Qorxuyla tərbiyə etmək çox uzaq dövrdə qalıb


"Müəllim bilməlidir ki, uşaq şiddət gördükcə daha da aqressiv davranışlar sərgiləməyə başlayacaq"
"Çətin tərbiyə olunan uşaqlar məktəb psixoloqu tərəfindən aşkarlanmalı, onlarla fərdi şəkildə görüşməli və mütəmadi olaraq iş aparılmalıdır"
  Sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonu 146 nömrəli tam orta məktəbin 8-ci sinfinin ingilis dili dərsində müəllimin şagirdi döydüyü barədə videogörüntülər yayılıb. Sinif yoldaşları və məktəb direktorunun sözlərinə görə, döyülən şagird dəfələrlə qeyri-etik davranışlar edib. Valideynlərinə xəbərdarlıq edilsə də, nəticə olmayıb. Bu dəfə isə müəllim Kazım Canıyev hövsələdən çıxıb. 30 il bu məktəbdə işləyən müəllim işdən azad olunub.
  Klinik-psixoloq Narınc Rüstəmova məktəblinin şiddət görməsinin psixoloji tərəflərindən danışıb.
Onun sözlərinə görə, şagirdin müəllim tərəfindən şiddətə uğraması məktəb etikası baxımından düzgün deyil: “Şiddət göstərən hər hansı müəllimdən biz bunu soruşsaq və ya hərəkətini izah etməyi tələb etsək, o özünə “Biz də məktəbli olmuşuq və müəllim bizdə də hər hansı məktəbə uyğun olmayan davranış gördükdə bizi danlayıb, hətta döyüb. O zaman nə biz nə da, valideynimiz həmin müəllimə heç nə deməyib” kimi cümlələrlə haqq qazandırmağa çalışacaq. Lakin burada kiçik bir nüans var ki, 10, yaxud 20 il öncə doğulan uşaqların psixikası ilə hazırda belə desək, “texnologiya əsrində” doğulan və böyüyən uşaqların psixikası eyni deyil. Əslində pedaqoqların özü də psixoloji və pedaqoji biliklərə dərindən yiyələnməli və daha sonra bu sahədə işləməyə başlamalıdır.
  Dünya təhsil sisteminə nəzər yetirsək görərik ki, İQ səviyyəsi ən yüksək pedaqoqlar, müəllimlər məhz Finlandiyadadır. Əhalisi 5 milyon olsa da, Finlandiya istər təhsil və təcrübə sisteminə görə, istərsə də üstün zəkalı insanların say çoxluğuna görə dünyada statistikaya görə ilk yerdədir. Hətta Finlandiyada bakalavr təhsilini tamamlayan ixtisaslı müəllim dövlət tərəfindən işlə təmin edilmir. O müəllim, magistr dərəcəsi qazanmalı və təcrübə proqramlarında iştirak etməli, həftədə 2 saat akademik olaraq özünü inkişaf etdirib daha da təkmilləşdikdən sonra məktəbdə dərs deyə bilər. Belə halda müəllim uşaqla daha asan şəkildə ünsiyyət qura və ona özgüvənli şəkildə böyüməsinin yollarını kəşf etməyi aşılaya bilər”.
Yeniyetməlik dönəmində uşaqların aqressiv və gərgin olduğunu vurğulayan psixoloqun sözlərinə görə, uşaqlar bəzən evdə də valideynlərə qarşı aqressiya nümayiş etdirirlər. Belə hallar təbii ki, məktəb dönəmində, həmyaşıdları, sinif yoldaşları və hətta müəllimləri ilə münasibətində də müşahidə edilir: “Dərsə hazırlıqsız gəlmək, dərs prosesində danışmaq, müəllimə aqressiv cavablar vermək, yoldaşlarına qarşı kobud hərəkətlər etmək və s. kimi hallar son dövrlər məktəb şagirdlərində də müşahidə edilir. Belə olduqda, yəni hörmətsizlik edildikdə müəllim də çıxılmaz vəziyyətdə qalır və bəzən səbirsiz davranıb uşağa qarşı şiddət göstərir. Nəzərə alsaq ki, o uşaqların 12-13 yaşı var, bu halda müəllimlər səbirli, təmkinli davranmağı bacarmalıdır. Çünki müəllimlərin ən müsbət keyfiyyətlərindən biri də şagirdlərə qarşı anlayışla, səbrlə davranmaqdır, onlarla emosional bağ qurmaqdır. Belə olduqda uşaq da müəllimə hörmət etməklə bərabər, həm də onu sevməyə başlayacaqdır. Əksinə, müəllimlər ana-ata obrazı ilə çıxış edərsə, bu zaman onların yeniyetmə bir uşaqla dil tapması, bağ qurması çox çətin olacaq. Çünki yeniyetmələr və onların ozamankı psixologiyası ana-atasını qəbul edə bilmir və onlarda davranışları ilə bağlı verilən məsləhətlər qıcıq hissi yaradır. Ona görə də müəllimlər elə münasibət qurmağa çalışmalıdır ki, sanki onların yaşıdı təəssüratı bağışlasın. Bəzən yaxşı olar ki, müəllim hətta dərsin 5-10 dəqiqəsini onların problemlərinə ayırsın. Çünki yeniyetmənin birinci marağı nəinki dərslə bağlı olur, həm də sosial status qazanmaqla bağlı olur. Müəllim nə qədər aqressiv və sanki ana-ata rolunda çıxış edərsə, yeniyetmə şagird də ona əks davranmağa, hərəkətlər etməyə bir o qədər meyilli olar. Artıq bu zaman anlaşılmazlıqlar meydana çıxacaq, şagird-müəllim münasibətləri pisləşməyə doğru yönələcək və müəllim şiddətə baş vuracaq. Müəllim bilməlidir ki, uşaq şiddət gördükcə daha da aqressiv davranışlar sərgiləməyə başlayacaq. Bu, məsələnin həlli yolu deyil və qorxuyla tərbiyə etmək çox uzaq dövrdə qalıb”.
  N.Rüstəmovanın sözlərinə görə, çətin tərbiyə olunan uşaqlar məktəb psixoloqu tərəfindən aşkarlanmalı, onlarla fərdi şəkildə görüşməli və mütəmadi olaraq iş aparılmalıdır. Əgər psixoloqlar bu işdə çətinlik çəkirlərsə, məktəb rəhbərliyinə bu haqda bildirməli və lazım gələrsə, başqa psixoloq həmkarları ilə vəziyyəti müzakirə etməli, məsləhətləşməlidirlər: “Bunlar da məsələnin həllində fayda vermirsə və ya fiziki cəhətdən məktəb psixoloqunun gücü həmin uşaqlara yetmirsə, zaman olaraq həmin uşaqlarla işləməyi çatdıra bilmirsə, onlar xüsusi seçilərək başqa psixoloqa yönləndirilməlidir. Bu gün aqressivlik nümayiş etdirən, müəlliminə, sinif yoldaşına qarşı uyğunsuz davranışlar sərgiləyən, şiddət görən uşaqlar gələcəyin davranış pozuntusu olan şəxsiyyəti olacaq. Biz psixoloqlar buna “sosiopat insanlar”deyirik. Yəni belə uşaqlarda zərərli vərdişlər olur, davamlı problemlər yaşayırlar, həmçinin indi aldığı şiddəti gələcəkdə həyat yoldaşına, övladına qarşı nümayiş etdirən şəxsiyyətə çevrilirlər. Şiddət görən uşaq daxilindəki aqressiyanı bu gün müəllimə cavab verərək çıxara bilmirsə, gələcəkdə bu aqressiyasını ətrafındakılardan və ya özündən daha zəif insanlardan daha şiddətli çıxaracaq. Artıq belə davranış pozuntulu şəxslər bir müddət sonra insanlara zərər verməkdən zövq alacaq vəziyyətə gələ bilirlər. Ona görə maksimum dərəcədə şiddətdən və şiddət göstərəcək davranışlar sərgiləməkdən qaçmalıyıq. Şiddət heç vaxt düzgün çıxış yolu deyil”.