə deyil. İnsanın daxilində hər zaman güvənəcəyi bir insan olmalıdır. Bu hissin də formalaşması, bildirməliyik ki, ailədən, valideynlərdən başlayır. Valideyn övladına “səni həm yaxşı, həm də pis xüsusiyyətlərinlə və etdiyin yanlışlarla qəbul edirəm. Sənə dəstək olmağa həmişə hazıram” mesajını verməlidir: “Təbii ki, hər ailənin öz qayda-qanunları var və bunlar uşaqlara kiçik yaşlardan izah edilir. Ancaq heç kim heç nədən sığortalanmayıb və uşaqlar bəzən təqdir edilməyən, xoşagəlməz davranışlar edə bilir. Lakin bu zaman valideynlər səbrli davranmalı övladlarının səhvlərini, yanlışlarını uyğun dillə onlara izah etməlidir. Belə olduqda valideyn-övlad münasibəti möhkəmlənir və uşaq hər hansı problemi qorxmadan valideyninə deyə bilir və onun dəstəyi ilə əl-ələ verib həmin problemi həll edəcəyinə inanır.
  İntihar edən gənc qızımız, bəlkə də, gələcəkdə oxuyub gözəl bir peşəyə yiyələnib, qayğıkeş ana olacaqdı. Qeyd etdiyim kimi, biz hələ bilmirik bu hadisə necə olub. İntihar edən insanlar öncədən depressiv hallar keçirir, bədbin əhvali-ruhiyyədə olur, özünə qapanır, ətrafı ilə ünsiyyətə girməkdən qaçır və daha çox intihar, ölüm xəbərləri ilə maraqlanmağa başlayır. Ona görə də intihar edən insanın anidən affekt vəziyyətinə düşərək buna qərar verməsinə az hallarda təsadüf olunur. Çox zaman intihar əvvəlcədən planlanan bir hadisə olur. Bu zaman valideynlər çox yaxşı müşahidəçi olmalıdır və bu prosesləri əvvəlcədən görüb ona müdaxilə etməyi bacarmalıdırlar. Bəzən isə belə hal da olur ki, valideyn bunu görmək istəmir. Yəni uşağın özünə qapanmasını, pessimist olmasını gözardı edir və düzələcəyini düşünür. Ancaq bildirmək istəyirəm ki, valideynlər bu halı müşahidə etdikdə diqqətli olmalı, övladı ilə söhbət aparmalıdır. Əgər bundan sonra da uşaqda düzəlmə halları müşahidə edilməzsə, valideynlər mütləq vaxtında müdaxilə etməli və psixoloqa müraciət etməlidirlər. Ümid edirəm ki, psixoloq dəstəyi və ailə sevgisi sayəsində gələcəkdə belə xoşagəlməz hadisələr yaşanmaz və sağlam düşüncəli gənclərimiz formalaşar”.