Moped və skuterlərə hərəkət zolağı verilməlidir


Alternativ nəqliyyat vasitələri ölkəyə gətirilirsə, onların hərəkəti üçün imkanlar da olmalıdır
"Qanunla müəyyənləşməlidir ki, moped və ya velosiped hansı halda deyək ki, avtobus zolağıyla hərəkət edə bilər və ümumiyyətlə, bu nəqliyyat vasitələri avtobus zolağına daxil ola bilərmi?"
  “Bizim “Yol hərəkəti haqqında” qanun köhnədir”. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Tahir Kərimli deyib. Deputat bildirib ki, artıq skuterlər var: “Bir azdan pilotsuz avtomobillər olacaq ki, onlar barədə də qanunda heç nə yoxdur. “Yol hərəkətinin təşkili” ilə bağlı vahid hüquqi aktımız da mövcud deyil. Yol hərəkətinin tənzimlənməsi ilə ciddi məşğul olacaq mərkəz yaradılmalıdır. Hər il Azərbaycanda 1000 nəfər yol qəzalarında həlak olur. Üstəlik, yollarda səsdən insanlar əziyyət, yollarda titrəmələrdən binalar ziyan çəkir. Ona görə də mütləq yol hərəkətinin tənzimlənməsi ilə bağlı mərkəz yaradılmalı, problemləri həll etməli və təkliflər verməlidir”.
  Millət vəkilinin toxunduğu məsələ uzun müddətdir müzakirə predmetidir və mütəxəssislər bu haqda rəy bildirirlər. Paytaxtda elektroskuterlərin də, moped adlanan, əslində bildiyimiz motosikletlərin sayı gündən-günə artır, parklanma məntəqələri də çoxalır, ixtisaslaşmış mağazaların vitrinlərini mopedlər, skuterlər bəzəyir. Velosiped həvəskarlarının da sayı çoxalır. Bu nəqliyyat vasitələrinə marağın və ehtiyacın artması hər nə qədər tıxaclarla əlaqələndirilsə də, dövrün dəbi, trendi söyləmək də mümkündür. İllər öncə tankabənzər “cip”lər dəb idi, indi, xüsusən də gənclər skuterlərə, mopedlərə meyl edir. Və bu, zamanla ayaqlaşmaq hesab edilir. Əslində daha yüngül nəqliyyat vasitələrinə keçid edən ölkələr və şəhərlər çoxdur. Sıxlıq yaşanan dünya şəhərlərində kiçiktutumlu, manevr imkanları geniş nəqliyyat vasitələrinin olduğunu görürük. Paytaxtımızda da son zamanlar kiçikhəcmli nəqliyyat vasitələrinə tələbat artıb. Bu, əlbəttə, yaxşıdır. Lakin millət vəkilinin irad bildirdiyi məsələ - qanunvericilik mövcud duruma uyğunlaşdırılsa. Mopedlər və ya skuterlərin iştirakı ilə baş vermiş qəzalara görə qanunvericilikdə hansı cəza nəzərdə tutulur? Məlum deyil. İndi başlayıblar ki, moped idarə etmək üçün sürücülük vəsiqəsi almaq gərəkəcək. Hələ ki, moped sürücüləri sürücülük vəsiqəsindən azaddır. Belə olduğu halda cərimə kimə və necə kəsiləcək? Bütün bu deyilənlər yol hərəkətinin tənzimlənməsi üçün ayrıca mərkəzin yaradılmasını zəruri edirmi?
  Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında qeyd etdi ki, nəqliyyat vasitələrinin idarə edilməsi üzrə vahid qanunlar toplusu mövcuddur, lakin qanunvericiliyin təkmilləşməsinə ehtiyac var:
- Nəqliyyat vasitələrinin növləri artırsa, onların hərəkətinin tənzimlənməsi üzrə qanunvericilik də təkmilləşməlidir. Qanunvericilikdə yenilənmə aparılmalı, yeni qanunvericilik aktları hazırlanmalıdır. Mən bu təklifi dəstəkləyirəm. Amma məsələ bununla bitmir. Yeni nəqliyyat vasitələrinin idarə edilməsiylə bağlı qanunvericiliyi təkmilləşdiririksə, onların hərəkətini tənzimləyəcək yol infrastrukturunun qurulması da qanunvericilikdə əksini tapmalıdır. Moped sürücüsünə və ya skuter istifadəçisinə “sən bu yolla hərəkət edə bilməzsən” deyiləcəksə, ona alternativ yol, hərəkət zolağı verilməlidir. Qanunla müəyyənləşməlidir ki, moped və ya velosiped hansı halda deyək ki, avtobus zolağıyla hərəkət edə bilər və ümumiyyətlə, bu nəqliyyat vasitələri avtobus zolağına daxil ola bilərmi? Paytaxtda bəzi küçələrdə velosiped zolaqları çəkilib, indi xüsusi avtobus zolaqlarının çəkilməsinə başlanılıb, bir sıra yollarda xüsusi zolaqlar ayrılır. Lakin bunlar hələ ki, yetərli deyil. Alternativ nəqliyyat vasitələri ölkəyə gətirilirsə, onların hərəkəti üçün imkanlar da olmalıdır. Bu imkanlar yoxdursa, yaradılmayıbsa, qəzalar qaçılmazdır.
  İ.Hüseynli yol hərəkətinin tənzimlənməsiylə məşğul olacaq mərkəzin yaradılmasına isə zərurət görmədiyini dedi: - Yol hərəkətinin tənzimlənməsiylə Dövlət Yol Polisi məşğuldur, Bakı Nəqliyyat Agentliyinin İntellektual İdarəetmə Mərkəzi var. Yeni yaradılacaq qurum bu qurumlara paralel olacaq, təxminən eyni işi icra edəcəklərsə, buna ehtiyac yoxdur. Bundansa təkmilləşdiriləcək qanunvericiliyə uyğun olaraq mövcud qurumların səlahiyyətlərini artırmaq, qanunvericilikdən irəli gələcək səlahiyyətləri həmin qurumlara həvalə etmək daha düzgün olar.