Güzəştlər əsas məsələdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova qadın sahibkarlarla bağlı müəyyən güzəştlərin qanunvericiliyə salınmasının vacibliyinə toxunub.
Onun sözlərinə görə, ilkin maliyyə kapitalına çıxış baxımından Azərbaycanda qadın sahibkarlarla bağlı xüsusi dəstəyin göstərilməsinə ehtiyac var: “Qadınların maliyyə imkanları ilə kişilərin maliyyə imkanları eyni deyil. İlkin kapitala çıxış baxımından işlər görülməlidir. Bununla bağlı biz də artıq qanunvericiliyə dəyişikliklər etməliyik. Xüsusilə qadın sahibkarlara müəyyən güzəştlər qanunvericiliyə salınmalıdır”.
Qeyd olunan təklifləri şərh edən iqtisadçı, KOBİA-nın Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Onlara edilən güzəştlərin qanunvericilik aktlarında da öz əksini tapmasına və qadın sahibkarların inkişafına yeni dəstək mexanizminin yaradılmasına ehtiyac var: "Ölkəmizdə qadınların sayı ümumi əhalinin 50.1 faizini təşkil etməsinə rəğmən ölkədəki sahibkarların sadəcə 21 faizini qadınlar təşkil edir. Onların əksəriyyəti isə öz biznesini paytaxtda qurub. Qadın sahibkarların 31 faizi Bakıda cəmləşib. 10.1 faiz göstərici ilə Lənkəran-Astara ikinci yerdədir. Qazax-Tovuz bölgəsində isə qadın sahibkarların sayı 8.8 faiz təşkil edir".
E.Əmirovun sözlərinə görə, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün ayrı-ayrı qurumlar tərəfindən müxtəlif səpkili layihələr həyata keçirilib. Bu layihələrin böyük əksəriyyətində yer alan əsas qurum Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir. Ölkədə kiçik və orta biznesin inkişafında maraqlı olan KOBİA bir dövlət qurumu kimi qadın sahibkarların fəaliyyətinin dəstəklənməsində böyük rol oynayır: "Agentlik tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir, KOBİA yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası aktiv şəkildə təmsil olunur.
İndiyədək Bakıda və müxtəlif regionlarda sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, satış bazarlarına və maliyyə resurslarına çıxışı istqamətində KOBİA tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlərdən və dəstəklərdən istifadə etmiş sahibkarların 30 faizdən çoxunu qadınlar təşkil edib.
Bakıda və paytaxtda həyata keçirilən layihələrdən biri də hazırda davam edən, KOBİA və “Rabitəbank” ASC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Biznesdə qadınların gücü" layihəsidir.
Layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır.
Layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri təşkil ediləcəkdir.
17 oktyabrdan başlayan layihəyə müxtəlif sahələr (qida, tekstil, turizm, təhsil və digər) üzrə KOB subyekti olan qadın sahibkarlar müraciət etməkdədir. Layihədə iştirak etmək üçün daha çox bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlar maraqlıdırlar.
"Biznesdə qadınların gücü" layihəsinin mart ayına kimi davam etməsi nəzərdə tutulub".
Şöbə müdirinin sözlərinə görə, qadınların maliyyə çıxışlarına əlçatanlığının təmin olunması, tərəfdaşlığın genişləndirilməsi və digər istiqamətləri özündə əhatə edən layihələrə paralel olaraq yeni mexanizmlərin icrasına da çox ciddi ehtiyac var. Onun fikrincə, bu cür mexanizmlərin tətbiqi ilə ölkəmizin dayanıqlı inkişafında qadın sahibkarlığının rolu, KOB subyektləri arasında qadınların sayı daha da artacaqdır: "Yeni mexanizmlər daha çox ucuz kreditə əlçatanlığın təmin olunması məsələsini özündə ehtiva etməlidir. Sahibkarlara güzəştli kreditlər verən bank və ya fondlar var, amma onlar limitlədir. Həmin güzəştli kreditləri əldə etmək üçün qeyd olunan meyarlar daxilində qadın sahibkarlığı amili yoxdur. Qanunvericilikdə bu məsələ ilə bağlı müəyyən güzəştlər edilməlidir. Amma bu dəstəyin mənfi tərəfi də var. Qanunvericilikdə qadın sahibkarlarla bağlı ayrıca güzəştlərin nəzərdə tutulmasından istifadə edən kişi sahibkarlar öz bizneslərini həyat yoldaşlarının adına rəsmiləşdirməklə həmin güzəştlərdən faydalanmağa çalışacaqlar. Sui-istifadə edənlərin sayı çoxalsa, bu zaman qadın sahibkarlara maliyyə əlçatanlığının təmin olunması mexanizmi uğursuzluğa düçar olacaq".