Taksi sürücüləri narkoticarətlə məşğul olmur
Onlar daha çox narkotik vasitələrini onlayn satan şəxslərə "kuryer"lik edir
Bakıda “Uber” taksi şirkətinin narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən 7 sürücüsü tutulub. DİN-dən "Şərq" ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən, əvvəllər məhkum olunmuş “Uber” taksi şirkətinin sürücüsü Anar Kəlbiyev qısa zamanda ifşa edilərək saxlanılıb.
Onun üzərindən, avtomobilindən və Abşeron rayonunda yaşadığı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar olunub. İlkin sorğu zamanı Anar Kəlbiyev narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədilə Bakı şəhərinə gətirdiyini bildirib. Onun bu məqsədlə xaricdə yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə mütəmadi olaraq əlaqə saxladığı da həyata keçirilən texniki tədbirlərlə sübuta yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Anar Kəlbiyev barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, Baş İdarə əməkdaşları tərəfindən son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Uber” taksi şirkətinin ümumilikdə 7 sürücüsü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub. Bu şəxslərin daxil olduqları şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, belə faktlar son zamanlar tez-tez qeydə alınır. Demək, hər gün onlarla sərnişinin həyatı özləri də bilmədən bu cür sürücülərə görə böyük təhlükə altına düşür.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun fikrincə, narkotikin satışı və istifadəsi ilə məşğul olan insan bir taksini götürüb, kirayələrək narkotika alveri ilə məşğul olursa, təbii ki, bu, mövcud sahədəki boşluqlardan qaynaqlanır. Onun sözlərinə görə, hər gün taksi sürücülərinin psixoloji vəziyyəti yoxlanılmalı, narkoloji və alkaqol testdən keçirilməlidir. Nəzarət sistemi təkmilləşdirilməsə analoji hal davam edəcək:
"Taksi fəaliyyəti ilə məşğul olan bir neçə narkotik alverçisinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması həll yolu deyil.
Narkotik istifadə edib taksiçiliklə məşğul olan çoxlu sayda sürücülər var.
Əgər taksi xidmətlərinin yüksək keyfiyyətli, təhlükəsiz, səriştəli olmasını, eyni zamanda belə xoşagəlməz hallarla qarşılaşmaq istəmirksə, taksi fəaliyyətinin qanun çərçivəsinə salınması istiqamətində konkret addımlar atılmalıdır. İstənilən şəxs vergisini ödəyib fərqlənmə nişanı alır və sərnişindaşımalarla məşğul ola bilir. Deməli, fərqlənmə nişanı almağa gələn sürücülər üçün müəyyən tələblər qoyulmalıdır. Sürücü və avtomobili Nazirlər Kabinetinin qərarına, dövlət standartına, avtomobil nəqliyyatı haqqında qanunlara uyğun olmalıdır. Bunları təsdiq edən sənədlər yoxdursa, fərqlənmə nişanı verilməməlidir. Həmçinin sürücüdən sağlamlıq haqqında arayış və həmin arayışı alarkən narkoloji yoxlanmadan keçməsilə bağlı sənəd tələb olunmalıdır. Bu qaydalar təkmilləşəndən sonra praktikada tətbiq olunmalıdır".
Hüquqşünas hesab edir ki, bütün bunlara paralel olaraq taksi şirkətlərinin üzərinə də öhdəlik qoyulmalıdır ki, fərqlənmə nişanı və qanunda göstərilən tələblərə uyğun olmayan heç bir sürücünü işə qəbul etməsinlər: "Əgər cəlb etsələr, həmin şirkət barəsində böyük məbləğdə cərimələr tətbiq olunsun. Bu gün fəaliyyət göstərən taksi şirkətlərinin hər birinin öz portalları, xidmət proqramları var. Müvafiq qurumlar həmin proqramlara nəzarət funksiyası tətbiq etməlidir. Dünyada bu təcrübə var, yəni kəşf etməyə ehtiyac yoxdur. Sadəcə, nəzarət gücləndirildiyi zaman taksi sürücüləri biləcək ki, onun sərxoşluğu, narkotik maddədən istifadəsi və yaxud satışı ilə bağlı şikayət olarsa, o, bir daha sürücü ola bilməyəcək və çörəyini itirəcək".
Narkotik vasitələrin satışını həyata keçirən taksi sürücülərinin həbs olunmasına münasibət bildirən narkomaniya üzrə ekspert Emil Maqalov “Şərq”ə açıqlamasında deyib ki, taksi sürücüləri narkoticarətlə məşğul olmur. Onlar daha çox narkotik vasitələrini onlayn satan şəxslərə “kuryer”lik edir.
Ekspertin sözlərinə görə, insanların sosial durumunun aşağı olmasından istifadə edən, psixoloji təsir altına tez düşən insanları dərhal ələ alan narkotacirlər özlərini göstərmədən satış şəbəkəsini qurmağa nail olur: "İşsiz-gücsüz, ehtiyac içində yaşayan insanlar da qeyri-ixtiyari razılaşır. Bu şəbəkələr “tora saldıqları” insanlara əvvəlcədən 200-300 manat ödəniş etməklə həm şirnikləndirir, həm də bu işin öhdəsindən gəlsələr, daha çox qazanacaqlarına inandırır.
Narkotacirlər narkotik vasitələri müxtəlif yerlərdə, ağacların, kolların dibində gizlədirlər. Narkotik istifadəçiləri və narkokuryerlər də həmin yerə gedərək alacaqları maddəni əldə edirlər. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin narkotik vasitələri onlayn satan şəxslərin “tor”una düşmə ehtimalı çoxdur. Bəziləri bunu bilərəkdən gəlir qazanmaq məqsədilə edir. Bəziləri isə apardığı bağlamanın içərisində nə olduğunun fərqinə belə varmır. Müştəridən təhvil alıb qeyd olunan ünvanda onu gözləyən şəxsə təhvil verir və çıxır gedir”.
Taksi sürücülərini ayıq-sayıq olmağa çağıran ekspertin sözlərinə görə, sürücülər tanımadıqları adamlardan götürdüyü bağlamanı mütləq yoxlamalı və nə apardığını bilməlidir.