"Əməliyyatlar yalnız narkotik ticarəti ilə məşğul olan şəxslərə qarşı aparılır. Amma narkotik istifadəçilərinə qarşı müxtəlif çəkindirici cəza metodları tətbiq etmək daha məqsədəuyğun olardı"
Narkotik maddənin təsiri altında avtobus idarə edən sürücü bu günlərdə ölkə ictimaiyyətinin gündəminə çevrilib.
Sükan arxasında telefonla danışan, kiminləsə söhbət edən, sərnişinlərlə əlbəyaxa davaya çıxaraq təhlükə saçan avtobus sürücülərinə tez-tez rast gəlinir.
Sürücünün narkotik maddə qəbul edib xəttə çıxması isə daha acınacaqlıdır. Hər gün yüzlərlə insan daşıyan, uşaqlı, böyüklü hər kəsin canını həvalə etdiyi avtobus sürücüsünün narkotik qəbul etməsi və onun sürücü kimi işə alınması ictimaiyyətdə ən çox tənqid edilən məsələdir. Görülən profilaktik tədbirlərə baxmayaraq, hələ də ölkədə narkoman sürücülər sükan arxasında maşın idarə etməkdə davam edirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazidd əməllərinin qarşısı alınıb. “İSUZU” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Kənan Həzrətquliyev Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı K.Həzrətquliyevin narkotik maddə qəbul etməsi müəyyən edilib.
Qeyd edək ki, son illərdə ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində geniş mübarizə aparılır və cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində işlər görülür. Buna rəğmən narkomaniya ölkəmiz üçün əsl “baş ağrısı”na çevrilib. Epidemiya kimi sürətlə yayılır. Valideynlər övladlarını bu bəladan uzaq tutmağa çalışdıqca narkotacirlər uşaqları, gəncləri zəhərləməyin fərqli yollarını axtarıb tapırlar.
Narkomaniya üzrə ekspert Emil Maqalov “Şərq”ə açıqlamasında deyib ki, narkotik vasitələrdən istifadə edənlər digər yerlərdə iş tapmadıqları və ya sənətləri olmadığı üçün sürücülük vəsiqəsi alıb məcburi sərnişindaşıma ilə məşğul olurlar. Bu səbəbdən də narkotik istifadə edib, ictimai nəqliyyata çıxan sürücülərin sayı artmağa başlayıb. Onun sözlərinə görə, hazırda sərnişindaşımada narkotestlərin olmaması bu cür halların yaranmasına əlverişli imkan yaradır. Ekspert buna çıxış yolu kimi həmin şəhər və rayonların nəqliyyat departamenti tərəfindən nəticəsi tez bilinən gündəlik sürücülərin testdən keçirilməsinin təmin edilməsini görür: “Hər gün mütləq test götürülməlidir, çünki narkotik vasitələr müxtəlif zaman çərçivəsində - 24 saat, 1 həftə və 1 ay qala bilir. Narkotik vasitə qəbul etmiş sürücülərin aşkarlanması, tapılması, cəzalandırılması və nəqliyyat vasitəsindən onların istifadə etməsinin qarşısının alınması birbaşa olaraq Dövlət Yol Polisinin səlahiyyətində qalır. Hansısa səbəbdən polis sürücünü saxladıqda mütləq şəkildə onları 5 dəqiqəlik testlərdən keçirir. Yaxşı olar ki, sərnişindaşımaya cavabdeh olanlar da gündəlik olaraq test yoxlaması keçirsinlər. O zaman narkotika istifadəçiləri biləcək ki, testlər var və məcburi bundan istifadə etməyəcək".
Sürücülərin narkotik vasitə istifadə edərək nəqliyyatda çalışmasının ciddi problem olduğunu vurğulayan ekspert hesab edir ki, məsələnin həllində bir qədər ehtiyatlı davranmaq lazımdır:
"Çünki bu sahədə çalışaraq ailəsinə çörək qazanan, başqa işi olmayan vətəndaşlarımız var. Bu iş elə görülməlidir ki, onlara zərər gəlməsin. Yəni təklif etdiyim testləşdirmə də problemin həlli deyil. Bu yolla narkoman sürücüləri aşkar etmək mümkün olacaq. Amma bu zaman həmin sürücülər üçün sosial problem yaranacaq. Bir çoxunun ağrıları olduğuna görə dayanmır və bunu etməyə məcbur olur. Bu zaman onları test etdikdə həm də işsiz qalacaqlar. Onları narkodispanserlərə yerləşdirmək lazımdır. Bizdə isə müalicə müəssisələrində yerlər məhduddur. Uzun sözün qısası, ”Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal” deyildiyi yerdəyik.
Ölkədə narkotik istifadəçilərinin sayının artmasının fonunda bu bəladan xilas olmaq üçün müalicə müəssisələrinin sayı artırılmalıdır. Hazırda maliyyə və narkoloq çatışmazlığından bu məsələ uzun vaxt apara bilər. Ona görə də əlimizdə olan resursa, Səhiyyə Nazirliyinin “Zərərin azaldılması” layihəsinə təkan vermək lazımdır.
Bakıda 5 min narkotik istifadəçisi varsa, yer sayı 400 nəfərdir. Sumqayıtda min nəfər varsa, 28 nəfərlik yer var. Bu dispanserlərdən beş-altı böyük şəhərdə var, digər regionlarda isə ümumiyyətlə narkoloji dispanser yoxdur. Deyək ki, narkomanları tapıb dispanserə yerləşdiririk, amma sonrakı mərhələ üçün reabilitasiya mərkəzi yoxdur. Özəl sektor pulludur, hər insanın da ona imkanı yoxdur”.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı da “Şərq”ə açıqlamasında bu sahədə vəziyyətin getdikcə pisləşməsindən danışıb: “Statistika və real müşahidələrimiz onu göstərir ki, problemin nəinki kökünü kəsmək, heç artımın qarşısını almaq mümkün deyil. Narkomaniyaya qarşı dövlət tərəfindən mübarizə aparılır. Son illər DİN-in narkomaniyaya qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində yüzlərlə narkotacir ifşa olunaraq məsuliyyətə cəlb edilib. Minlərlə ton narkotik vasitələri müsadirə olunaraq məhv edilib. Amma bunların heç biri ölkədə narkomaniyanın azalması üçün yetərli olmayıb. Demək ki, bu problemi doğuran səbəbləri aradan qaldırmaq lazımdır. DİN-in əməliyyatları yalnız narkotik ticarəti ilə məşğul olan şəxslərə qarşı aparılır. Avropa Şurasının tələbinə əsasən, narkotik istifadəçiləri üçün heç bir hüquqi cəza müəyyən edilmir. Amma narkotik istifadəçilərinə qarşı müxtəlif çəkindirici cəza metodları tətbiq etmək daha məqsədəuyğun olardı. Ən azından narkotik istifadəçilərinin bir hissəsi hansısa formada cəza alacaqlarından ehtiyat edib bu vərdişlərindən imtina edərlər”.
E.Bayramlının sözlərinə görə, narkomaniyanın cəmiyyətdə tüğyan etməsi, gənclər arasında aludəçilərin sayının artmasına işsizlik və avaralıq, uşaq və yeniyetmələrin asudə vaxtının düzgün təşkil olunmaması kimi sosial amillər zəmin yaradır:
“Uşaq və gənclərin fiziki və mədəni inkişafa yönəlməsi üçün vacib olan idman və yaradıcılıq mərkəzləri çox bahalıdır. Valideynlər uşaqlarını bu mərkəzlərə yazdıra bilmədiyi üçün “tin”də böyüyən kütlə formalaşır. Hesab edirəm ki, burada maarifləndirmənin heç bir təsiri, effekti ola bilməz. Sadəcə, problem yaradan səbəblər aradan qaldırılmalıdır. Gənclər üçün müxtəlif dərnəklər, texniki yaradıcılıq mərkəzləri, peşə kursları, pulsuz idman və musiqi kursları olmalı, gənclər üçün xüsusi dövlət proqramı təsdiq edilməli və bu məsələlər həll olunmalıdır. Əks halda milli genefondumuz məhv olacaq. Dövlət, ictimai təşkilatlar, media bu mübarizədə yaxından iştirak etməli və mütəşəkkil tədbirlər həyata keçirilməlidir. Narkomaniyanın artması paralel olaraq QİÇS xəstəliklərinə yoluxma sayının da artmasına zəmin yaradır”.