Son illərdə xanımlarımız aktivləşib

Bu məsələdə dövlət dəstəyi öz sözünü deyir

"Qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilir və onlar dəstəklənir"

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

  Ölkəmizdə dini, irqi ayrı-seçkiliyə yol verilmədiyi kimi, cinsi ayrı-seçkiliyin aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi də dövlət siyasətinin prioritetlərindəndir.  Xüsusən son illərdə qadınların yüksək vəzifələrə təyini, dövlət idarələrində qadın rəhbərlərin sayının artması müşahidə edilir, bu da idarəçilikdə qadınlara üstünlük verilməsinin, ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması istiqamətində düzgün siyasətin aparıldığını göstərir. Qadınların fəallığı təkcə ictimai-siyasi müstəvidə özünü göstərmir, eyni zamanda son illərdə iqtisadi müstəqillik qazanan qadınların sayının artdığı da özünü büruzə verir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə keçirdiyi “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” adlı ictimai dinləmədə səslənən fikirlər və nümunə olaraq qeyd edilən rəqəmlər də bunu deməyə əsas verir. İctimai dinləmələrdə çıxış edən millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda 1 milyon 168 min sahibkar arasında 250 mindən çoxu məhz qadın sahibkarlardır. Həmçinin işğaldan azad edilmiş ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan da 50-si qadın sahibkardır. Komitə sədri vurğulayıb ki, səhiyyə və təhsil sahəsində kişi və qadın əməyi yaxındır. Ancaq bəzi sahələrdə fərqlər var və fərqlərin aradan qaldırılması, qadın sahibkarlığının inkişafı istiqamətində iş aparılır. Dinləmələrdə çıxış edən Kiçik və orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. 

  O.Məmmədov qeyd edib ki, bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir:

 “Ölkə Prezidentinin 22 iyul 2022-ci il Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilib. Hazırda həm qlobal səviyyədə, həm də ölkəmizdə qadın sahibkarlığının çəkisinin artması müşahidə edilir, qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər. 

Statistikaya əsasən, fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir və iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Ölkəmizin milli prioritetlərinə və inkişaf strategiyasına əsaslanan, icrası 2022-2026-cı illəri əhatə edən işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış"a dair 1-ci Dövlət Proqramında qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi istiqamətində tədbirlərin icrası nəzərdə tutulub.

Bildiyiniz kimi, dekabrın 2-də Milli Məclisin payız sessiyasının plenar iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qanun layihəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri və istiqamətlərində digər məsələlərlə yanaşı qadın sahibkarlığının təbliğinə dövlət dəstəyinin göstərilməsi də öz əksini tapıb. Düşünürəm ki, qanun ölkədə sahibkarlığın, o cümlədən qadın sahibkarlığın inkışafının daha da sürətlənməsinə xidmət edəcək”. O.Məmmədov qeyd edib ki, qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, “kobmarket.az” ticarət portalı, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalanırlar. Həmçinin qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur. Məlumat üçün qeyd edim ki, KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur. 2022-ci ilin oktyabr ayından KOBİA və “Rabitəbank” ASC–nin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” adlı layihəyə start verilib. Layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. “Bununla yanaşı bildirmək istərdim ki, KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə 4000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb. Qeyd edim ki, Agentlik tərəfindən göstərilən dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar” söyləyən O.Məmmədov qeyd edib ki, ötən müddət ərzində 5 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 10 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib, o cümlədən qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən “Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 100-dən çox qadın yararlanıb. Ötən il yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi və sosial inkişafa nail olunması, bu sahədə yüksəlişdən bəhrələnmək üçün qadın sahibkarların rolunu önəmli hesab edirik. Son illərdə qadın sahibkarların sayının artması sözügedən ərazilərdə məşğulluğun inkişafına yardım edəcəkdir. Təqdirəlayiq haldır ki, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən qadın sahibkarlarımız da var. Bugünədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən, eləcə də digər iş və xidmətlərini təklif edən sahibkarlardan KOBİA-ya 1332 müraciətdən 70-i qadın sahibkarlara aiddir ki, onların da 37-si investisiya layihələri, 13-i iş və xidmətlərlə bağlı və 20-si isə digər vətəndaş müraciətləridir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdiyi layihələrin 29-u ticarət və xidmət, 12-si sənaye, 12-si kənd təsərrüfatı, 9-u tikinti işləri, 4-ü turizm, 2-si təhsil və 2-si isə səhiyyə və mədəniyyət sahələri üzrə olub.

  Qadınların sahibkarlıq fəaliyyətinin genişlənməsinin onların iqtisadi asılılıqdan azad olmasına geniş imkanlar açdığını bildirən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu istiqamətdə aparılan işlərin qənaətbəxş olduğunu dedi: 

- İctimai dinləmədəki çıxışları nəzərdən keçirdim. Sizə deyim ki, bu məndə, xanımlarımızla bağlı ümidləri daha da artırdı. Görünür ki, son illərdə xanımlarımız aktivləşib. Bu məsələdə dövlət dəstəyi də öz sözünü deyir. KOBİA İH-nin sədri vurğuladı ki, regionlarda, o cümlədən Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onlara maliyyə resurslarına çıxışda dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək. 

Əlbəttə, bu, çox yaxşıdır və xanımlar üçün imkanların genişlənməsi deməkdir. Dinləmələrdə vurğulandı ki, ötən müddət ərzində ölkədə işgüzar qadınların sayı artmaqdadı. Burada artan dinamika var. Qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilir və onlar dəstəklənir.

Gender bərabərliyinin təminində bu, əsas halqadır. Hesab edirəm ki, qadınlara lazımi dəstək verilsə, onlar düzgün yönləndirilsələr, bacarıqları nəzərə alınsa, qadınlarla çox böyük layihələrə imza atmaq olar.