Sözü məmur deyir, memar yox...

Ona görə Bakı indi bir-birinin bəhsinə ucaldılan binalara görə görkəmsiz hala gəlib

"Uzun illərdir biz deyirik, şəhər yuxarıya doğru deyil, yanlara genişlənməlidir.  “Yuxarıya doğru inkişaf” şəhərdə sıxlığı artırır, tıxacların daha da artmasına səbəb olur. Basırıq yaradır. Tərpənmək olmur"

  "Bakı şəhərinin Baş planı tezliklə təsdiq olunmalıdır". Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Baş Planın hazırlanması artıq başa çatıb: "Baş plan şəhərin zonalaşdırılması, eyni zamanda müvafiq məhdudiyyətlərin tətbiq edildiyi sənəddir. Bununla yanaşı, paytaxta uyğun müasir şəhərsalma yanaşmaları da plana salınıb". A.Quliyev bildirib ki, Baş Plan artıq təsdiq üçün təqdim edilib. Yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir. KİV-ə açıqlamasında DŞAK-nın sədri Bakıda gedən tikinti bumu ilə bağlı xəbərdarlıq edib: “Tarixi mərkəzlərdə gedən tikintilərdə tarixilik qorunmalıdır. Əsrlərlə formalaşmış tarixi şəhərsalma mühiti qorunmalıdır. Həmin ərazilərdə aparılacaq yeni işlər həmin mühitə uyğun aparılmalıdır. Bu, istər bərpa işlərində, istərsə də yeni bina tikintisində qorunmalıdır”. 
  Bakının bəlalı Baş Planı haqda axtarış verəndə qarşımıza maraqlı məlumat çıxdı. Məlum oldu ki, Bakının hansısa, növbəti, neçənci olduğu dəqiq bilinməyən baş planlarından biri 2014-cü ilin dekabrında – 8 il əvvəl təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim edilib. Bu barədə "Modern.az" saytı yazıb. “Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin ictimai müzakirəsi zamanı aidiyyəti dövlət orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin layihəyə dair təklif və tövsiyələri nəzərə alınaraq layihədə müvafiq düzəlişlər aparılıb. Hazırda layihənin tamamlanması üzrə işlər başa çatmaq üzrədir”. Bunu o zaman Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışan Ağamirzə Canmirzəyev bildiribmiş. Əməkdar memar Feyzulla Quliyev isə layihə ilə bağlı "Modern.az"a maraqlı açıqlama verib. “Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin məsləhətçisi olan F.Quliyev bildirib ki, I və II etap layihələr tam hazırdır: “I etapda hazırlanan “Böyük Bakının Regional İnkişaf Planı və məxsusi Bakının ərazilərdən istifadə və zonalaşmasına dair layihə (Baş plan)” 2014-cü ilin dekabrında Nazirlər Kabinetinə təqdim edilib. Dünya Bankının ayırdığı 5 milyon manatdan qalan vəsait də xırda qəsəbələrin baş planlarının hazırlanmasına sərf olundu. Abşeron yarımadasına daxil olan Abşeron, Sumqayıt, Xırdalan, o cümlədən Bakının bütün ərazisi bu etapa daxildir. İkincisi, 2016-cı ilin sonlarından başlayaraq Bakı İcra Hakimiyyətinin ərazisinə məxsus olan şəhər tipli qəsəbələrin baş planları hazırlanıb və müzakirəyə çıxarılıb. Həmin vaxt Hacıbala Abutalıbov hər nə qədər bu layihədən xəbərsiz olduğunu desə də, onun razılıq ərizəsi alınmışdı”. 

Deməli, bolşevik işğalından əvvəl və sovet hakimiyyəti illərində Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə, o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-ci ilədək dövrü əhatə etməlidir. Xatırladılır ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb.

  Görünən budur ki, əlimizin altında olmasa da, hardasa, hansısa rəflərdə Bakının bir neçə Baş Planı olub və var. 

Maraqlı və cavabı gərəkən həm də budur ki, görəsən, 1990-cı illərin ortalarından, xüsusən də 2000-ci ildən bu yana paytaxtın özünəməxsus tarixi memarlıq üslubuna zidd, paytaxtın bu gün iflic vəziyyətinə düşməsinə səbəb olan tikililər həmin o Baş Planlarda əksini tapıbmı? Yəni Baş Planda bu tikililərə icazə var idimi? Məlum məsələdir, suala cavab verən olmayacaq. Ona görə yox ki, cavabı bilmirlər. Ona görə ki, cavab verə bilməzlər. Baş Plandan yayınmalara göz yumanlar özlərini ifşa edən deyil ki! Məmurların “ən yaxşı” cavabı “tikintiyə icazə illər əvvəl verilib, sərəncam var, necə qarşısını alaq?”, olur. Bu da əlbəttə, özünü sudan quru çıxarmaq cəhdidir. Və günahı ötən illərin üzərinə atmaq da ən yaxşı “priyom”dur. Belə çıxır ki, 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində qeydiyyata alınmış hansısa MTK-nın sahibi fitri istedadı və öngörənliyi ilə hələ 1980-ci illərdə paytaxtın mərkəzi hisssələrində 15-20 mərtəbəli göydələnlər üçün yer qaralayıb və icazəsini də elə o vaxt alıb. Afərin! Əslində hər şey göz qabağındadır və görünən dağa bələdçi də lazım deyil. Hər nə qədər Bakı merləri – gəlmiş keçmişlər və hazırkı icra hakimiyyətlərinə guya ki, “göz ağartsa”lar da, necə deyərlər, dəyirman öz işindədir. Uzaq keçmişdə memarlıq üslubu ilə seçilən binalarına görə füsunkar görkəmli Bakı indi bir-birinin bəhsinə ucaldılan binalar hesabına görkəmsiz, uzundraz şəhərə çevrilib. Səkilər, yaşıllıqlar yaşayış və ofis binaları, kafelər, dönərxanalar, salonlar, ictimai iaşə obyektləri, tədris mərkəzləri, marketlər, yeməkxana, şadlıq sarayları... tərəfindən zəbt edilib. Kimsə şəhərin yerində saymasının tərəfdarı deyil. 

Təbii ki, zaman və dövr yeniliklərin olmasını qaçılmaz edir. Lakin bu yeniliklərin eybəcər formada təzahür etməsinə əsas vermir. Böyüyən təkcə Bakı deyil, dünyanın hər yerində şəhərlər inkişaf edir, böyüyür, əhali sayı artır. Şəhərin qorunmasını vəzifə borcu bilən məmurların olduğu şəhərlərdə yeni tikintilər bizdəki kimi eybəcər formada deyil, həqiqətən planlı şəkildə - dağıdıcı deyil, qurucu formada aparılır. Bakının da Baş Planı var. Kimdir baxan bu Baş Plana? Bu plan “baş” yox “Baş-ayaq” Plan adlanmalıdır. Təzə Baş Plan təsdiqlənəndən sonra guya ki, “qanunsuz” tikililərə son qoyulacaq? Şəhərdən bundan sonra da Baş Plana uyğunsuz tikililər köhnə sərəncamlar, ya da sərəncamdan da qüvvətli pul – rüşvət hesabına tikiləcəksə, Baş Plan yenə gərəksiz sənəd kimi qalacaq.

  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında paytaxtda tikintilərin mütləq Baş Plana uyğun aparılmalı olduğunu dedi:  

- Bakının özünəməxsus memarlıq üslubunun korlanmasının bir səbəbi tarixi binalara “qəzalı” möhürü vurularaq sökülməsidir. Qəza vəziyyətinin bir neçə mərhələsi var. Birinci mərhələ, ikinci mərhələ. Bina elə vəziyyətdə ola bilər ki, onun təmirinə artıq ehtiyac yoxdur, təmir edilsə də, məhkəmləndirilməsi mümkün olmayacaq, təhlükəsi yenə qalacaq. Bir də var, bina elə vəziyyətdə olur ki, onu bərpa etmək, möhkəmləndirmə işləri aparmaqla uzun illər istismara yararlı vəziyyətə gətirilir. Tarixi binalarla bağlı əvvəlcə onların hansı vəziyyətdə olduğu dəqiqləşməlidir. Və bu məsələdə də şəxsi maraqlar, kommersiya maraqları deyil, ölkənin və şəhərin tarixi keçmişi əsas götürülməlidir. Dövlətimiz tarixi binaları qoruyur, bərpa edir. Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Bakının tarixi memarlıq üslubu qorunmalıdır, vəzifəyə yeni təyin etdiyi şəxslərdən də bu tələb olunur. Belə deyəndə, bəziləri həmin irad bildirməyə tələsirlər ki, köhnə binalar istismar müddətini başa vurub, uçub dağılır, onları saxlamaq nəyə lazımdır? Sovet illərində tikilmiş binalar arasında elələri var ki, çox gözəl memarlıq üslubunda tikilib. Və artıq tarixi bina sayılırlar. Həmçinin sovet illərində tikilmiş yaşayış binaları, ictimai binalar da var ki, tarixi abidə sayılmasalar da, paytaxtımızın müəyyən hissəsində ümumi memarlıq ansamblını təşkil edirlər. Şəhərin ümumi görünüşünə uyğundurlar. Beşmərtəbəli binaların sırasının 16 mərtəbəli binayla kəskin pozulması ümumi panoramanı eybəcər şəklə salır. Ümumi görünüş budur ki, ansambl pozulmasın. Bir üslubdan digərinə keçid yumşaq olsun. Gözü yormasın, pis mənada yox, yaxşı mənada təəccübləndirsin. Niyə sovet vaxtı Bakıya qonaq gələnlər şəhərin ümumi panoramasına baxanda valeh olurdular? Çünki şəhərdə müasirliklə tarixilik arasında vəhdət vardı, qanunauyğunluq vardı. Amma sonrakı dönəmdə bu uyğunluq pozuldu. Qız qalasının qarşısında və ya yanında göydələni necə təsəvvür etmək olar? Qız qalasında bir qədər aralıda “Hacınskinin evi”dir. Görürsünüz, necə uyğunlaşdırıblar o zaman bu binanı Qız qalasıyla. Sanki eyni əsrdə, eyni memar tərəfindən tikilib. Bir-birini tamamlayır bu tikililər. Baxmayaraq ki, biri X-XII əsrlərə, digəri XX əsrin əvvəllərinə. Demək istəyirəm ki, şəhərdəki digər tikililəri də bu cür bir-birinə uyğunlaşdırmaq mümkündür. Uzun illərdir biz deyirik, şəhər yuxarıya doğru deyil, yanlara genişlənməlidir.  “Yuxarıya doğru inkişaf” şəhərdə sıxlığı artırır, tıxacların daha da artmasına səbəb olur. Basırıq yaradır. Tərpənmək olmur. Ən vacibi, müasir binalar paytaxtın mərkəzi hissəsində Bakının memarlıq üslubuna xələl gətirir. Bakının əsl simasına zərər vurur, tarixiliyi silib-süpürür. Avropa şəhərlərində köhnə binaların yanında, onlara bitişik yeni, müasir binaların tikintisinə icazə verilmir. Bizdə isə təəssüf ki, uzun illərdir bu məsələyə səhlənkar yanaşılır. Kimsə demir ki, qəzalı, istismar müddəti başa çatmış bina olduğu kimi qalsın, kimsə ona əl dəyməsin. Sadəcə, işlər düzgün aparılmalıdır. Bu işdə məmur sözü deyil, memar sözü keçərli olmalıdır. Söküntü və tikintidə mütləq memarların və şəhərsalma mütəxəssislərinin rəyi dinlənməlidir.