Elektron ticarət xüsusən sahibkarlar üçün sərfəlidir - Üstünlükləri artır


Elektron ticarətin ölkəmizdə geniş vüsət alması üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir
  2022-ci ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 6 milyard dollara çatacağı gözlənilir. Bunu Türkiyənin "Trendyol" elektron ticarət platformasının idarə heyətinin üzvü Ozan Açar "E-Commerce Day of Azerbaijan" adlı tədbir zamanı deyib. Onun sözlərinə görə, ötən il bu rəqəm beş milyard dollar səviyyəsində olub: "Xatırladıram ki, dövlətlərimizin başçıları yaxın gələcəkdə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasını qarşıya məqsəd qoyublar. Hesab edirəm ki, bu göstəriciyə ən qısa zamanda nail olmaq üçün ölkələrimiz arasında elektron ticarət sahəsini inkişaf etdirmək lazımdır”. O, “Trendyol”un Türkiyədə, eləcə də Afrika ölkələrində və bir sıra Avropa ölkələrində elektron ticarət sahəsində lider olduğunu vurğulayıb. "PAŞA Bank"ın korporativ və kommersiya bankçılığı departamentinin rəhbəri Bəhmən Orucov isə qeyd edib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektron ticarət dövriyyəsi 14 milyard manatı ötüb. Onun sözlərinə görə, dövlət portallarında ödəniş göstəriciləri nəzərə alınmasa, elektron ticarət dövriyyəsi 5 milyard manata yaxın olub. "Bundan başqa, cari ildə POS-terminallar üzrə dövriyyədə yarıdan çox dinamik artım var", - deyə o, bildirib. B.Orucov onu da vurğulayıb ki, dünyada e-ticarət sektorunda hər gün dəyəri 100 trilyon dollardan çox olan 6,6 trilyon dollar əməliyyat həyata keçirilir. Elektron ticarətin üstünlük təşkil etdiyi əsas ölkələr Şimali Amerika və Asiyadır.
  Qeyd edək ki, elektron ticarətin üstünlüyü son illərdə özünü əyani göstərir. Xüsusən də pandemiya dövründə ticarət şəbəkələri elektron ticarətə daha üstünlük verməyə başladı. Vətəndaşlar da həmçinin elektron ticarəti rahat, əlverişli hesab edərək alış-verişdə daha çox bu üsuldan istifadə edirlər. İnternet imkanları vətəndaşa evində əyləşdiyi yerdəcə istədiyi əşyanı, malı əldə etmək imkanı verir. Ünvandan ünvana çatdırılmanın uyğun məbləğə təşkil edilməsi də bu üsula marağı və tələbatı artırıb. Artıq paytaxtda müxtəlif ölkələrdən çatdırılma yolu ilə onlayn alış-veriş təşkil edən şirkətlərin sayı da artıb. Bu məsələdə də vətəndaşların seçim imkanı var. Hansı şirkət daha ucuz daşınma xərci tətbiq edirsə, əhali ona üz tutur.
  Mövzu ilə bağlı danışan iqtisadçı Vüsalə Əhmədova bildirib ki, elektron ticarət internet vasitəsilə onlayn və ya offlayn icra edilən əməliyyatlar sayılır. Termin məhz keçən əsrin sonlarında İBM şirkəti tərəfindən yaradılıb, 1980-ci ildən etibarən ”Ford”, “Peugeot”, “General Motors” və “Nissan” kimi iri miqyaslı avtomobil istehsalçıları internet-mağazalardan istifadə etməyə başlayınca geniş vüsət alıb. 2000-ci ildən başlayaraq isə əsasən Amerika və Avropa şirkətləri öz məhsul və xidmətlərini internet vasitəsilə təqdim etməyə başlayıblar. E-ticarət həcminə görə ilk beşlikdəki ölkələr ABŞ, Çin, İngiltərə, Yaponiya və Almaniyadır. Ölkəmizdə e-ticarət dövriyyəsinin pərakəndə ticarət dövriyyəsindən dəfələrlə aşağı olduğunu deyən ekspert bu sahədə qonşu Türkiyədən geridə olduğumuzu vurğulayıb. Məsələn, Türkiyədə hər 5 kredit kartından 2-si internet alış-verişində istifadə olunur. V.Əhmədova hesab edir ki, ölkəmizdə elektron ticarətin genişlənməsi üçün hökumət müəyyən güzəştlər təklif etməlidir: “Xatırladım ki, 2016-cı ildə hökumətimiz internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18 faizlik ƏDV tətbiq etdi. Bildiyiniz kimi, Azərbaycanda ”Elektron ticarət haqqında” Qanun qəbul edilib. Qanun elektron ticarət qaydalarından tutmuş, işlərin və xidmətlərin təqdim edilməsi, elektron ticarətin iştirakçısı olan satıcı və alıcıya dair tələbləri müəyyən edən normalaradək özündə ehtiva edir. Qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə elektron ticarət qaydasında göstərilən xidmətlərdən, ödəməni həyata keçirən bank tərəfindən ƏDV hesablanır və alıcının vəsaiti hesabına tutulmaqla dövlət büdcəsinə ödənilir. İnternet şəbəkəsi vasitəsilə elektron kitabların, audio-vizual materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi də qeyri-rezidentin göstərdiyi iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir. Hazırda demək olar ki, elektron ticarət xüsusən sahibkarlar üçün sərfəlidir. Elektron ticarətin ölkəmizdə geniş vüsət alması üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir. E-ticarəti ƏDV-dən azad etməklə istehlakçılar üçün daha sərfəli hala gətirmək olar. Bundan əlavə, ölkəmizdə bir çox onlayn market saytları özlərinin fiziki ünvanlarını göstərmirlər, bu isə alıcıların internet mağazalara inamını azaldır.