"Ağıllı şəhər" layihəsinin burada da reallaşdırılması əhəmiyyətli hadisədir
Sumqayıtın "Ağıllı şəhər" konsepsiyası hazırlanacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyevanın sözlərinə görə, pilot layihə üzrə 2023-cü ilin birinci rübündə işlərə başlanılacaq.
"Ağıllı şəhər" konsepsiyasının 3 istiqamət üzrə həyata keçirilməsi planlaşdırılır. Bunlar parkinq, vayfay, ictimai nəqliyyatda bağlı müəyyən həllərdir", - deyə İ.Vəliyeva bildirib.
Konsepsiyanı dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov Sumqayıtda "Ağıllı şəhər” layihəsinin reallaşmasının ölkəmiz üçün mühüm əhəmiyyətli olacağını deyib. Onun sözlərinə görə, bu konsepsiya Sumqayıt şəhərinin idarə edilməsi ilə bağlı daha analitik strategiyanın yaradılmasına imkan verir. Bu, eyni zamanda qərarların konkret olaraq şəhərin göstəricilərinə uyğun olaraq verilməsi deməkdir: “Ağıllı şəhər”lərdə yaşayan sakinlər fərqli alətlərdən, internet üzərindən və mobil tətbiqlərdən, portallardan, onlayn platformalardan istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar. "Ağıllı şəhər”in daha bir üstünlüyü təhlükəsiz icmaların yaradılmasıdır. "Ağıllı şəhər” təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz şəhərə çevirir. Ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından "ağıllı şəhər”lərdə istifadə olunur”.
Millət vəkilinin sözlərinə görə, "Ağıllı şəhər” nəqliyyatın inkişaf etməsinə imkan verir. Dünya təcrübəsində "ağıllı şəhər”lər il ərzində təxminən nəqliyyat sektoruna yönəltdikləri investisiya həcmini 25 faiz artırırlar: "Bu həm nəqliyyatın tənzimlənməsi, həm də tıxacların aradan qaldırılması baxımından vacibdir. Eyni zamanda rəqəmsal bərabərliyin inkişaf etdirilməsi, yeni iqtisadi inkişaf üçün imkanların yaradılması, yerli və xarici investisiyaların cəlb edilməsinə şəraitin yaranması da layihənin üstünlüklərindəndir. "Ağıllı şəhər” ictimai xidmətlərdə, o cümlədən kommunal xidmətlərdə daha çox səmərəliliyin artırılmasına imkan yaradır".